Əsas səhifə 

Bu gün Türkiyə Cümhuriyyətinin Zəfər bayramıdır

Türkiyə Böyük Millət Məclisinin 29 oktyabr 1923-cü ildə qəbul etdiyi qərarla dünyaya yeni bir dövlətin – Türkiyə Cümhuriyyətinin qurulduğu elan edildi, Qazi Mustafa Kamal Paşa Atatürk dövlət başçısı seçildi

Osmanlı dövləti 4 il sürən Birinci Dünya savaşında (28 iyul 1914–11 noyabr 1918) dünya gücləri tərəfindən tamamilə işğal, pay-püş edilmiş və bu acı məğlubiyyət “Sevr” müqaviləsi ilə rəsmiləşdirilmiş, möhtəşəm bir imperiya acınacaqlı duruma düşmüşdü. 19 may 1919-cu ildə bir neçə zabit dostu ilə kiçik bir gəmidə Samsuna gələn Mustafa Kamal Paşa görüşdüyü insanlara soyuqqanlı, təmkinli və qətiyyətli şəkildə demişdi: “Gəldikləri kimi də gedəcəklər…Tək bir egemenlik var, o da milli egemenlikdir. Ölkəni, yenə ulusun öz gücü qurtaracaqdır”.

Beləliklə, Osmanlı ordusunun zabiti Mustafa Kamal bu işğalı qəbul etməyərək Milli Azadlıq Hərəkatına start verdi. Yurdun hər tərəfindən gələn xalq təmsilçiləri Mustafa Kamal Paşanın çağırışı ilə 23 aprel 1920-ci ildə Ankarada Böyük Millət Məclisinə toplandı, Məclis Başkanı seçilən Mustafa Kamalın rəhbərliyi ilə Türk Qurtuluş Savaşının başlandığı elan edildi. 1920-ci il sentyabrın 14-də ümumi səfərbərlik elan edildi.

Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da türk millətinin tam qələbəsi ilə başa çatdı. Atatürk və türk xalqı Qurtuluş savaşında möhtəşəm Zəfər qazandı. Dünya ölüm-dirim savaşına qalxan türk qəhrəmanlığı qarşısında aciz qaldığını anladı, gördü. 24 iyul 1923-cü ildə Türkiyə Böyük Millət Məclisi təmsilçiləri ilə Qərb dövlətləri təmsilçiləri arasında “Lozanna” müqaviləsi imzalandı. Türk millətinə təhqir olan “Sevr” müqaviləsi qüvvədən düşdü. Bununla, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət arasındakı sərhəd dəqiqləşdirildi. Egey dənizindəki xırda adalar bölüşdürüldü. Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıstandan Anadoluya köç etdi. Lozanna razılaşması faktiki olaraq Türkiyəni Dardanel və Bosfor boğazlarındakı haqlarından məhrum etsə də, Türkiyə bu qiymətli keçidlər üzərindəki haqlarını 1936-cı ildə imzalanmış “Montrö” sazişi ilə geri almağı bacardı. Türkiyənin indiki sərhədlərini, regiondakı statusunu müəyyən edən bu müqavilələr tarixin sonrakı mərhələlərində baş verəcək bir çox hadisə üçün də platforma rolunu oynadı. 1923-cü il oktyabrın 13-də Ankara paytaxt elan olundu. Oktyabrın 29-da isə Böyük Millət Məclisində Türkiyə Cümhuriyyətinin qurulduğu rəsmən elan edildi. 1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olundu.

Bu gün qardaş Türkiyə öz dövlətçilik ənənələrinə və prinsiplərinə sadiq qalaraq müstəqillik, demokratiya və iqtisadi yüksəliş yolu ilə inamla irəliləyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qurucusu olduğu Ədalət və İnkişaf Partiyasının 18 illik hakimiyyəti dövründə qardaş ölkə tarixinin dirçəliş və özünüdərk dövrünü yaşayıb və həmin proses bu gün də davam edir. Ötən müddət ərzində regional oyunçudan qlobal güc mərkəzinə doğru inamla irəliləyən Türkiyə dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdəndir.

Bu gün Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 90 mlrd. ABŞ dollarına yaxındır, hərbi sənayesi sürətlə inkişaf etməkdədir. Dünyanın ən qüdrətli silahlı qüvvələrindən birinə malik olan Türkiyə ordusunu özünün istehsal etdiyi silah-sursatla təmin etməyə qadir qüdrətli ölkəyə çevrilib. Siyasi-iqtisadi sahədə əldə edilən böyük uğurlar, o cümlədən demokratikləşmənin təmin edilməsi üçün aparılan islahatlar Türkiyəni müasir beynəlxalq münasibətlər sisteminin aktorlarından biri kimi tanıdıb. Türkiyə həm də bölgədə və dünyada hər kritik məsələlərdə söz sahibi olan bir dövlətdir. Təbii ki, Türkiyənin sürətli yüksəlişi dünyanın bəzi güc mərkəzləri tərəfindən qısqanclıqla qarşılanır. Türkiyənin zəifləməsini istəyən həmin mərkəzlər min cür hiyləyə əl atır, müxtəlif planlar qurur, bu ölkənin ətrafında “alov dairəsi” yaratmaq üçün əllərindən gələni edir, hətta terrorizmi fəal dəstəkləyirlər. Lakin bütün təhdidlərə baxmayaraq terrora qarşı mübarizəsini davam etdirən qardaş Türkiyə haqq savaşından, ədalət mübarizəsindən əl çəkmir, çətinliklərə mərdliklə sinə gəlir. Çünki Türkiyənin məqsədi bölgədə sabitliyin yaranması, insanların kütləvi qırğınlarının qarşısının alınması, bəzi ölkələrin maraqları naminə yurdlarından didərgin düşən günahsız insanların evlərinə dönməsi, bir sözlə, ədalətsizliyə son qoymaqdır.

Bu gün Türkiyə xalqı İstiqlaliyyət, Zəfər bayramını qeyd edir. Türklər üçün bu gün birlik, həmrəylik, qardaşlıq, sevinci, uğurları paylaşmaq bayramdır. Qardaş Türkiyə üçün əlamətdar olan bu bayram Azərbaycan xalqı üçün də əlamətdar və əzizdir. Qüdrətli türk xalqına arzumuz sabitlik, firavanlıq, daha böyük nailiyyətlər və xoş günlərdir. Cümhuriyyət bayramın, 98 yaşın mübarək olsun, Türkiyə!

Daha çox xəbərlər