Məsafədən təhsilalma formasının tətbiqi genişləndirilir
Məsafədən təhsilalma ali təhsil səviyyələrində təhsilalma formaları sırasına daxil edilir.
ARANTV.AZ xəbər verir ki, bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, ali təhsil səviyyələrində təhsilalma formaları aşağıdakılardır:
– əyani (full-time (tədrisə tam cəlb olunma), part-time(tədrisə qismən cəlb olunma));
– qiyabi;
– məsafədən;
– eksternat.
Ali təhsilin səviyyələri üzrə təhsilalma formalarının tətbiqi aşağıdakı kimidir:
– qısamüddətli ali təhsil səviyyəsində – əyani, qiyabi, məsafədən;
– bakalavriat səviyyəsində – əyani, qiyabi, məsafədən və əsas (baza ali) tibb təhsili səviyyəsində – əyani;
– magistratura səviyyəsində – əyani, məsafədən və rezidenturada – əyani;
– doktorantura (adyunktura) səviyyəsində – əyani, qiyabi;
– əlavə ali təhsil – əyani, qiyabi, məsafədən.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər.
Qeyd edək ki, məsafədən təhsil tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında məsafədən təşkil edildiyi təhsilalma formasıdır.

