Gündəm 

İllərin sınağından keçən Azərbaycan-Türkiyə qardaşlığı

İşğal altında qalmış torpaqlarımızın azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə ölkəmizin hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi. Sentyabrın 27-də başlayan Azərbaycan Ordusunun sürətli əks-hücum əməliyyatları nəticəsində ardıcıl olaraq düşmənin torpaqlarımızda qurduğu müdafiə-istehkam xətləri darmadağın edildi. Ali Baş Komandanın əmri ilə qələbə hissi ilə alışıb-yanan ordumuz qarış-qarış torpaqlarımızı işğaldan azad etdi. Cənab  İlham Əliyev və bütün Azərbaycan xalqı “Dəmir yumruq” altında birləşdi. Nəticədə xalq-ordu-iqtidar birliyi böyük zəfəri təmin etdi. Bugünsə artıq azad olunan torpaqlarımızda bərpa işləri aparılır, 30 il torpaqlarından ayrı qalan əhalinin qayıdışı üçün lazımi işlər reallaşdırılır. Müharibədən qısa vaxt keçməsinə baxmayaraq həmin ərazilərdə sürətlə aparılan bərpa quruculuq işləri artıq öz nəticəsini verir. Belə ki, ölkə başçımızın azad olunan torpaqlara hər səfərində orada görünən mənzərənin necə dəyişdiyinə hər birimiz şahidlik edirik. Son dövrlərdə Zəngilanın Ağalı kəndində qurulan “ağıllı kənd”, Füzulidə sadəcə səkkiz ayda inşa olunan Beynəlxalq Hava Limanı, Qubadlıda, Hadrutda, Suqovuşanda açılışı olan və təməli qoyulan layihələr bizə onu deməyə əsas verir ki, otuz illik işğalın 44 gündə sona çatdırılması kimi, həmin ərazilərin bərpası və yenidən qurulması da ən qısa zamanda baş tutacaqdır. Xüsusi olaraq qeyd etmək istərdim ki, qardaş Türkiyə Cümhuriyyəti müharibə dövründə olduğu kimi postmüharibə dövründə də və yenidənqurma prosesində də daima bizim yanımızda olaraq, qardaş dəstəyi nümayiş etdirir. Bütün dünya görür ki, Azərbaycan və Türkiyə birlikdədir, bir-birinə qeyd-şərtsiz dəstəkdir. Son belə qardaşlıq nümunəsi də ötən günlərdə Füzuli və Zəngilanda özünü bir daha göstərdi. İşğaldan azad olunan torpaqlardakı bu günə qədərki ən böyük layihələr olan Füzuli Beynəlxalq Hava Limanının açılışında və Zəngəzur dəhlizinin təməlinin qoyulmasında iki lider birgə iştirak etdi. Beləliklə, cənab Ərdoğan öz gərgin iş qrafikinə rəğmən bölgəyə bir günlük səfər edərək Azərbaycanın yanında olduğunu bir daha dosta-düşmənə elan etdi.

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevlə birgə strateji layihələrin açılışında və təməlqoymasında iştirak edən cənab Ərdoğan sonda təşkil olunan mətbuat konfransında, Azərbaycanın bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bölgənin inkişafı üçün fəaliyyət göstərdiyini bildirdi. Ölkə başçımız isə mətbuat konfransında qardaş ölkə Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsini xatırladaraq, həmin Bəyannamənin iki ölkə arasındakı əlaqələri müttəfiqlik səviyyəsinə qaldırdığını bildirdi. Sözügedən Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə (siyasi, iqtisadi, ideoloji, humanitar) davamlı inkişafını təmin etməklə yanaşı həm də, müttəfiqliyin geostrateji əhəmiyyətini artırdı.

 

Daha sonra ölkə başçımız 27 sentyabrda Haqq mübarizəsinə başladığımız ilk andan müharibənin son gününə kimi Türkiyənin dəstəyini yanımızda hiss etdiyimizi və cənab Ərdoğanın ilk saatlardan etibarən Azərbaycana dəstək göstərdiyini, bütün dünyaya Türkiyənin Azərbaycanın yanında olduğunu bəyan etdiyini xatırlatdı. Bu, bizə çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi. O da qeyd edildi ki, cənab Ərdoğan Azərbaycanın Zəfəri üçün çox böyük işlər görmüşdür və bu gün azad olunan torpaqlarda quruculuq dövründə, bərpa dövründə də yenə də bizimlə bərabərdir.

 

Beləliklə, həmişə bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri heç vaxt olmayıb. Bu ölkələri bir-birinin problemlərinə diqqət və qayğı, səmimiyyət, qardaşlığın, milli birliyin genetik kodları birləşdirir. Azərbaycan və Türkiyə bütün tarixi dövrlərdə bir-birinin yanında olublar. Bu gün isə artıq bu birlik və qardaşlıq iki liderin yorulmaz fəaliyyəti ilə öz zirvəsini yaşayır.

 

İlqam Əskərov,

 

YAP Pirallahı rayon təşkilatının Aparat rəhbəri

 

 

Daha çox xəbərlər