2020-ci ilin 30 oktyabrı…
Tarixi Zəfərin qələbələrlə dolu hər anı
2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
ARANTV.AZ 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.
Vətən müharibəsinin otuz dördüncü günü
Gecə ərzində döyüş əməliyyatları əsasən, cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam etmişdir. Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 ədəd PDM, 2 ədəd “Smerç” və 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd “Qvozdika” özüyeriyən haubitsası, 1 ədəd “Osa” ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilmiş və sıradan çıxarılmışdır. Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini, polkovnik Viktor Arustamyan məhv edilmişdir.
Saat 07:35-dən başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutmuşdur. Səhər saatlarında Göygöl rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşə məruz qalmışdır.
Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndlərinin, Zəngilan rayonunun Aladin, Vejnəli kəndlərinin, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərinin işğaldan tam azad edildiyini açıqlamışdır.
Saat 12 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələrinin Ağcabədi və Göygöl rayonlarını mütəmadi artilleriya atəşinə tutması nəticəsində Ağgöl və Göygöl milli parklarının ərazilərinə bir neçə dəfə raket mərmiləri düşmüşdür.

