XXI əsrin bəlası: Narkomaniya
Gəncləri zərərli vərdişlərdən qoruyaq!
Əsrin bəlası olan, “ağ ölüm” adlandırılan narkomaniya problemi bütün dünyada olduğu kimi, Azərbaycandan da yan keçməyib. Respublikamızda bununla bağlı görülən mühüm tədbirlərə baxmayaraq, problemin tam qarşısını almaq hələ də mümkün olmayıb.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün təsdiq olunmuş Dövlət Poqramı” narkomaniyaya qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyət qurmasına və zəruri işlərin görülməsinə imkan yaradan sistemə təminat verir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) narkomaniya ilə mübarizədə fəal və ardıcıl mövqeyi var. Problemin dövlət səviyyəsinə qaldırılması və ictimaiyyətin nəzarəti altında saxlanması, bu sahədə qəbul edilmiş Dövlət Proqramlarının (DP), BMT Konvensiyalarının və beynəlxalq layihələrin icrasında iştirakı buna sübutdur.
AHİK-də Dövlət Proqramından irəli gələn vəzifələrin gerçəkləşməsi ilə bağlı Fəaliyyət Planı qəbul edilib. Bu sənəddə işləyən və təhsil alan gənclər arasında problemə dair qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi xüsusi yer alıb. Fəaliyyət Planına əsasən yerlərdə, bütün səviyyəli Həmkarlar İttifaqı (Hİ) təşkilatları tərəfindən səlahiyyətləri çərçivəsində tədbirlər görülür, narkomanlığa səbəb olan amillər üzə çıxarılır, iş yerlərində əmək intizamının təşkilinə və antinarkotik təbliğatın gücləndirilməsinə (plakatlar, nəşrlər, söhbətlər, seminarlar) diqqət artırılır, gənclərin ictimai həyata, xüsusilə həmkarlar ittifaqlarının fəaliyyətinə cəlb edilməsi işləri davam etdirilir. Hİ-nin əhatəsində olan müəssisə və təşkilatlarda narkomaniya ilə mübarizədə əmək və hüquq müfəttişlərimiz, etimadlı həkimlər, müxtəlif komissiyalar fəal iştirak edirlər. Təkcə 2019-cu ildə müəssisələrdə, təhsil ocaqları və təşkilatlarda narkomaniyanın ziyanı haqqında 62 tədbir keçirilib. Bunlar “Narkotiksiz gələcək naminə”, “Biz narkomaniyaya yox deyirik!”, “Gələcəyimiz – sağlam gənclərdir” və s. başlıqlar altında maarifləndirici seminarlar, dəyirmi masa, treninq və kampaniyalardır.
Həmkarlar ittifaqlarının antinarkotik təbliğatın gücləndirilməsində rolunu əks etdirən materiallar bir qayda olaraq “Ülfət”, “İki sahil” və digər informasiya vasitələrində işıqlandırılır.
Gənclərin böyük bir qismi həmkarlar ittifaqı sıralarında birləşir. Bu da təşkilatımızın üzərinə böyük məsuliyyət qoyur. AHİK gənclər siyasətini rəhbər orqanlarının iclaslarında təsdiq olunmuş sənədlərə istinadən həyata keçirir. Bunlar «Azərbaycanda uşaq və gənclərin hüquqlarının müdafiəsi və mənəvi tələbatlarının ödənilməsi sahəsində həmkarlar ittifaqlarının fəaliyyəti və tədbirlər planı», «Gənclər siyasəti konsepsiyası», «Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasətinin həyata keçirilməsi», «Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasəti üzrə fəaliyyətinin əsas istiqamətləri» haqqında və digərləridir.
Gənclərin idman, bədən tərbiyəsi ilə məşğulluğu da əsas hədəflərimizdən biridir. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatlarının İctimai Birliyində (AHİTİB) «Məhsul», «Spartak», «Gənclik», «Qarabağ», «Zenit», «Alpinist və Turist», «Şahmat və Dama», «Atilla”, «Pəhləvan» idman təşkilatları birləşib. Bizi peşəkar idmançı yetişdirməkdən daha çox bədən tərbiyəsində kütləvilik maraqlandırır. İdmanla müntəzəm məşğul olan gənc zərərli vərdişlərə, pis əməllərə qurşanmağa həvəs göstərməz. Onu da qeyd etmək lazımdır ki, bədən tərbiyəsinə cəlb etdiyimiz gənclər arasından kifayət qədər Olimpiya, dünya və Avropa çempionatlarının, birinciliklərinin, beynəlxalq turnirlərin qalibləri çıxıb. Biz idman tədbirlərini ildən-ilə daha genişmiqyaslı, daha kütləvi, daha səmərəli formalarda keçirməyə səy göstəririk. Bundan başqa Təhsil Nazirliyi ilə birlikdə universiada və spartakiadalar keçirilir, idmanın bir neçə növü üzrə çempionatlar da təşkil olunur.
İnsanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər kəs barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyətli mübarizə aparmalıdır.
A. Yusifova,
AHİK-in zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin mütəxəssisi

