“Uşaqların məktəbə göndərilməməsi bu cür bəlalara yol açır” – Deputat
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə İmişli rayonunda qandonduran hadisə baş verib. Özü uşaq olan 11 yaşlı qız, uşaq dünyaya gətirib. Körpəyə təcavüz edənin isə öz atalığı olduğu bildirilir.
Məsələ ilə bağlı Sonxeber.az-a həmin rayonun deputatı Razi Nurullayev fikir bildirib.
O, qeyd edib ki, insanlar hər hansı bir ailədə şübhəli nə isə gördükdə mütləq şəkildə hüquq mühafizə orqanlarına müraciət etməlidirlər:
“Bu, nəinki o ailə, hətta onların qohumları, yaxınları və bütün Azərbaycan cəmiyyəti üçün bir ləkədir, böyük faciədir və qəbulolunmaz bir zorakılıq aktıdır. O məlumatı oxuyanda sanki əlim, qolum, başım dondu.
Bu, ölkəmizdə baş verən ilk belə hal deyil. Təəssüf ki, cəmiyyətin lənətlədiyi bu cür qəbuledilməz hadisələr tez-tez olur. Bu hal əslində bir tərəfdən, vətəndaşların və ya özlərinin cahilliyi, dünya görüşünün, qınağın olmamasından irəli gəlirsə, digər səbəb, bəlkə də, cəmiyyətimizin bununla bağlı doğru-dürüst yanaşma ortaya qoymaması ilə bağlıdır.
Ümumiyyətlə, ilk növbədə mən bu şeyləri görüb, bilib gizlədən ailələri qınayıram. Onlar hadisəni “ört-basdır” etmək istəyirlər, amma anlamırlar ki, bunu gizlətməklə həmin cinayətin, yaramaz hərəkətin daha da böyüməsinə rəvac vermiş olurlar. Onlar bir insanın həyatını özlərinin ad-sanından aşağı, bir insanın həyatının puç olmasını özlərinin cəmiyyət içində biabır olmasından daha üstün tuturlar. Amma sonunda həm özləri biabır olurlar, həm də o insanın həyatı, gələcəyi puç olur.
Belə halların baş verməsinə çox təəssüflənirəm. Hesab edirəm ki, bununla bağlı tam olaraq dolğun məlumat verilməlidir və bununla yanaşı aidiyyəti qurumlar özlərinin yerli əlaqələri vasitəsi ilə belə ailələri dinləməli, üzə çıxarmalıdırlar. O ailələrlə psixoloji söhbətlər aparılmalıdır ki, gələcəkdə bu tip məsələlər təkrarlanmasın.
Insanlar hər hansı bir ailədə şübhəli nə isə gördükdə mütləq şəkildə hüquq mühafizə orqanlarına müraciət etməlidirlər.
Uşaqların məktəbdən saxlanılması, xüsusən də aran yerlərində, daha çoxdur.
Bilməliyik ki, uşaqların məktəbə göndərilməməsi bu cür bəlalara yol açır. İlk növbədə, qız uşaqlarının dünyagörüşü genişlənmir, cahilliyi artır və bu cür zorakı hallara düşmək ehtimalları böyüyür. Uşaq məktəbə getsə, müəllimlərə etibar etsə, tərbiyəçisinə dərdini danşıb kömək istəyə bilər. Onun üçün də onların təhsildən qalmamalarına ciddi nəzarətin olması əsas məsələlərdəndir.
İnsanlar bu cür hallara doğru reaksiya versə, hökumətin dürüst addımları sayəsində bu cür faciələrin qarşısını ala bilərik”.

