Vətən Müharibəsi qaziləri arasında “I Zəfər Kuboku” yarışı keçirildi – FOTO
İşğaldan azad olunan Ağdam rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndiliyinin dəstəyi ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının təşkilatçılığı ilə 1 noyabr 2021-ci il tarixdə Ağdam şəhərində Vətən Müharibəsi qaziləri arasında əlil arabasında qılıncoynatma idman növü üzrə “I Zəfər Kuboku” yarışı keçirildi.
Yarışın keçirilməsində əsas məqsəd qazilərimizin və Vətən Müharibəsi iştirakçılarının idmana, paralimpiya hərəkatına dəvət edilməsidir.
Bu günkü yarış dövlət himni səsləndirilməsi və torpaqlarımızın bütövlüyü uğrunda I Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri və Vətən müharibəsində şəhid olmuş soydaşlarımızın xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən sonra start verilib.
Final görüşündən sonra qaliblər işğaldan azad olunan Ağdam rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Nübar Məlikova və vitse-prezidenti Asəf Məlikov və digər rəsmi qonaqlar tərəfindən diplom, kubok və qiymətli hədiyyələrlə təltif edilmişdir. Yarışda iştirak etməyən qazilərimiz də həvəsləndirici mükafatlarla təltif edilib. Həmçinin yarışın bədii hissəsində hərbi-vətənpərvərlik mahnıları səsləndirilib.

