Azərbaycan xalqı «İrəli» əmrini səbirlə gözləmişdi
Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Torpaqlarının iyirmi faizinin 30 ilə yaxın işğal atında olmasına, bir milyondan artıq soydaşımızın qaçqın və köçkün vəziyyətində yaşamasına baxmayaraq, Azərbaycan məqsədlərinə doğru daim inamla irəliləmiş, hədəflərə yüksək səviyyədə nail olmuşdur.
2003-cü ildən etibarən cənab İlham Əliyev əməli işi ilə hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Ali Baş Komandanın atdığı hər addım, ali kürsülərdən səsləndirdiyi hər fikir, irad, tələb məhz Azərbaycanın parlaq gələcəyinə, sürətli inkişafına xidmət edir. Artıq 18 ildir ki, Azərbaycan xalqı uğurlarımızın əldə olunmasında ümummilli lider Heydər Əliyev yolunun layiqli davamçısı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin titanik fəaliyyətinə şahidlik edir. Elə bu səbəbdəndir ki, Azərbaycan xalqı daim öz Prezidentinin yanındadır və dövlət başçısına inam yüksək səviyyədədir. Azərbaycan xalqı dövlət başçısının həm daxili, həm də xarici siyasətini dəstəkləyir. Ötən illərə nəzər salsaq görərik ki, dünyada və bölgədə baş verən çoxsaylı neqativ proseslərə, hadisələrə baxmayaraq, ölkəmiz ictimai-siyasi sabitlik şəraitində dinamik sosial-iqtisadi inkişafını davam etdirərək çoxsaylı uğurlu layihələrə imza atıb. Beynəlxalq münasibətlər sistemində Azərbaycan etibarlı tərəfdaş kimi öz nüfuzunu və potensialını artırdı. Bundan başqa, ölkəmiz hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıqda da özünü təsdiq etdi. Azərbaycan apardığı uğurlu xarici siyasətə sadiq qalaraq ikitərəfli və dostluq münasibətlərində olan ölkələrin say tərkibini genişləndirdi. Nailiyyətlərimiz göstərir ki, diplomatiyamız çevik, fəal, qarışılıqlı hörmət və maraqlar üzərində quruldu.
Xatırladaq ki, 2010-cu ildə Prezident İlham Əliyev bildirmişdir: “Azərbaycanın inkişafı həm iqtisadi, həm siyasi islahatların paralel şəkildə aparılması istiqamətində mümkün olacaq. Biz istəyirik ki, ölkəmiz dünyanın inkişaf etmiş ölkələri sırasına daxil edilsin. Əlbəttə, bunu etmək üçün ölkədə bütün işlər müasir tələblərə uyğun şəkildə aparılmalıdır”. Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, qanunun aliliyinin bərqərar olması yolunda çox əhəmiyyətli işlər görüldü. Dövlət başçısı qeyd edirdi ki, siyasi islahatların aparılması üçün güclü iqtisadi dayaqlar olmalıdır. Uğurla həyata keçirilən neft strategiyası imkan verdi ki, xarici sərmayə ölkəyə cəlb olunsun, burada əlverişli biznes mühiti yaradılsın. Ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq” kəlamları real həyatda öz təsdiqini tapdı. Azərbaycan Şərqi Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi siyasətdə işsizliyin aradan qaldırılması əsas yer tutub. 2003-cü ildə Azərbaycanda işsizliyin səviyyəsi 53 faiz olduğu halda, bu gün 5 faizə enib. İşsizliyin azalması öz növbəsində paralel olaraq yoxsulluğun azalmasına da öz təsirini göstərir. Bu rəqəmlərə Dövlət proqramlarının icrası nəticəsində nail olunub və bu gün də icrası davam edir. Ölkəmizdə yaradılan yeni sənaye müəssisələri, aqroparklar, fermer təsərrüfatları, kiçik müəssisələr insanların işlə təmin olunmasında həlledici rol oynayır. İslahatların dərinləşdirilməsi və bu prosesdə iqtisadiyyatın bütün sahələrinin əhatə olunması əsas məqsədlərdəndir. Məhz həyata keçirilən islahatların dərinləşməsi sayəsində şəffaf və daha çevik idarəetmə sistemi formalaşır. Təbii ki, bu islahatlar insanların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Prezident İlham Əliyevin siyasətində insan amili öndə dayanır. Dövlət başçısının rəhbərliyi ilə aparılan, gələcəyə hesablanmış sosial-iqtisadi siyasət sosial dövlət olaraq ölkəmizdə nəzərdə tutulmuş bütün layihələrin icra olunmasını və islahatların dövrün reallıqlarına uyğun olaraq dərinləşməsini təmin edəcək. Azərbaycanın sosial dövlət kimi nüfuz qazanmasında, yeni sosial və iqtisadi çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunmasında dövlətimizin təkmil sosial-iqtisadi islahatları, uğurlu siyasəti əsas rol oynayır.
Torpaqlarımızın 20 faizi işğaldan azad olunub. Bu ərazilərin canlandırılması və ölkə iqtisadiyyatına inteqrasiyası 10 minlərlə yeni iş yerlərinin yaradılmasını da zəruri edəcək. Regionlarda emal sənayesi müəssisələrinin yaradılması proqramı icra olunacaq ki, bu da yeni iş yerləri deməkdir. “İşsizin dostu” layihəsi həyata keçirilir. Bu da öz növbəsində işsiz, sosial vəziyyəti aşağı olan şəxslərin işlə təmin olunmasında həlledici rol oynayır.
Qeyd etdiyimiz kimi, ötən 18 il ölkəmiz və bölgəmiz üçün həlledici illər idi. Xüsusilə də son illərdə respublikanın həyatında bir çox vacib hadisələr baş verdi. Təbii ki, bunların arasında ən möhtəşəmi 30 illik həsrətə son qoyularaq düşmən tapdağı altında inləyən torpaqlarımızın yağılardan xilas edilərək ərazi bütövlüyümüzün bərpa edilməsi oldu. Vətən müharibəsində qazanılan parlaq Qələbə tarixi ədaləti bərpa etdi.
Əlbəttə ki, Qələbənin əldə edilməsini şərtləndirən amillər çoxdur. Ən əsas amil ancaq iqtisadi cəhətdən güclü olan dövlətimizin öz güclü ordusu və müasir silahları ilə cəmi 44 gün ərzində düşmənin 30 il ərzində möhkəmləndirdiyi istehkamları, tələləri asanlıqla dəf edərək Zəfər qazanmasıdır.
Bu gün igid oğullarımızın canı, qanı bahasına əldə olunan şanlı Qələbəmiz qürur mənbəyimizdir. Uğurlu hərbi taktikalarla, müasir silahlarla, peşəkar və yenilməz ordu ilə qazanılan Zəfər dünyanın müxtəlif aparıcı ölkələrinin qabaqcıl universitetlərində öyrənilir.
2020-ci ilin 27 sentyabrında Azərbaycan xalqı birlik və həmrəylik, Azərbaycan Ordusu cəsarət, qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdi. Bütün xalqımız tək yumruq olub düşmənə sarsıdıcı zərbələr vurdu, tarixi torpaqlarını işğalçılardan azad etdi. Bu tarixi missiyanı yerinə yetirən isə cənab Ali Baş Komandanın uzaqgörən, tam hədəfə, qalibiyyətə yönəlmiş siyasəti oldu.
Azərbaycanın tarixində yeni səhifə başlanır. Azərbaycanın quruculuq missiyası davam edir. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş əzəli torpaqlarımızda bundan sonra həyat canlanacaq.

