Siyasət 

Azərbaycan sülh sazişi naminə güzəştə getməyəcək – Moskva ilə müzakirələr…

Sergey Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə danışıq aparır; politoloq: “Bölgədə bütün yaranmış problemlərin həll olunması uzunmüddətli sülh müqaviləsinin imzalanması sayəsində mümkün ola bilər”

Son günlər “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq” deyə xəbərlər yayılır. 2 noyabr 2021-ci il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı nazirlər ikitərəfli münasibətlər və gündəliyinin bir sıra məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Bu telefon danışığı barədə məlumat yayıldıqdan sonra sülh sazişi mövzusunda söhbətlərin sayı daha da çoxalıb.

Azərbaycan sülh sazişi naminə güzəştə getməyəcəyini bildirir. Bu, ən müxtəlif platformalardan, tribunalardan bildirilib. Həm də bu o deməkdir ki, anklav kənd və qəsəbələrin Ermənistana qaytarılmasından söhbət gedə bilməz. Amma Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını qaytarması tələb edilir. Bu, təkcə bizim tələb deyil. Türkiyənin də şərtidir. Prezident Ərdoğan Ermənistanla sərhədləri açmaq şərtlərini açıqlayıb, bunun tək yolunun Ermənistanın Azərbaycan torpaqlarının tamamından çıxması olduğunu bildirib. Bu razılaşmaya əməl edilməsə, Ermənistanı dəmir yumruğun gözlədiyini Prezident İlham Əliyev dəfələrlə bildirib.

Bəs Rusiya necə, yeni müharibənin başlamasına razı olacaq, yoxsa Ermənistanı Azərbaycanla sülh müqaviləsinə imza atmağa vadar edəcək?

İlyas Hüseynov: “Azərbaycan yanında dost dövlətləri görmək istəyir”

 İlyas Hüseynov

Politoloq İlyas Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, son dövrlər regionda mühüm geosiyasi proseslər gedir. Bu xüsusda qurulan siyasi təmaslar da diqqət çəkir. 2 noyabrda Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub. Bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparan nazirlər eyni zamanda 3+3 formatında əməkdaşlıq platformasının inkişafının vacibliyini qeyd ediblər: “1 noyabr 2021-ci il tarixində isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olmuşdu. Tərəflər Ermənistan-Azərbaycan sərhədində gərginliyin aradan qaldırılması, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin yaradılması, regional əməkdaşlıq üçün əlverişli atmosferin yaradılması məsələlərinə dair müzakirə aparıblar. Ermənistan və Rusiyanın xarici işlər nazirləri Ermənistan və Azərbaycan arasında sərhəd insidentlərinin siyasi-diplomatik yolla nizamlanmasına yönəlmiş səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Rusiyanın fəallaşması qarşıda hansısa bir yeni sənədin imzalanmasına hazırlıq kimi də qiymətləndirilə bilər. Amma həmin sənədin sülh sazişi olacağını dəqiq söyləmək mümkün deyil”.

Politoloqun sözlərinə görə, nəzərə almaq lazımdır ki, son dövrlər Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın ildönümü ərəfəsində Rusiyanın vasitəçiliyi ilə görüşün keçirilməsi ilə bağlı çoxsaylı məlumatlar tirajlanır. Hətta 2 maddəlik sənədin imzalanacağı ilə bağlı anonslar verilir: “İstənilən halda uzunmüddətli sülh müqaviləsinin imzalanması üçün bir sıra problemlər həll olunmalıdır. Burada sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat və kommunikasiya əlaqəsinin bərpası, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması və Ermənistanın silahlı birləşmələrinin Azərbaycan ərazisini tərk etməsi çox önəmli xarakter daşıyır. Rəsmi Bakı bu tezislərin heç birindən güzəştə getməyəcəyi ilə bağlı ən müxtəlif platformalardan, tribunalardan bildirib. Eyni zamanda əgər sovet dövründə olan xəritələr əsas götürülürsə, onda anklav kənd və qəsəbələrin Azərbaycana qaytarılması da mühüm aktuallıq kəsb edir. Bunun müqabilində Ermənistana heç bir güzəştin edilməməsi də bəyan edilir. Qalib tərəf kimi bu da Azərbaycanın təbii haqqıdır. Bu, həm qardaş Türkiyənin mövqeyidir. Yalnız bundan sonra Ermənistanla Türkiyə arasında sərhədlərin açılması məsələsinə baxıla bilər. Bunun tək yolu Ermənistanın Azərbaycan torpaqlarından tamamilə çıxmasıdır. Bölgədə bütün yaranmış problemlərin həll olunması uzunmüddətli sülh müqaviləsinin imzalanması sayəsində mümkün ola bilər”.

Daha çox xəbərlər