Siyasət 

Azərbaycan işğala son qoymaqla beynəlxalq münasibətlərdə ədalət anlayışına ehtiyac duyulduğunu nümayiş etdirdi- Soltan Məmmədov

“Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə işğal altında qalmasına beynəlxalq birliyin laqeyd münasibəti məsələnin güc yolu ilə həlli variantını labüd edən əsas amillərdən biri oldu. Ötən ilin sentyabrında Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları işğala, təcavüzə son qoymaqla yanaşı, beynəlxalq münasibətlərdə ədalət anlayışına nə qədər dərin ehtiyac duyulduğunu nümayiş etdirdi”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov söylədi.

Millət vəkilinin fikrincə, müharibədən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar əməkdaşlıq, problemləri danışıqlar masası arxasında, dialoq yolu ilə çözmək üçün yeni imkanlar yaradıb.

Azərbaycanın regionun aparıcı dövləti olduğunu vurğulayan deputat hesab edir ki, kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası bölgənin bütün xalqlarının mənafelərinə xidmət edəcək: “Ermənistanın 30 il ərzində işğalı davam etdirməsi nəticəsində kifayət qədər böyük iqtisadi itkilərə məruz qaldığı şübhəsizdir. Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, məqsədyönlü strateji xətt Ermənistanın tamamilə təcrid olunmasına gətirib çıxardı. Diasporun güclü dəstəyinə baxmayaraq, Ermənistan uzunmüddətli böhranı aradan qaldıra bilmədi. Bu gün yeni şərtlər formalaşıb və bu şərtlər həm də regionda maraqları olan bütün dövlətlərin maraqlarına uyğun yeni münasibətlər konfiqurasiyasının yaradılmasını zərurətə çevirib”.

Soltan Məmmədov qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri Azərbaycan dövlətinin gücünü və imkanlarını nümayiş etdirir. İlk hava limanının açılması, yolların çəkilməsi, işğaldan azad olunmuş ərazilərin infrastrukturunun qurulması istiqamətində görülən işlər məcburi köçkünlərin ən qısa müddətdə öz torpaqlarına qayıtmasını təmin edəcək: “İndi irəliyə, gələcəyə baxmaq zamanıdır. Regionda iqtisadi əlaqələrin bərpa edilməsi yeni bir tarixi mərhələnin başlamasına imkan verəcək. Bu baxımdan, Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. Bu dəhliz Azərbaycanı Naxçıvanla əlaqələrini bərpa etməsi, Türkiyəyə çıxışı üçün imkanlar yaratmasına görə əhəmiyyətli olmaqla yanaşı, həm də Cənubi Qafqazın iqtisadi inkişafına xidmət edəcək. Zəngəzur dəhlizinin reallığa çevrilməsini təmin edən əsas amillərdən biri də bu gün dünyada gedən proseslərdir”.

Millət vəkili bildirdi ki, Azərbaycanın irəli sürdüyü sülh və əməkdaşlıq təşəbbüsləri regionun yeni nəqliyyat xəritəsini formalaşdırmağa, qarşılıqlı faydalı əməkdaşlıq formatını yaratmağa imkan verir.

S.Məmmədov hesab edir ki, Azərbaycanla Ermənistan arasında davamlı sülhün təmin olunması üçün sərhədlərin demarkasiyası və delimitasiyası istiqamətində atılacaq addımların sürətləndirilməsi vacibdir. Çünki beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi hər bir ölkənin üzərinə götürdüyü beynəlxalq öhdəlikdir.

Daha çox xəbərlər