Siyasət 

Professor İbrahim Öztek: Bu Zəfər bütün türk millətinin də Qələbəsidir

Qırx dörd günlük Vətən müharibəsi nəticəsində qazanılan tarixi Zəfər 30 illik həsrətə son qoydu. Bu Qələbə “Qarabağ Azərbaycandır!” şüarını gerçəkləşdirdi. İşğaldan azad edilən Azərbaycan torpaqları uzun illər həsrət qaldığı sahibinə qovuşdu. İndi biz tarixi Qələbəmizin birinci ildönümünü böyük sevgi və coşqu ilə qeyd edirik. Bu, Azərbaycanın olduğu qədər, bütün türk millətinin də Qələbəsidir.

ARANTV.AZ xəbər verir ki, bu sözləri AZƏRTAC-ın müxbirinə açıqlamasında Anadolu Aydınlar Ocağının rəhbəri professor İbrahim Öztek deyib.

Ermənilərin əsrlər boyu türklərə, o cümlədən azərbaycanlılara qarşı təcavüzkar, soyqırımı siyasətini davam etdirdiklərini xatırladan professor bildirib: “Bu siyasət yaxın keçmişimizdə, 1990-cı il hadisələri, Xocalı soyqırımı kimi faktlarla tarix boyu qarşımıza çıxır. Bütün bunların nəticəsində minlərlə soydaşımız vəhşicə qətlə yetirilib, tarixi Azərbaycan torpaqları işğal edilib, viran qoyulub. Son olaraq bu əzab və işgəncə daha otuz ilə yaxın davam edib. Lakin Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bütün türk milləti olaraq bu təcavüzkar siyasətə qarşı çıxdıq, haqq səsimizi dünyaya çatdırmaq üçün əlimizdən gələni əsirgəmədik. Hər platformada qarşımıza çıxan yalanlarla dolu erməni diasporu ilə var gücümüzlə mübarizə apardıq və meydanda olduğu kimi, digər sahələrdə də qalib gəldik”.

Professor deyib ki, ötən ilin yayında ermənilərin Azərbaycanın Tovuz rayonuna hücumu, sözün əsl mənasında, bardağı daşıran son damla oldu. Buna cavab olaraq əks-hücum əməliyyatına başlayan qəhrəman Azərbaycan Ordusu Vətən müharibəsində Qələbə qazandı. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan İkinci Qarabağ müharibəsində Azərbaycan əsgəri öz gücünü bütün dünyaya göstərdi. Hər zaman olduğu kimi, bu müharibədə də dünyada misli görünməmiş Türkiyə-Azərbaycan qardaşlığı özünü bir daha ən gözəl şəkildə büruzə verdi. Vətən müharibəsi tarixi Azərbaycan torpaqlarının öz sahiblərinə qaytarılması ilə yanaşı, həm də Zəngəzur dəhlizinin açılmasına şərait yaratdı.

“Bölgədə sülhün və əməkdaşlığın bərpa edilməsinə vəsilə olan Qarabağ Zəfərinin bundan sonra insanlar arasında birliyə, dirçəlişə və uğurlu əməkdaşlıqlara xidmət edəcəyinə əminəm. Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa, cansağlığı diləyirəm”, – deyə İbrahim Öztek əlavə edib.

Daha çox xəbərlər