Azərbaycan bayrağına tələbat artdı – VİDEO
Vətəndaşlar bayraq alaraq mənzillərini, avtomobillərini və masalarını bəzəyirlər. Son 1 ildir ki, kiçikdən-böyüyə hər kəsin bayraq sevgisi daha da aşıb-daşır. Bunun nəticəsidir ki, bayrağa olan tələbat da bir neçə dəfə artıb.
Kimi mənzilinin eyvanından asmağa, kimi iş masası üçün, kimi də avtomobilindən qürurla dalğalandırmaq üçün alır. Son 1 ildə bayrağa olan tələbat dəfələrlə artıb.
Satıcılar deyirlər ki, Vətən müharibəsi başlayan gündən o qədər istək olub ki, hətta insanların tələbatlarını qarşılanmaqda belə çətinlik çəkiblər.
Satıcıların sözlərinə görə, əsas tələbat ölçüsü 1-2 metr olan bayraqlaradır. Bu ölçüdə olan bayraqları eyvanlardan və avtomobillərdən asırlar. 1 metrlik bayraqlar 5, 2 metrliklər isə alıcılara 20 manata təklif olunur .
Böyük Zəfərə hazırlıq günlərində 5-10 metrlik, hətta, ölçüsü 8 metrin 16-ya olan bayraqlar da sifariş olunub.
Satıcılar deyirlər ki, ən kiçik ölçülü bayraq 15 sm-in 30 sm-ə olur. Bunun da qiyməti 1 manatdır. (xəzərxəbər)

