Hadisə 

Qubada mal-qara oğruları saxlanılıb

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan “İki sahil”ə verilən məlumata görə, vətəndaşlardan daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Emin Maxsudov və Tərlan Ağamirzəyevin qabaqcadan əlbir olaraq Quba şəhəri ərazisindən 7 baş xırdabuynuzlu və rayonun Alekseyevka kəndində yerləşən otlaq sahəsindən 2 baş iribuynuzlu heyvanı oğurladıqları müəyyən edilib.

Keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Barlı kəndi ərazisindən 1 baş iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Bəhruz Mehrivari saxlanılıb.

Bundan başqa davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu bazar ərazisindən bir ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Natiq Nuriyev saxlanılıb.

Faktlarla bağlı RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.

Daha çox xəbərlər