8 Noyabr – Qarabağ münaqişəsinə Azərbaycan Ordusunun Zəfəri ilə nida qoyulduğu gün
Noyabrın 8-də Lerikdə Zəfər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi və “Şəhidlər” abidə kompleksi önünə gül dəstələri düzərək, Ulu Öndərin və şəhidlərin xatirəsini ehtiramla anıblar.
Tədbir Heydər Əliyev Meydanında bayram şənliyi ilə davam edib.
Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev rayon sakinlərini 8 Noyabr – Zəfər Günü münasibəti ilə tədbir edərək, onlara ən xoş arzularını çatdırıb. Bildirilib ki, xalqımız Vətən müharibəsində qazandığı Qələbənin təcəssümü olan Zəfər Gününün birinci ildönümünü iftixar hissi ilə qeyd edir. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının qürur mənbəyidir.
Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə bütün dünyaya gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, mübarizlik rəmzinə çevrildi. Şanlı tariximizə daxil olan 8 Noyabr – Zəfər Günü Qarabağ münaqişəsinə Azərbaycan Ordusunun zəfəri ilə nida qoyulduğu gündür.
Tədbirdə yerli musiqiçilərin ifasında təqdim olunan vətənpərvərlik mövzusundakı mahnılar, bədii qiraətçilərin söylədiyi Zəfər bayramına, Qələbəmizə və şəhidlərə həsr olunmuş şeirlər maraqla qarşılanıb.
Bayram şənliyi axşam saatlarında atəşfəşanlıqla başa çatıb.
AZƏRTAC








