Moskvada Azərbaycanın Zəfər Günü qeyd edilib
Azərbaycan Respublikasının Moskvadakı səfirliyində Azərbaycanın 44 günlük Qarabağ müharibəsində Zəfərinin ildönümü şərəfinə ziyafət təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Türkiyə, İsrail, Pakistan və Qazaxıstanın Moskvadakı səfirləri, Rusiya ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu gecəni açaraq qeyd edib ki, noyabrın 8–i Zəfər Günü ölkəmizdə geniş miqyasda qeyd olunur. “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtı, millətimizin mədəni kodu olan azad edilmiş Şuşa şəhərində zabit və əsgərlər qarşısında çıxış edərək orduya və xalqa müraciət edib. Bu gün hər bir azərbaycanlının və xüsusən mənim hisslərimi təsvir etmək çətindir, çünki mən əslən Qarabağlıyam. Atamın evi Şuşadadır. Bütün bu 30 il ərzində Azərbaycan xalqı Qarabağa qayıtmaq xəyalı ilə yaşayıb. Zəfərin ildönümündə bu Qələbə uğrunda canlarından keçmiş şəhidlərimizi yad edirik. Onların şücaətini heç vaxt unutmayacağıq və onların xatirəsini daim qəlbimizdə saxlayacağıq. Biz bu müharibədə yaralanan və əlil olanların qayğısına qalacağıq. Bu, bizim müqəddəs borcumuzdur”, – deyə səfir bildirib.
Münaqişənin tarixindən danışan diplomat deyib: “Bütün bu illər ərzində Azərbaycan ən yüksək tribunalardan bəyan edib ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik, lakin bu, alınmasa, o zaman güc yolu qalır və xalqımız ərazilərinin itirilməsini heç vaxt qəbul etməyəcək. Bütün xalqı bir dəmir yumruq halında birləşdirməyi bacaran Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz yüksək döyüş məharəti nümayiş etdirərək uzun illər sürən münaqişəyə son qoydu. Bu münaqişənin sülh yolu ilə həlli üçün çox böyük iş görən Rusiya Prezidenti, çox hörmətli Vladimir Vladimiroviç Putinin səylərini xüsusi qeyd etmək istərdim. Mən uzun illərdir ki, Moskvada səfir işləyirəm və canlı şahidiyəm ki, Rusiya rəhbərliyi və şəxsən Vladimir Vladimiroviç Putin bu məsələni sülh yolu ilə həll etmək istəyiblər və müxtəlif həll yolları təklif ediblər. Lakin Ermənistan rəhbərliyi Rusiya Federasiyasının çağırışlarını da eşitmirdi”.
Səfir işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa işlərindən də danışıb, qısa müddətdə Füzuli şəhərində Beynəlxalq Hava Limanının tikildiyini, Şuşaya Zəfər yolunun çəkildiyini qeyd edib.
Türkiyə, İsrail və Pakistan səfirlərinə müraciət edən P.Bülbüloğlu Qarabağ məsələsində daimi dəstəyə görə bu ölkələrə xüsusi təşəkkürünü bildirib.
Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar AZƏRTAC-a müsahibəsində Azərbaycanı Zəfər bayramı münasibətilə təbrik edib: “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu Qarabağı Azərbaycana qaytardı. Qarabağın azad edilməsi türk xalqı üçün də çox mühüm hadisədir. Heydər Əliyevin dediyi kimi, “Türkiyə və Azərbaycan: bir millət iki dövlətdir”. Qarabağ müharibəsi başlayandan Türkiyə Azərbaycana tam dəstək göstərib. Mustafa Kamal Atatürkün dediyi kimi: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Bu gün Türkiyə xalqı Azərbaycanın Qələbə sevincini bölüşür. Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər münasibətilə təbrik edir, şəhid ailələrinə dərin hüznlə başsağlığı verir, qazilərə cansağlığı arzulayıram”.
İsrailin Rusiya Federasiyasındakı səfiri Aleksandr Ben-Tsvi yəhudi və Azərbaycan xalqlarının qardaş xalq olduğunu qeyd edib. “Yəhudilər Azərbaycanda yüz illərdir yaşayırlar və heç vaxt heç bir problem olmayıb, həmişə bir yerdə olublar. Biz bu ənənəni davam etdiririk”, – deyə diplomat bildirib.
Pakistanın Moskvadakı səfiri Şəfkət Əli Xan da təbriklərə qoşulub: “Azərbaycan xalqı öz iradəsi və qətiyyəti ilə ölkənin ərazi bütövlüyünü bərpa edə bildi. Azərbaycanlılar hərbi gücə əl atmadan məsələnin həllini uzun müddət və səbirlə gözləyirdilər. Lakin onlar silahdan istifadə etməyə məcbur olublar. Biz səbirsizliklə bütün region üçün sabitlik və sülh dövrünü gözləyirik. Biz Pakistanda Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi üçün yeni perspektivlər axtarırıq. Bu gün mən də azərbaycanlı bacı-qardaşlarım qədər xoşbəxtəm və bir daha Azərbaycan xalqını və Azərbaycan rəhbərliyini təbrik etmək istəyirəm”.
“Kinolestnitsa” yaradıcılıq birliyinin prodüseri Yelena Tverdoxleb də Azərbaycanı Vətən müharibəsində Böyük Zəfər münasibətilə təbrik edib. “8 Noyabr gücün və milli qürurun bayramına çevrildi. Bu gün Azərbaycan Respublikasının gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Şəxsən öz adımdan və həmkarlarım adından şəhidlərin ailələrinə başsağlığı verirəm. Onların şücaəti unudulmazdır. Azad Şuşa isə bu Qələbənin simvolu oldu. Qoy Şuşa dağlarının yamaclarında bitən əfsanəvi Xarıbülbül çiçəyi doğma torpağında böyüyüb çiçəklənsin. Azərbaycana xoşbəxtlik və firavanlıq arzu edirəm”, – deyə Y.Tverdoxleb bildirib.














