“Övladın dünyaya gəlib” dedim, amma ağır vəziyyətdə yenidən döyüşə atıldı” – Bu XTQ qəhrəmanı kimdir? (VİDEO)
Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərin əsas təxliyyə yollarının kəsişmə nöqtəsində yerləşən yerlərdən biri də məhz Edilli kəndi idi.
ARANTV.AZ xəbər verir ki, bu kənddə təhlükəsiz ərazidə yerləşən evlərdən biri ilkin tibbi məntəqə kimi fəaliyyət göstərib.
Adı çəkilən tibbi məntəqəsi barədə “Kod Adı: YAŞMA” adlı sənədli filmində XTQ-nin qazi həkimi Namiq Seyfəddinli danışıb:
“Otaqları səliqəli vəziyyətə salmışdıq. Dərman vasitələrini orada səliqəli şəkildə komplekləşdirmişdik. Ağır vəziyyətdə olanlara müdaxilə edirdik. Yaraların sarınması, təmizlənməsi və çeşidlənməsi burada gedirdi”.
N.Seyfəddinli döyüş vaxtı XTQ qəhrəmanının hekayəsindən də bəhs edib:
“Gündüz vaxtı məntəqənin qarşısında yaralılara baxırdıq. Üç nəfər XTQ üzvü bizə yaxınlaşdı. Onların içərisində Vəlizadə Anar da var idi. Yaxınlaşdı ki, həkim, kürəyimdən yaralanmışam, yarama baxarsınız. Otaqda onun kürək nahiyəsinə baxarkən dəhşətə gəldim. 3 böyük həcmli qanayan yarası vardı. Bu, adi insanın dözə biləcəyi bir ağrı deyildi. Oradan onun qəhrəmanlığına, şücaətinə heyran qaldım. Onu hospitala göndərməyi təklif etsəm də, qəbul etmədi. Təkid etdi ki, müraciətim ondan ibarətdir ki, yaram sarınsın və döyüşə qayıdım. Söhbət əsnasında məlum oldu ki, qardaşımızın qız övladı dünyaya gəlsə də, hələ görməyib. Dedim heç olmasa, buna görə qaytaraq, razılaşmadı. Sonradan öyrəndim ki, Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub”.

