Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq – Prezident İlham Əliyev
10 noyabr 2020-ci ildə imzalanan birgə Bəyanatı tarixi hadisə adlandıran dövlət başçımızın «Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi» sözləri məğlub Ermənistanın əbədi məhvinin təsdiqi idi
Azərbaycan xalqı haqqı olan tarixi günlərin sevincini həmrəyliyi, birliyi ilə yaşadı. Dəmir yumruğun ədalət rəmzi olan Zəfər Günü və Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə respublikanın bütün rayonlarında keçirilən mərasimlər 30 ildən bəri yurd həsrəti çəkən insanların doğma torpaqlarına qovuşmalarının təntənəsi, xalqımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə əbədi inam və etimadının ifadəsi idi. Zəfər Günü kimi tariximizə yazılan Şuşanın işğaldan azad edilməsi Ermənistana, işğalçını dəstəkləyənlərə heç vaxt unutmayacaqları zərbə oldu. İnsanların sevinci 2019-cu ildə Soçidə keçirilən «Valday»” Diskussiya Klubunun növbəti iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın «Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə» sərsəmləməsinə «Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi» sözləri ilə cavab verən Prezident İlham Əliyev qətiyyətinin təntənəsi idi. «Dağlıq Qarabağ xalqı”» məfhumunun mövcud olmadığını dəfələrlə bildirən, münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun bölgəyə turist səfərlərini tənqid edən, «Nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status. Gorbagor oldu status. Yoxdur status. Və olmayacaq» sözləri ilə vədini yerinə yetirən Prezident İlham Əliyev qazanılan möhtəşəm Zəfərimizlə sözünün sahibi oldu. Ermənistan isə məğlubedilmiş dövlət damğası ilə əbədi yaşamağa məhkum edildi.
İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə və postmüharibə dövründə xarici ölkələrin tanınmış KİV-lərinə müsahibələri ilə Azərbaycan xalqının nəyə qadir olduğunu göstərən, «nəyin, nə zaman, necə yerinə yetirilməsi» terminini düşünülmüş siyasəti ilə həyata keçirən Prezident İlham Əliyevin dövlətçilik təcrübəsinin, sərkərdəlik məharətinin məntiqi nəticəsi sevincini yaşadığımız Zəfər tariximizdir . Vətən müharibəsinin ilk ildönümü münasibətilə Prezident İlham Əliyevə ünvanlanan təbriklər dövlət başçımızın həmkarları arasında qazandığı böyük və ehtiramın ifadəsidir. Ali Baş Komandan kimi rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələrinin adının dünyanın ən qüdrətli orduları sırasında çəkilməsi, 30 illik əsarətə 44 gündə son qoyulması güclənən müdafiə qüdrətimizi dünyaya bəyan etdi.
Tarixi Zəfərimizin ildönümünün Şuşada qeyd edilməsi düşmənə daha ağır zərbə oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin noyabrın 8-də Şuşada hərbçilərlə görüşü xalq-iqtidar-ordu birliyinin təntənəsi, doğma yurduna qovuşan insanların Qələbə sevinci idi. «Bu gün biz Zəfər Gününü Şuşada, Cıdır düzündə qeyd edirik. Bütün Azərbaycan bu şanlı bayramı qeyd edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi. Biz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik. 44 gün ərzində Azərbaycan Ermənistanın 30 il ərzində qurduğu bütün istehkamlarını, bütün döyüş mövqelərini məhv edərək, Ermənistan ordusunu məhv edərək tarixi Zəfər çaldı. Bu şanlı bayramı xalqımıza siz və sizin kimi on minlərlə hərbçimiz bəxş etmişdir» sözləri ilk dəfə Prezident kimi andiçmə mərasimində xalqına müraciət edərək nəyin bahasına olursa-olsun, biz öz tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq vədini yerinə yetirən dövlət başçımız İlham Əliyev illərdən bəri ədalətsizliyə, ikili standartlara məruz qalan Azərbaycanın haqq, ədalət mübarizəsində qələbəsini təmin etdi. «İstər sülh yolu ilə, istər müharibə yolu ilə və belə də oldu. Uzun illər aparılan sülh danışıqları heç bir nəticə vermədi. Nəticə sıfıra bərabər oldu. Əksinə, düşmən daha da azğınlaşmış, qudurmuşdu» söyləyən Prezident İlham Əliyevin dəmir yumruğu ilə erməni faşizmi məhv edildi. Havadarlarına arxayınlaşaraq özlərini əbədi qəhrəman hesab edən erməni vandallarının sərsəm xəyallarının üzərindən əbədi xətt çəkildi. Ordumuzun texniki təchizatını gücləndirməklə, zabit və əsgərlərimizin mənəvi-psixoloji ruhunu yüksəltməklə döyüş hazırlığının gücləndirilməsini başlıca vəzifə kimi diqqətdə saxlayan Ali Baş Komandan İlham Əliyev sərkərdəlik bacarığı ilə məqsədinə nail oldu. İqtisadi müstəqilliyin siyasi müstəqilliklə birlikdə gücləndirilməsinin qələbəyə hesablanmış təcrübəsinin müəllifi kimi dünyaya inkişafın Azərbaycan modelini təqdim etdi.
«İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi. Çünki əgər biz asılı vəziyyətdə olsaydıq, hansısa başqa böyük dövlətlərdən asılı olsaydıq, heç vaxt bizə imkan verməzdilər ki, biz bu şərəfli missiyanı yerinə yetirək. Ona görə Prezident kimi ilk günlərdən iqtisadi müstəqilliyə hesablanmış bütün lazımi addımlar atıldı və qısa müddət ərzində biz buna nail olduq. Bu gün dünya miqyasında iqtisadi potensial baxımından və iqtisadi sabitlik baxımından Azərbaycan birinci sıralardadır» sözləri ilə dünya siyasətində ən qüdrətli dövlətlərlə eyni sırada addımlayan Azərbaycanı bərabərhüquqlu, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında möhkəmlənən ölkə kimi tanıdan Prezident İlham Əliyev Azərbaycan bayrağını işğaldan azad edilmiş torpaqlarda şərəflə ucaltdı. Vətən müharibəsində qazanılan Qələbə ilə Qarabağ həqiqətləri, erməni vəhşiliyi dünya ictimaiyyətinə çatdırıldı. Torpaqlarımızın işğaldan azad olunması üçün keçirilən hərbi əməliyyatlarda belə ədalətli müharibə prinsipini qoruyan Azərbaycan humanist addımları, bütün dinlərə hörmət və ehtiramı ilə də diqqəti cəlb etdi.
Vətən müharibəsindən sonra Şuşada aparılan quruculuq işləri, keçirilən «Xarıbülbül» festivalı, Vaqif Poeziya Günləri, Zəfər yolunun açılması, mədəniyyət paytaxtımızda müxtəlif sosial obyektlərin, elektrik stansiyalarının yaradılması və bərpası, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi düşmənə ən ağır zərbədir. «Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub. Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bax, budur reallıq. Bunu biz əldə etmişik. Bütün beynəlxalq təzyiqlərə rəğmən, bütün hədə-qorxulara rəğmən, xalqımız yumruq kimi birləşdi, Ordunun arxasında dayandı və biz bu tarixi, şərəfli missiyanı yerinə yetirdik» sözləri ilə milli ruhumuzun Qələbəmizin bayraqdarı olduğunu bildirən Prezident İlham Əliyevin «Qarabağ Azərbaycandır!» çağırışı «yenilməz Ermənistan ordusu»” mifini darmadağın etdi.
Xalqımızın böyük rəşadət və qürurla qeyd etdiyi Zəfər Günü ədalət, milli qürur, milli ləyaqət bayramı kimi tarixə yazıldı.
«Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir» söyləyən Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən ilin 27 sentyabrında başlanan «Dəmir yumruq» əməliyyatının məntiqi ifadəsi isə noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin birgə imzaladıqları tarixi Bəyanat idi. İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətini xalqa müraciəti ilə bildirən İlham Əliyevin «Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur» sözləri qalib Ali Baş Komandanın xalqımıza Zəfər müjdəsi idi: «Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!»

