“8 Noyabr Azərbaycan üçün dünyanın ən xoşbəxt günüdür” – deputat
8 Noyabrda Azərbaycan xalqı öz Zəfər bayramını böyük coşğu və sevinclə qeyd etdi, ona sahib çıxdı. Millət heç bir administrativ müdaxilə olmadan küçə və meydanlara axışdı, Zəfərini qeyd etdi. Bayraqlara sarıldı, yumruğunu düyünlədi, coşdu. Xalq məntiqlə, intuisiya, gerçəklə anlayır ki, QALİBDİR!
Bu 1 ildə çox təxribatlar oldu, xalqı çaşdırmaq istəyən xeyli sayda siyasi təxribatçılar cəhdlər göstərdi. Lakin azərbaycanlıların içindəki Zəfər inamı, Qələbə gerçəyi heç cür azalmadı, əksinə, artdı.
“Zəfər Yarmarkası”na toplaşan insanlar günlərlə orada böyük ekranların qarşısında 1 il öncə Ali Baş Komandan İlham Əliyevin qələbə çıxışlarını dinləyib, təkrar-təkrar coşqu yaşadı.
Bu bir daha sübut etdi ki, qələbə xəbərinin boyatı olmazmış.
Azərbaycan xalqı o qədər məğlubiyyət yaşayıb ki, qələbənin üstündən 1 il keçdikdən sonra qələbə xəbərlərini yenə də eyni coşqu və emosiya ilə qarşılayır. Əlbəttə ki, bu, alimlər tərəfindən araşdırılmalı, tədqiq edilməli bir mövzudur. Həm Vətən müharibəsi dövründə, həm də ondan sonra Azərbaycan xalqının çox möhtəşəm xüsusiyyətləri bir daha ortaya çıxdı. Xalqın özünə inamı geri qayıtdı və sübut etdi ki, an gəlincə bir yumruq kimi birləşib, düşmənə öz gücünü göstərə bilir. Eləcə də Azərbaycan gəncliyinin necə vətənpərvər ruhlu, mübariz olduğu, vətəni üçün qanından, canından keçməyi bacardığı sübut olundu.
Millət vəkili Aqil Abbas mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Aqil Abbas qeyd edib ki, 8 Noyabr Azərbaycan üçün dünyanın ən xoşbəxt günüdür:
“8 Noyabr Vətən müharibəsinin bitdiyi, qələbə qazandığımız, torpaqlarımızın azad olunduğu gündür. Bundan gözəl gün olmayıb, olmayacaq da. Dünyanın xoşbəxtiyəm ki, bu qələbəni gördüm. Hər zaman bu günün inamı ilə yaşamışdım. Bütün yazılarım ondan ibarət idi ki, xalq inamdan düşməsin, bilsin ki, bu gün olacaq.

Aqil Abbas: “100, 200 il keçəcək, amma Zəfər Günü hər zaman böyük təntənə ilə qeyd ediləcək”
Zəfər günü ilə bağlı keçirilən tədbirləri televiziya kanallarından böyük sevinclə, fərəhlə, eşqlə izləyirdim. Xalq öz bayramını çox möhtəşəm keçirdi. Əlbəttə, buna ağız büzənlər, gözdən salmağa çalışanlar da oldu və onların arasında öz içimizdən olanlar da var idi. Amma olsun, hər halda, onlar da bu torpağın övladlarıdır. Görək hara qədər gedə biləcəklər…
Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimiz, qazilərimiz öz qanları ilə bu torpağı vətənə çevirdilər, bildik ki, vətən nədir. Gün gələcək 100, 200 il keçəcək, amma 8 Noyabr tariximizdə hər zaman böyük təntənə ilə qeyd ediləcək. Prezidentimiz İlham Əliyev öz adını bu Zəfər tarixinə qızıl hərflərlə yazdırdı. 200 il idi ki, torpaqlarımızı itirə-itirə gəlirdik, lakin İlham Əliyev torpaqlarımızı bizə qaytardı. Bundan gözəl nə olar bilər?!”

Fərəc Quliyev: “Xalqımızın bu cür xüsusiyyətlərini tədqiq etmək, öyrənmək, təbliğ etmək lazımdır”
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev: “Xalqımızın xüsusiyyətlərini bilməyənlər bəzən ”bizdən xalq çıxmaz” və yaxud gənclərimiz haqqında “onlar döyüşməz, onlarda vətən sevgisi o qədər də yüksək deyil” deyə fikirlər səsləndirirdi. Amma 44 günlük Vətən müharibəsində şahidi olduq ki, gənclərimizin vətənpərvərlik ruhu çox yüksəkdir və onlar böyük cəsarətlə döyüşlərdə iştirak etdilər. Vətən müharibəsi dövründə bir dənə də olsun fərarimiz olmayıb. Yaralı əsgərlərimiz sağalan kimi dərhal yenidən döyüşlərə qoşulmağa çalışdılar. Dünya gördü ki, necə mübariz, döyüşkən xalqıq.
Vətən müharibəsindən sonra xalqın inamı özünə qayıtdı. Azadlıq meydanında ən möhtəşəm döyüş sursatlarımızı nümayiş edərək bir daha sübut etdik ki, cənab Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, “qeyri-bərabər döyüşlərə də hazırıq”. Bu, elə-belə çağırış deyil. İlham Əliyev 44 günlük müharibədə bir daha xalqına güvəndi, onu ətrafında birləşdirdi, özü də öndə oldu. Beləliklə, xalq bir yumruq kimi birləşərək düşmənə göstərdi ki, biz hər şeyə qadirik.
Hesab edirəm ki, xalqımızın bu cür xüsusiyyətlərini tədqiq etmək, öyrənmək, təbliğ etmək lazımdır ki, kimlərsə xalqın gözünü qıpıq edə bilməsin. Bəzən düşmən bilərəkdən düşüncələrimizə “zəifsən, qorxaqsan” kimi ifadələr yerləşdirmək istəyir. Bunun qarşısını almaq lazımdır. Bəzən şahidi oluruq ki, hansısa informasiya vasitələrində bunu təbliğ etmək istəyənlər var.
Beləliklə, qələbəmizi biləyimizin gücü, ağıllı siyasətimizlə almışıq. Bu, xalqımızın gücüdür!”
“Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə bildirdi ki, Azərbaycan xalqı indi tarixi günlərə şahidlik edir:
“Bir il öncə də 44 günlük müharibənin hər günü Azərbaycan xalqı bir ürək oldu, ordusu ilə, Ali Baş Komandanı ilə birləşdi və bir yumruğa çevrildi. Hər an Ali Baş Komandanın verəcəyi qələbə xəbərlərini gözləyirdik. Azərbaycan xalqı ”artıq geriyə dönüş yoxdur” deyə özünə söz vermişdi. Nə qədər şəhid versə də Azərbaycan anası da belə düşünürdü. Hamının eyni arzusu var idi – Torpaqlarımız birdəfəlik işğaldan azad olunsun! Beləliklə də xalqın iradəsi ilə dövlətin başında olanların siyasi iradəsi üst-üstə düşdü, xalq öz dövlətinə və onun başında duran Ali Baş Komandana, Prezidentinə dəstək verdi, ona inandı, güvəndi. Ona görə də xalqımız bütün acılara hazır idi və nəticədə möhtəşəm bir Zəfər əldə etdik.

Tənzilə Rüstəmxanlı: “Qarabağ Zəfəri təkcə Azərbaycanın deyil, türk dünyasının zəfəridir!”
Ötən gün 8 Noyabrda yenə də xalq bir oldu və Zəfər gününü böyük coşqu ilə keçirdi, necə ki, bir il əvvəl qeyd etmişdi. İllər keçəcək və hər dəfə bu Zəfər bayramı gələndə xalqımız yenə də həmin coşqu və həyəcanla qeyd edəcək. Qarabağı azad edən vətənpərvər gəncləridir O şəhidlərimizin ruhu şad olsun.
Hazırda Türkiyədəyəm. Çox sevindirici haldır ki, Zəfər bayramı Azərbaycanda olduğu kimi, Türkiyədə də böyük coşqu və sevinclə qeyd edildi. Hər tərəf Azərbaycan bayraqları ilə bəzədilmişdi. Elə bir sevinc var idi ki, bir millət, bir dövlət olduğumuz bir daha sübut olundu.
Bu Zəfərimizin qalıcı olması üçün işğaldan azad olunan yurd yerlərimiz yaşayış yerlərinə çevrilməli, xaraba qoyulan yerlər yenidən inşa edilməlidir. Zatən yenidən Qarabağı cənnətə çevirəcəyik və cənab Prezidentimiz də bu məsələdə qətiyyətlidir. Belə ki, Prezidentimiz ayda bir-iki dəfə Qarabağa gedir, oradan düşmənə mesajlar verir. Hazırda Qarabağda görülən işlər, çəkilən yollar, inşa edilən binalar, abadlıq işləri, qoyulan təməl daşları, açılan və açılacaq hava limanları bir daha sübut edir ki, Qarabağ Azərbaycanındır. Bir daha kimsə Qarabağa əl uzada bilməz. Azərbaycan xalqı, dövləti, milləti, Qarabağı Azərbaycan edən Müzəffər Ordusu, əsgəri buna izn verməz.
Zəfərimiz mübarək, türk millətinin gözü aydın. Qarabağ Zəfəri təkcə Azərbaycanın deyil, türk millətinin, türk dünyasının zəfəridir!”

