Azərbaycan Ordusunda yeni qurumlar yaradılır – nazir açıqladı
Azərbaycan Ordusunda “bir neçə yeni qurum – əməliyyat komando qurumları, briqadaları yaradılır”. Bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib.
AZƏRTAC-ın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri, ordu generalı Hulusi Akarla keçirilən mətbuat konfransında deyib ki, gələcəklə bağlı böyük planlar var.
Onun sözlərinə görə, komando briqadalarının çoxsaylı hərbi qulluqçuları Türkiyədə təlim keçib Azərbaycana qayıtdıqdan sonra ən mühüm birləşmələrdə xidmətlərini davam etdirirlər.
“Azərbaycan Ordusunun əksər şəxsi heyətinin hazırlığı Türkiyənin təlim-tədris mərkəzində həyata keçirilirdi. Millətimiz, dinimiz, dilimiz, mədəniyyətimiz birdir. Biz bu şansdan istifadəyə edərək Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən məharətlə bəhrələndik və bunu davam etdiririk”, – Zakir Həsənov deyib.
Z.Həsənov bildirib ki, müharibədən sonra ölkə Prezidentinin tapşırığı ilə müharibənin nəticələrini təhlil edərək yenidən Azərbaycan Ordusunda təşkilat tədbirləri həyata keçirilib.
Nazir deyib ki, hazırda Azərbaycan Ordusu Türk Silahlı Qüvvələrinin modelinə uyğun təşkil edilməkdədir.

Azərbaycan Ordusu bütün növ və bütün istiqamətlər üzrə özünü yenidən qurur və təşkilatlanır.

Üzeyir Cəfərov
Hərbi məsələlər üzrə təhlilçi Üzeyir Cəfərov BBC News Azərbaycancaya deyib ki, nazir yeni qurum dedikdə, əslində yeni dağ komando hərbi hissələrinin yaradılması haqqında danışıb.
Bəs dağ komando hərbi hissəsi nə deməkdir?
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli sualımıza cavabında dedi ki, müharibədən sonra Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyev Azərbaycan Ordusunun Türkiyə modelinə keçdiyini, hərbidə böyük islahatlar aparılacağını açıqlayıb: “Bu islahatlar uğurla davam edir. Quru qoşunları komandanlığı yaradılıb. Bu qoşunlar Azərbaycanda yox idi. Bilirsiniz ki, dəniz və hava qüvvələri var idi. Xüsusi təyinatlılar xeyli genişləndirildi. Bu təyinatlıların bazasında xeyli hərbi hissələr yaradılmaqdadır. Bu hərbi hissələrə peşəkar hərbçilər cəlb edilir, kurslar açılır. Kursları oxuyanlar qardaş Türkiyə ilə də kurslar keçirlər. Bundan sonra da ordu hissələrində xidmətə başlayırlar. Xüsusi təyinatlıların komando birliklərinin ayrı-ayrı ixtisaslaşması üzrə dağ komando birliklərinin Türkiyədə olduğu kimi formalaşdırılması nəzərdə tutulur. Bu istiqamətdə xüsusi islahatlar aparılır. Maddi texniki baza bu istiqamətə uyğunlaşdırılır. Azərbaycan Silahlı Qüvvələrinin güclü maddi texniki bazası var. Yeni qanunların hazırlanması, əmrlərin, sərəncamların verilməsi nəzərdə tutulur. Yaxın zamanlarda bu proses bütünlükdə tamamlanacaq. Qardaş Türkiyə ilə birlikdə bu işin aparılmasının çox böyük önəmi var. Türk ordusu dünyanın ən güclü orduları sırasındadır. Ən peşəkar, vətənpərvər ordulardan sayılır. Azərbaycan Ordusu da çox böyük nailiyyətlər əldə edib. Çox peşəkar ordumuz var. Vətən müharibəsindən sonra bütün dünyaya sübut etmişik ki, Azərbaycan nə qədər cəsur, peşəkar, bilikli, savadlı, döyüş ruhu yüksək olan orduya sahibdir. Qarışıqlı təcrübənin çox böyük rolu var.

Emin Həsənli: “Müharibə arxada qalsa belə unutmayaq ki…”
Zamanında ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu istiqamətində qardaş Türkiyənin təcrübəsi əsasında çox böyük yeniliklər əldə etmişik. Qardaş ölkənin qabaqcıl hərbi ali təhsil müəssislərində təhsil alan yüksək peşəkarlığa sahib hərbçilərimiz var. Eyni zamanda hərbi həkimlər yetişdirilib. Bunlar Vətən müharibəsində öz bilik və bacarıqlarını göstərdilər. Azərbaycan ali hərbi məktəblərinin çox yüksək səviyyədə qurulmasında qardaş Türkiyənin çox böyük xidmətləri var. Bu fəaliyyət sistemli, ardıcıl surətdə davam edəcək. Müharibə arxada qalsa belə unutmayaq ki, ordu hər bir dövlət üçün çox vacibdir. Azərbaycan buna hər zaman önəm verib”.
Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli yaradılan bu birləşmələrin əhəmiyyətinə toxundu: “Müasir tariximizi götürsək, Silahlı Qüvvələrimiz yarandığı gündən inkişaf mərhələləri bir neçə mərhələdə keçib. Əsas mərhələ isə təbii ki, Vətən müharibəsindən sonrakı dövrdür. İndiki inkişaf mərhələsində ölkə başçısının da dediyi kimi, Türkiyə modelinə üstünlük verilir. Artıq bunun ilkin təzahürləri özünü göstərməkdədir.

Ramil Məmmədli: “Komando birliklərimiz istənilən yerdə xüsusi təyinatlılara lazımi dəstəyi verəcək”
Türkiyə ordusunda üç qoşun birləşmələri var. Bunlardan biri silahlı qüvvələrdir. Sərhədləri qoruyur və bir növ bizim bildiyimiz sərhəd qoşunlarıdır. İkinci qoşun növü komando birlikləridir. Bu iki istiqamətə bölünür. Bizim dillə desək, motoatıcı birliklərdir, ikinci birləşmə isə dağ komando birlikləridir. Bunlar döyüş əməliyyatlarını icra edirlər. Müharibədə döyüşü aparan hərbi birləşmə isə xüsusi təyinatlı qüvvələrdir. Hərbi əməliyyatların ön sıralarında yer alırlar. Əraziləri təmizləyib komando birliklərinə təhvil verirlər. Azərbaycanda isə xüsusi təyinatlı qüvvələr və ənənəvi tanıdığımız milli ordudur. İndi tələblər dəyişib. Ordunu daha da inkişaf etdirmək, öndə müharibə aparan xüsusi təyinatlı qüvvələrin arxadan müdafiəsini təmin etmək, onların sürətli hücumlarına bu yolla dəstək vermək üçün eyni fiziki və döyüş bacarığına malik olan komando hərbi birləşmələrinin yaradılmasına start verilib. Artıq hərbi hissə yaradılıb və yaxınlarda açılışı da oldu. Birliklərimiz istənilən yerdə xüsusi təyinatlılara lazımi dəstəyi verəcək. Çağırışçılar arasından fiziki cəhətdən möhkəm, hazırlıqlı olanlar seçilib komando birliklərinə daxil ediləcək. Bu həm də zabitlərlə bağlı olan bir məsələdir”.
Qeyd edək ki, noyabrın 8-də Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında “Dağ komando kursu”nu bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularının buraxılış mərasimi keçirilib. Bundan bir gün sonra isə Azərbaycan Ordusunun yeni yaradılan komando hərbi hissəsi istifadəyə verilib.

Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığı dünyada ən çətin hərbi təlimlərə ev sahibliyi etməsi ilə tanınır. Bu baxımdan, komandolarımızın İspartada təlim görməsi peşəkarlıq səviyyəsinin hansı səviyyədə olmasını göstərir.
Türkiyənin ən xüsusi hərbi qurumlarından olan Dağ Komando Məktəbi və Təlim Mərkəzinin tarixi 1926-cı ilə təsadüf edir.
Komando qısa müddət ərzində hədəfin üzərində kəşfiyyat aparıb, mövcud vəziyyətin qiymətləndirilməsini ortaya qoyaraq bu hədəfi məhv edən, tapşırığı tamamlayan hərbi qulluqçulardır. Komandolar, təchizat göndərilməsə belə tapşırıqlarını yerinə yetirən hərbi qulluqçulardır.
Onlar istənilən vaxt və hər yerdə quruda, dənizdə və havada döyüşmək üçün təlim görürlər. Onlar həm HHQ, həm HDQ, həm də QQ əməliyyatlarında iştirak edə bilərlər. Müxtəlif ölkələrin ordularında olan komandolar, həmin ölkələrin müdafiəsində ən təsirli qüvvələrdən biri olaraq qəbul edilir.
Düşmən dərinliklərində fəaliyyət göstərən komandolar mavi beretlərdən istifadə edirlər.

