Cənub Qaz Dəhlizi Avropa üçün əsl enerji təhlükəsizliyi layihəsidir
Prezident İlham Əliyevin himayəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən «COVID-19-dan sonrakı dünya» mövzusunda növbəti Qlobal Bakı Forumunda qeyd edildiyi kimi Azərbaycan qazı ilə təchiz edilən ölkələrdə nə qaz, nə qiymət böhranı, nə də soyuqdan donma var
Paytaxtımızda keçirilən «COVID-19-dan sonrakı dünya» adlı Qlobal Bakı Forumu Azərbaycan brendi olan multikulturalizmin nümunəsi idi. Dünya siyasətində tanınmış şəxsiyyətlərin iştirak etdikləri növbəti Qlobal Forumun dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə, Azərbaycanda elan olunan «Nizami ili»nə, xalqımızın sevinclə qeyd etdiyi Zəfər Gününə təsadüf etməsi, tədbir iştirakçılarının işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada keçirdikləri görüşlərdən yaranan təəssürat mahiyyət etibarilə eynilik təşkil edir: Azərbaycan dünyada siyasi, iqtisadi, hərbi qüdrəti ilə tanınan nadir ölkələrdəndir. Tədbirdə qeyd olunduğu kimi, Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı, humanitar platformaya çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nisbətən qısa müddətdə ziyalıların, sabiq dövlət başçılarının, siyasətçilərin, jurnalistlərin, ictimai xadimlərin, vətəndaş cəmiyyəti üzvlərinin tribunasına çevrilməsi, dünya siyasətində aktuallığı ilə diqqətçəkən təxirəsalınmaz məsələlərin müzakirə olunması qurumun yaradılmasının təşəbbüskarı olan Azərbaycana marağı da artırır.
Forumda bəşəri bəla olan pandemiyaya qarşı mübarizə ilə bağlı fikirlərini bildirən, Azərbaycanda COVID- 19 la mübarizə istiqamətində görülən işləri xatırladan Prezident İlham Əliyev cari ilin yanvarın 18-dən respublikamızda regionda ilk ölkələrdən biri olaraq peyvəndləmə prosesinə başlanmasını, əhalinin 60 faizdən çoxunun iki dozanı almasını, xəstəxanaların sayının artırılmasını, ən müasir tibbi avadanlıq və preparatların ölkəmizə gətirilməsini, 2020-ci və 2021-ci illərdə dəyəri 2,9 milyard ABŞ dolları həcmində olan sosial-iqtisadi yardım paketinin tətbiqini əhalinin sosial-iqtisadi müdafiəsinin təminatına yönələn qayğı kimi diqqətə çatdırdı. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının hazırkı sədri olaraq COVID- 19-a həsr olunmuş xüsusi Zirvə görüşlərinin keçirilməsini də ölkəmizin pandemiyaya qarşı qlobal səviyyədə apardığı mübarizənin nümunəsi adlandırdı: «Biz qlobal səviyyədə «peyvənd millətçiliyi» və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdənik. Bəzi ölkələr artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırır. Digər ölkələrdə isə vaksinasiyanın səviyyəsi aşağıdır. Beləliklə, biz bərabər imkanların yaradılması üçün bu məsələni müzakirə etməliyik.»
Qoşulmama Hərəkatına sədrliyi müddətində 30-dan artıq ölkəyə maliyyə və humanitar yardımlar göstərən, bir neçə ölkəni təmənnasız peyvənd dozaları ilə təmin edən, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar maliyyə yardımı göstərən Azərbaycanın qlobal səviyyədə atdığı addımlar multikulturalizmə, humanizm prinsiplərinə sadiqlik, beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi naminə göstərilən təşəbbüslərdir.
Forumun əvvəlki iclaslarında müzakirə olunan və artıq Azərbaycanın öz gücü ilə həllini tapan «Dağlıq Qarabağ münaqişəsi» ilə bağlı münasibətini « Bu gün isə demək istəyirəm ki, münaqişə həll edilib. Azərbaycan özü münaqişəni həll etdi. Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi» söyləyən dövlət başçımız İlham Əliyev hələ də Ermənistan tərəfindən revanşist çağırışların səslənməsini bölgədə sabitliyə təhlükə adlandırdı: «Təkcə Ermənistanın hazırkı baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərində iki il əvvəl verdiyi bəyanatı qeyd etmək kifayət edər – «Qarabağ Ermənistandır və nöqtə.» Bu, əslində, danışıqların sonu idi.»
Forumda ATƏT-in Minsk qrupunun həmsədrlərinin, 27 ilə yaxın adı olub, fəaliyyəti hiss edilməyən «üçlüyün» səmərəsiz «çalışmalarını» ikili standartlardan qaynaqlanan ədalətlə ədalətsizliyə eyni yanaşma adlandırdı. Azərbaycanın sülh dialoqunun qarşılığında işğalçı tərəfin «yeni ərazilər» uğrunda yeni müharibə»yə hazırlaşmasına belə səssiz qalan Minsk qrupunun həmsədr dövlətləri separatçıların qondarma «prezidentinin» Şuşada keçirilən dırnaqarası «inauqurasiyasını», separatçıların qondarma «parlamentinin»” Xankəndidən Şuşaya köçürülməsi «təşəbbüslərini» qanuni hal kimi qarşıladılar. Təbii ki, bu təhdidlər, ədalətsizliklər 30 il torpaq həsrəti ilə yaşayan azərbaycanlıları” narahat etməyə bilməzdi. Bu cür ədalətsiz yanaşmaya Azərbaycanın cavabı Vətən müharibəsində qazandığı Zəfər oldu. «Ermənistan rəhbərliyinə təxminən 7000 qurban və 44 gün lazım gəldi ki, özünün tam acınacaqlı vəziyyətdə olduğunu başa düşsün. Noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzaladı və müharibə bitdi. Biz öz sözümüzü yerinə yetirdik» sözləri ilə ədalətin Zəfər çaldığını bildirən Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə törədilən dağıntıları erməni vəhşiliyi, barbarlığı, vandallığı adlandırdı.
Bakı Forumu iştirakçılarının işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfərləri zamanı gördükləri acınacaqlı mənzərələr, Prezident İlham Əliyevlə görüşlərində səslənən fikirlər dövlət başçımızın erməni faşizmi ilə bağlı dediklərini təsdiqlədi. Qonaqlar, eyni zamanda, qısa müdətdə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa- quruculuq işlərindən də heyrətləndiklərini etiraf etdilər, müxətlif millətlərə məxsus dini abidələrə məscidlərlə eyni qaydada qayğı göstərilməsini multikulturalizmə sadiqlik kimi dəyərləndirdilər.
Forumda Azərbaycanın təşəbbüsü ilə reallaşan və dünyanın enerji xəritəsini dəyişən qlobal layihələrdən də danışıldı.
Bildirildi ki, Cənub Qaz Dəhlizinin, Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə bəzi Avropa ölkələrinin enerji ilə təminatı yüksək dəyərləndirildi. Dünyada təbii qazın qiymətlərinin artdığı bir məqamda Avropa üçün ən etibarlı mənbə olan Azərbaycanın enerji diplomatiyasının qitə dövlətlərində maraq yaratması ölkəmizin şaxələndirmə siyasətinin bəhrəsidir. Prezident İlham Əliyevin «Cənub Qaz Dəhlizinə gəldikdə isə, söhbət nəinki marşrutların, o cümlədən mənbələrin şaxələndirilməsindən gedir. Azərbaycanın böyük qaz ehtiyatlarına söykənən təbii qazın yeni mənbəyi artıq Avropa bazarındadır» sözləri ilə onu da diqqətə çatdırdı ki, Azərbaycan qazı ilə təchiz edilən ölkələrdə nə qaz böhranı, nə qiymət böhranı və nə də soyuqdan donma var. Bu göstərir ki, Cənub Qaz Dəhlizi Avropa üçün əsl enerji təhlükəsizliyi layihəsidir» sözləri təsdiqləyir ki, dünya siyasətində rolu artan, nüfuzu güclənən Azərbaycan humanitar platforma olmaqla siyasi, iqtisadi müstəqilliyi ilə seçilən qüdrətli ölkədir.

