Prezident İlham Əliyev adını tarixə öz xalqının ən böyük arzularını reallığa çevirən Lider kimi yazdı
Dövlət başçısının «Türk Dünyasının Ali Ordeni» ilə təltif olunması 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizə cənab İlham Əliyevin beynəlxalq aləmdə və türk dünyasında nüfuzuna əsaslanır
Bir ildir dünya Azərbaycanın tarixi Zəfərindən bəhs edir. 30 ilin işğalına 44 gündə son qoyan Azərbaycan bununla bütün sahələrdə malik olduğu imkanları dünyaya təqdis etdi. Cənab İlham Əliyev Prezident seçildikdən sonra qarşıdakı dövrün prioitetlərini açıqlayarkən ərazilərimizin nə yolla olursa-olsun işğaldan azad ediləcəyini, bir qarış torpağımızın belə düşmənə verilməyəcəyini bəyan etdi. Təbii ki, bunun üçün güclənmək, istər döyüş, istərsə də informasiya cəbhəsində qalib olmaq üçün bütün imkanlara malik olmaq lazım idi.
Tarixə qısa nəzər salaq. Müstəqilliyimizin yenidən bərpasının ilk illərində ölkəyə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan şəxslərin rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə çətin günlərdə xalqımız üzünü öz xilaskarına- ulu öndər Heydər Əliyevə tutdu. 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın tarixində yeni mərhələninin əsasını qoydu. Ulu öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yeni Azərbaycan yaratdı. Ölkəmizin bütün sahələrdə davamlı inkişafı üçün möhkəm baza formalaşdı. Son 18 ildə Heydər Əliyev siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata bütün müsahibələrində, xalqa müraciətlərində bu illəri ərazi bütövlüyümüzün bərpasına hazırlıq illəri kimi xarakterizə etdi.
Əvvəldə də qeyd etdiyimiz kimi, bütün cəbhələrdə qalib olmaq üçün güclü iqtisadiyyata, güclü orduya, beynəlxalq arenada önəmli mövqeyə, müstəqil xarici siyasətə malik olmaq lazım idi. Azərbaycan bu illər ərzində buna nail oldu. Azərbaycanın beynəlxalq aləmdə təqdimatı bugünkü reallıqlarımızdır.
2003-cü ildə xalqımız Ulu Öndərin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı cənab İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqlədi. Yeni əsrin yeni lideri İlham Əliyev tarixi Zəfərimizə qədər 17 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözünün imza qədər dəyəri olan dövlətə çevirdi. Bu uğurların sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Azərbaycan son bir ildə tarixi günlər yaşadı və yaşayır. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb.
Xalqımıza Qarabağ Zəfərini bəxş edən, adını torpaqlarımızın xilaskarı kimi tarixə yazan, Azərbaycan xalqının məğrurluğunu, yenilməzliyini bir daha sübut edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “güclü dövlət” konsepsiyasına bir daha nəzər salaq. Məhz bu konsepsiyanın əsasını təşkil edən üç mühüm güc – iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu.
Tarixi Qələbəmizin birinci ildönümünü böyük bayram əhval-ruhiyyəsi ilə qeyd edirik. 30 ildən sonra torpaqlarımıza qovuşmaq, bu yerlərin havasını udmaq, gələcəyi ilə bağlı prioritetləri müəyyənləşdirmək və bu hədəflərə çatmaq üçün səylər göstərmək hər birimiz üçün qürurvericidir. Arxada qalan bir il Zəfərimizi şərtləndirən amillərin geniş təhlili, ölkə və dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması, ən əsası yeni reallıqlar fonunda perspektivlərin müəyyənləşdirilməsi ilə yadda qaldı. Dövlət başçısı İlham Əliyevin istər 44 günlük Vətən müharibəsi dövründə 30-dan artıq xarici KİV-lərə müsahibəsi, istərsə də postmünaqişə dövründə həmin mətbu orqanların əksəriyyətinə hazırkı dövrlə bağlı müsahibələri özlüyündə bir təbliğat, reallıqlara ədalət prinsipindən yanaşmağa bir çağırışdır. Azərbaycanın döyüş meydanında Qələbəsi təbii ki, diplomatik, informasiya müharibəsində Qələbəsinə əsaslandı. Münaqişənin həllində möhkəm hüquqi bazanın mövcudluğu döyüş meydanında qələbəyə geniş yol açdı. Azərbaycan dünyaya göstərdi ki, işğal altında olan torpaqlarda beynəlxalq hüquq bərpa olundu, ərazi bütövlüyümüz təmin edilib, artıq «Dağlıq Qarabağ münaqişəsi» ifadəsi yoxdur, yeni səhifənin açılmasında maraqlı olan ölkəmiz işğalçı Ermənistana təkmil sülh modelini təklif edərək regionda davamlı sülhün, təhlükəsizliyin yaradılmasında maraqlıdır.
Ötən illər onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. Prezident İlham Əliyev 17 il ərzində qüdrətli iqtisadiyyata malik Azərbaycan yaratdı. Dövlət başçısı praqmatik və çevik siyasəti, sistemli və ardıcıl yanaşması, inqilabi səciyyə daşıyan islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirib, zamanın hər bir çağırışına anında cavab verib. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib. Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisinə əsaslanan siyasət nəticəsində Azərbaycan bu illərdə böyük uğurlara imza atıb. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirildi. 2020-ci ildə TAP istifadəyə verildi. 2017-ci ildə «Yeni əsrin müqaviləsi» imzalandı. Azərbaycanın iştirakçısı və təşəbbüsçüçü olduğu layihələr dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Prezident İlham Əliyev bu və digər təşəbbüsləri ilə regionda mühüm əməkdaşlıq platforması yaradıb ki, bu da beynəlxalq ekspertlər tərəfindən bölgənin inkişafında və təhlükəsizliyində mühüm amil kimi qiymətləndirilir. Bir sözlə, Azərbaycanın diplomatik mübarizədə qələbəsində, eyni zamanda, ordumuzun döyüş meydanında göstərdiyi fədakarlıqda ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində əldə olunan uğurların böyük rolu vardır. «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisini irəli sürən Ümummilli Lider iqtisadiyyatın inkişafında neft amilinin rolunu önə çəkərək malik olduğumuz təbii resurslardan səmərəli istifadə etmək məqsədilə tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişini imzaladı. Həmin vaxtdan ötən 27 ildə ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları göz qabağındadır. Azərbaycanın iqtisadi imkanları artdı, maliyyə imkanları genişləndi. Azərbaycanın iqtisadi və siyasi mövqeyi möhkəmləndi. Dövlət başçısı İlham Əliyevin daim bəyan etdiyi kimi, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Bu Qələbəmizdə də iqtisadi müstəqilliyin rolu inkaredilməzdir.
Bu fakt inkardeilməzdir ki, müstəqilliyimizin ilk illərində erməni diasporunun apardığı yalan təbliğat nəticəsində Azərbaycan informasiya blokasına alınmış, təcrid vəziyyətinə salınmışdı. Bu gün isə Azərbaycan Ermənistanı təcrid vəziyyətinə salıb. İşğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən kənarda qalan Ermənistan iqtisadi böhran içərisində çapalayır. Müharibə bu kasıb, yoxsul ölkənin sosial-iqtisadi vəziyyətini daha da ağırlaşdırdı. Təbii ki, belə də olacaqdı. Müstəqilliyi formal xarakter daşıyan, bu günə qədər dünyanın iri dövlətlərinin maraqlarının ifadəçisinə çevrilən Ermənistan ianələr hesabına yaşayan bir ölkədir. Bu gün işğalçı dövlətdə yaşananlar xalqın dünyanın «demokratiya nümunəsi» kimi təqdim etdiyi Nikol Paşinyan hakimiyyətinin iflasa uğradığını təsdiqləyir. Ölkəsinin, xalqının bu gününü, gələcəyini düşünən dövlət rəhbəri belə sərsəm, belə yalnış düşüncələrlə yaşamaz.
Azərbaycan bütün sahələrdə inkişafdadır. Dövlət başçısı İlham Əliyevin xalqa müraciətlərində qeyd etdiyi kimi, biz döyüş meydanında, siyasi müstəvidə gücümüz göstərdik: «İndi gün gələcək müharibə dövründə ictimaiyyətə açıqlana bilinməyən bəzi məqamları yəqin ki, açıqlayacaqlar. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə deyirdilər, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi – yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir.»
Ulu öndər Heydər Əliyevin hakimiyyət qayıdışından bu günədək Azərbaycan müstəqil siyasət yürüdərək dünyanın müxtəlif ölkələri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurması onun beynəlxalq nüfuzunun artmasına güclü təkan verdi. Azərbaycan həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrini qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında quraraq bu gün sözünün imzası qədər əhəmiyyətli olduğunu nümayiş etdirir. 1993-2003-cü illərdə qurulan möhkəm təməl Azərbaycanın son 18 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə biri-birindən möhtəşəm uğurlara imza atmasına stimul oldu. Son 18 ilin ən böyük uğuru qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli, ədalətin bərpa olunmasıdır. Çox xoşbəxtik ki, artıq torpaqlarımızın azad olunmasından, üçrənğli bayrağımızın bu torpaqlarda dalğalanmasından böyük qürur hissi ilə bəhs edirik.
Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olduğunu bir daha dünyaya nümayiş etdirdi. Ordu quruculuğu sahəsində görülən işlər, atılan addımlar öz müsbət nəticəsini verdi. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yoluna üstünlük veriləcək. Təbii ki, bu əminlik ordumuzun gücünə, qüdrətinə söykənirdi. Azərbaycan Ordusunun tarix yazdığı 44 günün zəfər yürüşündən əvvəl dünya 2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan qələbələrində ordumuzun göstərdiyi şücaətdən xəbərdar idi. Məhz döyüş ruhunün yüksəkliyi, daim Ali Baş Komandanın hücum əmrinə hazır olmaq ordumuzun bugünkü qələbələrinin əsasında dayanır.
Təbii ki, qələbənin əldə edilməsində güclü iqtisadiyyatımız, müasir ordumuzla yanaşı, milli həmrəylik, xalq-iqtidar birliyi mühüm rol oynadı. Azərbaycan Prezidentinin dediyi kimi, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi. Həmçinin imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Ölkə rəhbərliyi böyük siyasi iradə və birlik göstərərək bu qüvvələrin ölkəni parçalamaq cəhdlərini, planlarını dəf etdi. Azərbaycan xalqı isə bir millət olaraq öz varlığını müdafiə etdi. Prezident İlham Əliyev qələbənin əldə edilməsində bu birliyin əhəmiyyətini xalqa müraciətlərində xüsusi vurğulayaraq bildirmişdir ki, əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi.
Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasət yalnız ölkə daxilində deyil, eyni zamanda, bütün dünyada yaşayan azərbaycanlıların sıx birliyini, həmrəyliyini təmin etdi. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları, ayrı-ayrı soydaşlarımız Azərbaycan dövləti ətrafında bir yumruq kimi birləşərək möhtəşəm Qələbənin əldə olunmasına öz töhfələrini verdilər. Ordumuzun hər bir qələbə xəbəri dünyanın müxtəlif ölkələrində yürüşlərin keçirilməsi ilə qeyd olundu. Azərbaycan diaspor təşkilatları həqiqətlərimizin təbliğində, erməni təxribatlarının dünya ictimaiyyətinə çatdırılmasında fəallıq nümayiş etdirdilər. Bir daha dünyaya çatdırıldı ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmə xalqdır.
Bütün qeyd edilənlərlə yanaşı, Azərbaycanın bu gün dünyanın hər yerində qeyd edilən möhtəşəm Qələbəsinin əsasında məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin rolu xüsusi diqqətə çatdırılmalıdır. Məhz onun yüksək intellekti, Vətənimizə böyük uğurlar qazandıran dövlətçilik və idarəçilik məharəti, həmçinin son hadisələrin də təsdiq etdiyi kimi, ən müasir tələblərə cavab verən sərkərdəlik məharəti bu Qələbənin əldə olunmasında mühüm rol oynadı. Dövlət başçısı 30-dan çox xarici kütləvi informasiya vasitəsi nümayəndələrinin suallarını cavablandırdı, hətta bəzilərinin təxribat xarakterli sorğularını özünəməxsus məharətlə onların özlərinə qarşı suala çevirdi, bir çox hallarda güzgüyə baxmalarını tövsiyə etdi. Bu müsahibələr yalnız həmin ölkələrin deyil, bütün dünyanın diqqətini məhz dövlət başçısının verdiyi məntiqli, mətanətli cavabları ilə özünə cəlb etmişdi.
Cənab İlham Əliyev bir çox təxribatçı sualları cavablandırarkən həmin jurnalistlərə onların ölkəsinin tarixini, həmin ölkələrdə həyata keçirilən daxili siyasəti hətta onların özündən yaxşı bildiyini də göstərdi. Dövlət başçısının bu müsahibələri həm də Azərbaycanı yaxından tanımayanlarda ölkəmiz haqda obyektiv fikir formalaşdırdı, onların ölkəmizə münasibətini köklü şəkildə dəyişdi.
Dövlətimizin başçısının nüfuzlu xarici media orqanlarına verdiyi hər bir müsahibə yalnız bu gün üçün deyil, gələcəkdə istinad ediləcək bir mənbə rolunu oynayacağı şəksizdir. İnanırıq ki, 2020-ci ilin 44 günündə yaşananlar Qələbəmizi sevinc hissi ilə qələmə almaq istəyənlərə nüfuzlu və mötəbər mənbə rolunu oynayacaq. Beynəlxalq ictimaiyyət tərəfindən bu çıxışlar hələ çox izləniləcək, dostlarımıza fəxarət, düşmənlərimizə layiqli dərs olacaq. Dövlətimizin başçısı 10 noyabr Qələbə müjdəsini xalqımıza çatdırarkən bildirmişdir: “Bu müharibə dövründə 30-a yaxın müsahibə vermişəm. Ömrümdə bəlkə də bu qədər müsahibə verməmişəm və bəziləri deyirlər ki, İlham Əliyev nə üçün müsahibə vermir. Hesab edirdim ki, mən öz mövqeyimi ifadə etmək üçün kifayət qədər imkanlara malikəm, tez-tez bütün məsələlərlə bağlı öz fikirlərimi bildirirəm. Mənim bütün fəaliyyətim şəffafdır, keçirdiyim bütün iclaslar ictimaiyyətə təqdim edilir. Lüzum bilmirdim onda. Amma lazım olan vaxtda 30-a yaxın müsahibə vermişəm və o müsahiblərdə demişəm ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, biz beynəlxalq hüququ müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik. Demişdim ki, bizim bütün addımlarımız beynəlxalq hüququn norma və prinsipləri əsasında, əxlaq əsasında görülüb və bütün addımlarımız bu istiqamətdə atılıb. İntiqamımızı düşməndən aldıq, işğalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq. Düşmənin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq. Bax, bizim fərqimiz bundan ibarətdir.»
Qeyd etdiklərimiz dövlət başçısı İlham Əliyevin 44 gündə göstərdiyi qətiyyətin uğurlarıdır. Bu möhtəşəm Qələbə qarşıdakı dövrün aydın mənzərəsini yaradır. Soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, yeni həyat başlayacaq, Azərbaycan inkişaf modeli ilə dünyanı heyrətləndirəcək. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik Lider, qalib Sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Prezident İlham Əliyev Azərbaycan xalqını yumruq kimi vahid ideya, amal ətrafında birləşdirən, xalq-iqtidar birliyinə nail olan, öz xalqının ən böyük arzularını reallığa çevirən Lider kimi tarixə düşdü.
Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyevin «Türk Dünyasının Ali Ordeni» ilə təltif edilməsi də 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizə əsaslanır. Prezident İlham Əliyev türk dünyasında uzaqgörən, məqsədyönlü, prinsipial lider kimi şöhrət qazanıb. Azərbaycanın Türk Şurasına sədrliyi ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf edib. Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsi türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bu ali mükafat Prezidentin böyük şəxsiyyətinə, türk dünyasında Liderliyinə, beynəlxalq miqyasda və türk dünyasında yüksək nüfuzuna, tarixi Qələbəmizin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli qiymətdir.

