Şəhid ailələrindən olan gənc qadınların işlə təmin edilməsinə dəstək layihəsinə qeydiyyat başlayıb
“Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə Vətən müharibəsindəki şanlı Zəfərimizin bir illiyinə həsr olunan “Dəyər” şəhid ailələrindən olan gənc qadınların işlə təmin olunmasına dəstək layihəsi həyata keçirilir.
İctimai Birlikdən “İki sahil”ə verilən məlumata görə, layihənin icrasında əsas məqsəd İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrindən olan gənc qadınların işlə təmin olunması üçün imkan yaratmaq və onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqla yanaşı, gənclər arasında milli-mənəvi dəyərlərə hörmət və sevgini təbliğ etməkdir.
Layihə çərçivəsində müraciət edən qadınların seçdiyi sahə üzrə bilik və bacarıqlarının artırılması, onlara peşəkar təlim və masterklasların keçirilməsi, müxtəlif şirkət və qurumlarda mövcud olan təcrübə proqramlarına cəlb edilməsi, layihəni uğurla tamamlayan qadınların işlə təmin olunmasına imkan yaradılması və bu prosesdə iştirakçılara mentor dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu istiqamətdə müxtəlif özəl şirkət və qurumlarla tərəfdaşlıqlar qurulmaqdadır.
Layihəyə tərəfdaş olmaq istəyən şirkət və qurumlar https://forms.gle/ZjH3vJ32uX4Xscfe7 linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Layihəyə müraciət etmək istəyən şəhid ailəsi üzvləri isə aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/QWWV32LzQ9kaeSHB7. Qeyd edək ki, layihəyə müraciət üçün son tarix 30 noyabrdır.

