Türk Dünyasının Ali Ordeni xalqımıza verilən yüksək dəyərdir
“Azadlıq Hərakatçıları” İctimai Birliyinin üzvləri adından, birliyin sədri Təhmasib Novruzov Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrikdə qeyd edilir:
Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə!
Çox hörmətli cənab Prezident!
Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının toplantısında Türk Dünyasının Ali Ordeni ilə təltif olunmağınız qəlbimizi iftixar hissi ilə doldurdu. Yüz illərdən sonra yenidən türkdilli xalqların bir araya gəlməsi, türkün tarixi şöhrətinin özünə qaytarılması yolunda Ulu Öndər Heydər Əliyevin başladığı siyasi kursun möhtəşəm davamı olan vahid türk məkanı uğrunda müdrikliklə gördüyünüz işlərin bütün türk xalqları tərəfindən bəyənilməsinin və təqdir edilməsinin bariz nümunəsi olaraq müasir dünyamızın yenilməz siyasi və dövlət xadimi, bütün dünya azərbaycanlılarının əvəzolunmaz lideri olan Zati-Alinizə verilən bu yüksək qiymət bütövlükdə xalqımıza verilən yüksək dəyər kimi qəbul edilməlidir.
Yüz illər boyu məşəqqətlər içində yaşamağa məcbur edilmiş bir xalqı tarix üçün çox kiçik zaman içərisində bu qədər yüksəltməklə Siz təkcə bugünkü vətəndaşların deyil, gələcək nəsillərin də əbədi lideri olaraq seviləcəksiniz. Nə xoş bizlərə ki, Zati-Alinizlə eyni dövrdə yaşamaq kimi tarixi xoşbəxtlik bizlərə də nəsib olub!
Zati-Aliləri, hörmətli cənab Prezident!
Haqlı olaraq bu yüksək mükafata layiq görülməyiniz, xalqımıza yeni möhtəşəm qürur bəxş etməyiniz münasibətilə Sizi və bütün xalqımızı təbrik etməkdən qürur duyur, Sizə Böyük Türk Birliyi və qüdrətli Azərbaycan naminə fəaliyyətinizdə uğurlar diləyirik!

