Deputat: Türk dövlətlərinin bir ideya ətrafında birləşməsində ümummilli lider Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) əsası 2009-cu ilin oktyabrında Naxçıvanda keçirilən Zirvə Görüşündə imzalanmış sazişlə qoyulub. Türk dövlətlərinin belə bir təşkilatı yaratması ideyası ortaya qoyulanda bəzi dairələr ciddi qəbul etmirdi və bu təşkilatın formal xarakter alacağını düşünürdülər.
Türk Şurasının fəaliyyətinin 11 illik dönəminə nəzər yetirdikdə görürük ki, bu dövr ərzində təşkilat daha da təkmilləşərək beynəlxalq siyasətdə özünə məxsus yer tuta bildi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası fəaliyyətinin əsas prinsipləri və məqsədlərinə ölkələrimiz arasında iqtisadi, siyasi, nəqliyyat, humanitar, turizm sahələrini önə çəkərək inkişafa meyilləndi. Bununla bərabər informasiya və kommunikasiya texnologiyalarını, həmçinin digər sahələrdə əməkdaşlığını inkişaf etdirərək bu yolda uğurla irəliləyib.
ARANTV.AZ xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin ən parlaq və məhsuldar dövrü Azərbaycanın bu təşkilata sədrlik etdiyi dövrdür. “Yəni, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bu dövrdə daha da inikas edib, sıralarını böyüdüb, beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirib və dünyada əsl türk birliyi nümayiş etdirib. Azərbaycanın şuraya sədrlik etdiyi dövrdə həm də dünyada pandemiya ilə bağlı yeni reallıq formalaşmışdı. Ölkələrarası əlaqələrdə canlı təmas minimuma enmiş, dövlət başçıları arasında əyani görüşlərin keçirilməsi dayandırılmışdı. Amma Prezident İlham Əliyevin təşəbbüsü ilə dünyada ilk dəfə beynəlxalq təşkilatların görüşlərini videoformatda keçirilməsi praktikası ortaya qoyuldu. Beləliklə də TDƏŞ-ın videoformatda görüşləri keçirilməyə başladı. Azərbaycan Şuraya sədrlik etdiyi dövrdə pandemiyaya qarşı mübarizə tədbirlərinin türk dünyasında daha effektiv keçirilməsi üçün təkliflərlə çıxış edib. Həmçinin ehtiyacı olan türk dövlətlərinə vaksin yardımları edərək qardaş əlini uzadıb. Bu kimi önəmli və siyasi xidmətləri, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Azərbaycanın rəhbərlik etdiyi dövrdə bu təşkilatın fəaliyyətinin uğurla təşkilinə görə Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif olundu”.
Azər Badamov qeyd edib ki, Azərbaycan hər zaman türk dünyasının birləşməsinin əhəmiyyətli olduğunu və Zəngəzur dəhlizinin bərpası ilə türk dünyasının fiziki sərhədlərlə birləşəcəyini qeyd edirdi. 44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə türk dünyasının bu fiziki birliyinə yol açmış oldu. Yəni, bu gün gündəmdə olan Zəngəzur dəhlizinin açılması ilə Asiya ölkələrinin Türkiyə ilə başqa dövlətlərin ərazilərinə daxil olmadan birbaşa bağlantı yaranacaq.
“Vətən müharibəsinin ilk günündən Türkiyənin Azərbaycanın yanında olduğunu bəyan etməsi dünyada yeni bir türk gücünün meydana gəlməsindən xəbər verirdi. Bu gün Türk dünyasının lider ölkəsi kimi Türkiyə bu əməkdaşlığın daha da möhkəmlənməsinə və gələcəyə olan planların reallaşmasına öz töhfəsini verməkdədir. İstanbulda keçirilən görüşdə təşkilatın adının dəyişilərək Türk Dövlətləri Təşkilatı adlandırılması dünya siyasətinə yeni bir ruh və baxış gətirəcək. Artıq Türk Dövlətləri Təşkilatının böyük bir gücə çevrildiyini bütün dünya görür. Məhz türk dövlətləri bir nöqtəyə vurduğuna görə İslam dünyasına qarşı olan ədalətsizliklə mübarizə də səmərəli olacaq.
Bu gün beynəlxalq təşkilatlar arasında yeni bir təşkilat – Türk Dövlətləri Təşkilatı öz yerini təsdiq edib. Düşünürəm ki, gələcəkdə bu təşkilata yeni üzvlər də daxil olacaq. Çünki, beynəlxalq siyasətdə hansı təşkilat qarşısına qoyduğu məsələləri həll edirsə, onun nüfuzu artır. Məsələn, dünyanın ən böyük təşkilatı olan BMT öz fəaliyyətini müəyyən dairələrin maraqlarına uyğun qurduğunu və qəbul etdiyi qətnamələrin ədalətli şəkildə icra etdirmək iqtidarında olmadığını nümayiş etdirdi. Amma Türk Dövlətləri Təşkilatındakı birlik və əsasən Türkiyə-Azərbaycan qardaşlığı BMT-nin 28 ildə icra edə bilmədiyi 4 qətnaməni yerinə yetirməklə nüfuzunu artırmış oldu. Həm də Türk Dövlətləri Təşkilatının yaranması və möhkəmlənməsi tarixin və bu günün tələbi idi. Dünya birqütblü olmamalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, dünya 5-dən ibarət deyil. Bu gün sıralarını genişləndirən və gücləndirən Türk Dövlətləri Təşkilatı dünyada sözünü deyən təşkilatlardan birinə çevrilməkdədir.

