Ermənilər “İnək bağı”nı satdılar: ərəblər qeyzlənib
Erməni Qriqori Kilsəsinin Yerusəlim (Qüds) patriarxlığında böyük qalmaqaldır. Səbəb patriarx Nurxan Manukyanın alverlə məşğul olmasıdır.
Belə ki, N.Manukyan şəhərdəki erməni məhəlləsindəki ərazini otel tikintisi üçün icarəyə verib. Olaydan xəbər tutan ermənilər qeyzləniblər və anlaşmanın dayandırılmasını tələb ediblər.
Hər şey yayda başlansa da, Qüdsdəki erməni Müqəddəs Yakov Qardaşlığı kilsəsinin mənsubları hadisədən indi xəbər tutublar. Sən demə, patriarx Nurxan Manukyan, kilsənin keşikçisi Sevan Qaribyan və kilsənin daşınmaz əmlakının mühafizi arxierey Paret Yeresyan patriarxlığa mənsub torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsini nəzərdə tutan müqavilə imzalayıblar.
Ərazi Avstraliya və İsrail vətəndaşı Deniel Rubinşteynə məxsus, mərkəzi ofisi Sidney şəhərindəki “Aurora Care” şirkətinə satılıb.
D.Rubinşteyn həmin ərazidə şəhərdə ilk və tək 7 ulduzlu otel inşa etmək niyyətindədir.
Ermənilərsə bəyan edirlər ki, Müqəddəs Yakov kilsəsinin lap yanında otelin tikilməsi yolverilməzdir.
Davanın səbəbi Qüdsdəki erməni məhəlləsinin cənub-qərbində yerləşən, ermənilərin “Koverun partez” (“İnək bağı”) dedikləri ərazidir. Sion dağında, tarixi Yavva darvazasından üç dəqiqəlik məsafədə yerləşən həmin ərazi 14-cü əsrdən bəri ermənilərə məxsusdur.

Hazırda həmin ərazidə Qüdsün ən böyük avtomobil dayanacaqlarından biri yerləşir. Daha doğrusu, 6624 kvadrat metrlik ərazidə 180 avtomobillik dayanacaq var.
Qüdsün köhnə, qala divarlarından içəridəki məkanlarında 1 kvadrat metrin satış qiymətinin 6 min dollara çatdığını nəzərə alsaq, otel inşası üçün icarəyə verilmiş avtomobil dayanacağının dəyəri 33 milyon dollara çata bilər.
Məhz bu səbəbdən ermənilər “Koverun partez”ə görə təlaşa düşüblər.
Ermənilərin ərazin Rubinşteynə satmaları fələstinliləri də sinirləndirib. Fələstin Muxtariyyətinin Prezident Administrasiyasının nəzdindəki Kilsələr Komitəsinin sədri Rəmzi Huri əvvəlcə bütün ermənilərin katolikosu 2-ci Qareginə, sonra Erməni Apostol Kilsəsinin Qüds yeparxiyasının rəhbəri Nurxan Manukyana məktub yollayaraq anlaşmanı ləğv etməyə çağırıb.
İş ondadır ki, Qüdsdəki erməni məhəlləsinin fələstinlilər öz əraziləri sayırlar.
Şəhərin yəhudi və ərəb bölmələrinin sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı mübahisə də məhz erməni məhəlləsi ilə bağlıdır: tərəflərdən hər biri məkanı öz tarixi ərazirsi hesab edir.

Məhz bu məsələ hələ Kkmp-Devid danışıqları zamanı Fələstin Azadlıq Təşkilatının lideri Yasər Ərəfatla İsrailin baş naziri Ehud Barak arasında kəskin mübahisələrə səbəb olmuşdu. Danışıqlar prosesində ərəblər qətiyyətlə bildirmişdilər ki, Qüdsdəki erməni məhəlləsi ərəb torpaqlarıdır.
Bu səbəbdən ermənilərin həmin ərazini satmaları ərəblərdə qıcıq doğurursa, Qüds şəhər meriyası tərəfindən normal qarşılanıb. Səbəb sadədir: ermənilərin “qədim erməni torpağı” dedikləri yer əslində şəhər ərazisidir və heç bir halda ermənilərin “əzəli mülkiyyəti” sayıla bilməz.

