4 gün mühasirədə qaldı, döyüş yoldaşı adını sayıqladı… – Şəhid Rövşən Əliyev/FOTOLAR
44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri də şəhid Əliyev Rövşən İsrafil oğludur.
ARANTV.AZ xəbər verir ki, Rövşən 1999-cu il fevralın 3-də Şəmkir rayonunun Düyərli kəndində doğulub. Evin sonbeşiyi olan Rövşən Əliyev ailənin 3-cü övladıdır. O, orta məkəbi bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda hərbi xidmətdə olub.
Hərbi xidmətdən gəldikdən 1 il sonra döyüşlərə çağırılan Rövşən Füzuli, Hadrut, Zəngilan və Qubadlı uğrunda döyüşlərdə fəal iştirak edib.
Şəhidin atası İsrafil Əliyev Ölkə.Az-a açıqlamasında deyib ki, o, Qubadlıda son döyüşü zamanı 4 saat mühasirədə vuruşub və onlarla erməni hərbçisini öldürüb:
“Qubadlını ala-ala gediblər, Şuşaya 2 kənd qalmış meşəyə keçiblər. Bu zaman mühasirəyə düşüblər. Rövşən döyüş vaxtı onlarla erməni hərbçisini öldürüb. Həmin vaxt mühasirədə olanlardan cəmisi 2-si sağ qalıb. Rövşənin çiynində döyüş meydanından çıxardığı yoldaşı əməliyyatdan sonra ilk onun adını çağırıb.
O mənimlə az danışırdı. Sonuncu dəfə oktyabrın 25-də danışmışdıq. Dedi ki, burada dalğa tutmur, bir neçə gün danışa bilməyəcəyik. Sonra da şəhid xəbəri gəldi”.
Uşaq vaxtlarından sərbəst güləşlə məşğul olan Rövşən dəfələrlə qalibiyyət qazanıb. Onun çox sayda medalları var.
Anası Sevinc Əliyeva Ölkə.Az-a açıqlamasında söyləyib ki, Rövşən səmimi, mehriban, ürəyiaçıq, dost yolunda özünü fəda etməyə hazır igidlərdən olub.
Hərbi xidmət dövründə nümunəvi əsgərlərdən olan Rövşənə dəfələrlə fəxri fərman və təşəkkürnamələr verilib.
Şəhid anası deyir ki, oğlu döyüşlərdə iştirak etdiyini anasından gizlədib:
“Söhbət edəndə deyirdim ki, müharibə olsa, səni qoymayaram gedəsən. Deyirdi, ana, nə danışırsan, mən hər kəsdən irəlidə gedəcəyəm. Çağırış vərəqəsi sentyabrın 21-də gəlmişdi. Tez durdu qol çəkdi, 1 saat ərzidə hazırlaşdı. Dedim, getmə. Dedi yox, mənə qorxaq deyərlər, kəndin içərisində gəzə bilmərəm. Çıxanda da bacısına dedi ki, anamı ağlamağa qoyma. Arxasınca qapıdan baxmağa da icazə vermədi. Onu əvvəlcə Gəncəyə, sonra Daşkəsənə aparmışdılar. Daşkəsəndə olanda yanına getmişdik.

Bir dəfə səhər-səhər zəng elədi, dedi ki, ay mama, bizi Füzuliyə gətirdilər. Ondan sonra bir də harada olması ilə bağlı məlumat vermədi. Zəng edəndə, deyirdi, buralardayıq. Bir dəfə zəng edəndə atışma səsi eşitdim. Dedim, deyəsən, siz vuruşursunuz. Dedi, ana, biz təlimdəyik.
Yeni getdiyi vaxtlarda hər gün danışırdıq. Deyirdi ki, narahat olmayın, mən yaxşıyam, özünüzdən muğayat olun, ağlamayın, sağ-salamat qayıdıb gələcəyəm. Atasına deyibmiş ki, məni gözləməyin, 99% buradan qayıda bilməyəcəyəm”.
Rövşən Əliyev sonuncu dəfə 7 noyabrda qatıldığı Qubadlı uğrunda döyüşlərdə şəhid olub. O, 2020-ci ilin noyabrın 9-da Düyərli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Doğulub boya-başa şatdığı Düyərli kəndində küçələrdən birinə şəhidin adı verilib.
R.Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

