“Xatırlatma” dozasına niyə ehtiyac duyuruq? “Üçüncü doza ona görə vacibdir ki..”
Üçüncü doza virusla savaşan anticisimləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir
COVID–19 infeksiyası əleyhinə peyvəndləmə prosesinin aparılması vacib profilaktik prosesdir. Vaksinlənmə nəticəsində orqanizmdə formalaşmış immunitet infeksiyaya yoluxma ehtimalını azaldır və ya xəstələndikdə infeksiyanın yüngül keçməsini təmin edir. Bu baxımdan virusdan qorunmada effektiv nəticə əldə etmək üçün vaksindən başqa alternativ yoxdur.
Alimlər sübut ediblər ki, koronavirus əleyhinə vaksindən sonra yaranan immunitet–antitel göstəricisi 4-6 ay ərzində zəifləyib itir. Unutmaq olmaz ki, “Delta” ştammı sürətlə yayılır. Bu ştamm vaksin baryerini aşır və antiteli zəifləmiş immunitet asanlıqla virusa yoluxur.
İsrail alimlərinin tədqiqatlarına görə, bu ölkədə “Delta” ştammının yayılmasının və yoluxmanın artmasının səbəbi 2020-ci ildə həyata keçirilən vaksinasiyadan 6 ay keçdiyinə görə peyvənd olunanların immunitetinin zəifləməsidir. “Delta” dalğasında xəstəxanaya yerləşdirilənlərin 88 faizinın yaşı 60-dan yuxarı olanlar idi. Peyvənd gəncləri və orta yaşlıları ağırlaşmadan qorudu.
İsrailli mütəxəssislər bu yoluxma dalğasında ağırlaşan və ölən xəstələrin 80 faizinin vaksin olunmayan insanlar olduğunu aşkar etdilər. İmmunitetin zəifləməsi əlavə dozaların vurulmasını zəruri edir. Nə qədər ki, virus belə yayılmaqda davam edir, növbəti 2-3 il ərzində də təkrar peyvəndlənmə qüvvədə olacaq. Yaşı çox olanlar və immuniteti zəifləyənlər 3-6 ay ərzində təkrar doza almalıdırlar.
Onu da nəzərə almaq lazımdır ki, koronavirusa yoluxma hallarında müəyyən dalğalanma, yoluxma sayında yüksəliş müşahidə olunur. Həmçinin, nəzərə almalıyıq ki, qarşıdan soyuq qış ayları gəlir. Deməli virusun yayılma riski daha da artacaq. Çünki soyuq havalarda insanlar qapalı məkanlarda daha çox toplaşırlar. Ona görə də vətəndaşların daha intensiv vaksinasiya olması, 3-cü doza vaksinasıyanın sürətləndirilməsi zəruridir. Çünki vaksinin qüvvətləndirici üçüncü dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir, yüngül yoluxmaları önləyir, virusun yayılmasını, eləcə də COVID-19-la bağlı ağırlaşmaları və ölümləri azaldır.
Yeni ştammlara və mövsümi viruslara qarşı effektli mübarizə
Bir sıra ölkələrdə artıq 3-cü doza vaksinin vurulması sürətlə həyata keçirilir. ABŞ, Böyük Britaniya, İsrail, Türkiyə, Rusiya, Çin, Almaniya, Kanada, Fransa, Macarıstan, İspaniya, İsveçrə və bir sıra başqa ölkələr 3-cü doza vaksinlərin vurulmasının vacib olduğunu geniş şəkildə təbliğ və təklif edirlər. Qərb ölkələrinin əksəriyyətində 3-cü doza vaksinasiyanın aparılmasının əsas səbəblərindən biri “Delta” variantının yeni dalğalara səbəb olmasıdır. Azərbaycanda isə insanların 3-cü doza vaksin vurdurması zərurəti payız fəslində mövsümi xəstəliklərin yayılması, hava dəyişikliyi səbəbindən insanların immun sistemlərinin zəifləməsi ilə bağlıdır. Ona görə də “Buster” doza sağlamlığımızın qorunması, COVID-19-un yeni ştammlarına, eləcə də mövsümi viruslara qarşı mübarizədə böyük əhəmiyyətə malikdir və onun vurdurulması da vacibdir.
Tədqiqatlara görə, gücləndirici doza immuniteti 2-ci doza ilə müqayisədə 3-5 dəfə artırır. “Buster” doza almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb.
Bununla yanaşı, “Buster” dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri dəfələrlə azalda bilər. Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Deməli bu anticismlər koronavirusun ştammlarına qarşı da effektiv olacaq.
Mütəxəssislərin sözlərinə görə, peyvəndlər təkcə indi mövcud olanlara qarşı deyil, gələcəkdə yarana biləcək ştammlarla yoluxma zamanı da istifadə edilə bilər. Çünki virus mutasiyaya uğrayır və nəticədə fərqli ştammlar yaranır. Ona görə də orqanizmdə yaranmış immunitetin zəifləməsinin qarşısını almaq lazımdır. Bu da, əlbəttə ki, “Buster” doza ilə mümkündür.

Pediatr-infeksionist Aytən Ziyadova bu məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, hazırda ölkəmizdə epidemioloji vəziyyət orta stabildir: “Buna baxmayaraq, profilaktik tədbirlər davam etdirilməlidir. Bu tədbirlər sırasına izolyasiya, tibbi maskalardan doğru istifadə, sosial məsafənin gözlənilməsi ilə yanaşı, peyvəndlənmə strategiyası davamlı və sürətli şəkildə aparılması aiddir.”
İnfeksionist üçüncü dozanın zərurətindən söz açdı: “Üçüncü doza ona görə vacibdir ki, müəyyən müddət keçdikdən sonra istər peyvəndlə qazanılmış antitellər, istərsə də təbii yolla yəni, xəstəliyə yoluxub sağalandan sonra yaranmış antitellərin miqdarı bədəndə azalır və xəstəliyə yoluxma şansı artır. Yaxud da xəstəliyə yoluxarkən ağır keçirmə riski yarana bilər. Bunun üçün “Buster” dozanı tövsiyə edirik.”
Kimlər üçüncü doza peyvənd olunmalıdır?
Mütəxəssis vurğuladı ki, hər 2 doza vaksin almış və üzərindən 5-6 ay keçmiş bütün şəxslər, risk qrupuna daxil olan vətəndaşlar, xroniki xəstəliyi olanlar, bütün tibb işçilərini və yaşı 50-dən yuxarı olan əhali qrupu üçüncü – “Buster” doza ilə peyvəndlənməlidir. Üçüncü doza kimi indiyədək tətbiq olunan bütün vaksinlər istifadə oluna bilər. Əsas odur ki, orqanizmdə yaranmış anticisimlərin sintezini sürətləndirmək üçün üçüncü doza vaksin istifadə edilsin.
Müsahibimiz üçüncü dozanın yan təsirlərindən ehtiyat edənləri də unutmadı: “COVID-19 əleyhinə istifadə olunan peyvəndlərin yan təsirlərinə çox az hallarda rast gəlinib. “Buster” dozadan sonra yaranan simptomlar birinci və ikinci doza peyvəndlərdən sonra rast gəlinən əlamətlərdən fərqlənmir. Temperaturun qısa müddətli yüksəlməsi, üşütmə, peyvənd olunan nahiyədə yerli ağrı, əzələ və baş ağrıları, ishal kimi simptomlar ola bilər.”
A.Ziyadova əlavə etdi ki, istənilən halda, vaksinasiyadan keçənlər də qızıl qaydalara əməl etməlidir. Vətəndaşlar gigiyenik qaydalara əməl etməli, xüsusilə kütləvi toplaşma məkanlarında mütləq tibbi maska taxılmalı və sosial məsafə qorumalıdır.
Birimiz hamımız üçün peyvənd olunaq…
Sonda infeksionistin əhaliyə çağırışı da oldu: “COVID-19 infeksiyasının orqanizmdə əsasən də ürək-damar sistemində ciddi fəsadlar törətməsinə icazə verməmək, bədənimizi infeksiyalardan qorumaq üçün peyvənd olunmaq vacibdir. Zamanında vaksin olunmamaq insanların həyatını riskə altında qoyur. Sağlamlığımızı və həyatımızı riskə atmayaq əzizlərimizi və özümüzü peyvənd olunaraq bu virusdan xilas edək.”

