Siyasət 

Bu orden Prezident İlham Əliyevin türk dünyası üçün nə qədər önəmli lider olduğunu təsdiqləyir

Müzəffər ordumuzun əks-həmlə əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsi tarixi Zəfərimizlə başa çatdı. Bu parlaq qələbə ilə Ermənistanın 30 illik işğalına son qoyuldu. Xalqımızın tarixinə qızıl hərflərlə yazılan Zəfər ölkə başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli sərkərdə fəaliyyəti və müdrik siyasəti ilə Azərbaycan Ordusunun gücü və döyüş ruhunun vəhdətinin nəticəsində qazanıldı. Bu Zəfər həm də, dünyaya bizim xalq olaraq torpağımıza, yurdumuza sevgimizi, haqq-ədalət uğrunda mübarizə əzmimizi, yumruq kimi bir olmağımızı və milli birliyimizin nümayiş etdirdirdi.

Vətən müharibəsində biz həm də kimin dost, kimin düşmən olduğunu açıq-aşkar gördük. Hətta ummadığımız yerdən aldığımız dəstəklər gücümüzə güc qatdı. Torpaqlarımızı işğaldan azad etməyimiz üçün bizə ən böyük dəstəyi verən qardaş Türkiyə oldu. Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan başda olmaqla, bu ölkənin siyasi rəhbərliyi və xalqı bütün səviyyələrdə qələbə gününədək Azərbaycanla birlikdə oldu və müharibədən sonrakı proseslərdə də Azərbaycanın yanındadırlar.

Qardaş ölkənin bizə verdiyi dəstəyin davamı kimi, noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmiz, xalqımız və xüsusən, dövlət başçımız İlham Əliyevin ünvanına səsləndirdiyi yüksək qiymətləndirmələr xüsusilə diqqət çəkir.

Politoloq Tural İsmayılov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Türk Dövlətləri Təşkilatı tərəfindən Prezident İlham Əliyevə verilən Türk Dünyasının Ali Ordeni ən yüksək mükafat hesab edilir: “Bu baxımdan Türk Dünyası Ali Ordeninin cənab Prezidentə verilməsi İlham Əliyevin siyasi lider kimi keyfiyyətlərinin, eyni zamanda, Müzəffər Ali Baş Komandan kimi Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər və ümumilikdə Azərbaycanın əldə etdiyi uğurların qiymətləndirilməsidir.”

T.İsmayılov qeyd etdi ki, Azərbaycan pandemiya qarşı qlobal mübarizənin önündə dayanıb, belə bir dövrdə haqq savaşı apararaq Qələbə qazanıb, torpaqlarını işğaldan azad edib, həmçinin, türk dövlətləri arasında münasibətlərin inkişafı üçün böyük işlər həyata keçirib. Eyni zamanda Qoşulmama Hərəkatının sədri kimi qlobal təşəbbüslərlə çıxış edib: “Bu baxımdan cənab Prezidentin ən yüksək mükafata layiq görülməsi gözlənilən idi. Bu, cəmiyyətimizdə də xüsusi qürur hissi yaratdı. Eyni zamanda, türk dünyası üçün İlham Əliyevin nə qədər önəmli lider olduğunu bir daha ortaya qoydu.”

Daha çox xəbərlər