Sosial 

Nazirliyin təşkil etdiyi hərracda ən bahalı avtomobil 35 min manata satıldı – FOTO

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 16 noyabrda keçirilən növbəti hərracda 34 nəqliyyat vasitəsi özəlləşdirilib.

İqtisadiyyat Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 211 sifariş qəbul olunub, bunun 21-i elektron qaydada həyata keçirilib.

Avtomobillərə edilən təkliflərin çoxluğu prosesi daha da rəqabətli edib. İlkin start qiyməti 10 000 manat olan avtomobil üçün təkliflər ard-arda səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 27 500 manata özəlləşdirilib.

Hərracı rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsinin ilkin start qiyməti 17 000 manat olub və həmin avtomobil ən son 35 000 manata sahibini tapıb.

Satılmış bütün nəqliyyat vasitələrindən 316 740 manat vəsaitin dövlət büdcəsinə daxil olması nəzərdə tutulur.

Hərraca çıxarılan nəqliyyat vasitələri üçün ilkin satış qiyməti ən aşağı 2 000 manatdan başlayıb və 17 000 manata qədər artıb. Hərracda yekun satış qiymət isə 2 000 manatdan başlayıb, 35 000 manata qədər artıb.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə link vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, 2021-ci ilin 10 ayında 51 hərrac keçirilib və 205 əmlak özəlləşdirilib. Özəlləşdirilən əmlaklardan 33-ü kiçik dövlət müəssisə və obyekti, 17-si səhmdar cəmiyyəti, 152-si nəqliyyat vasitəsi, 3-ü isə yarımçıq tikilidir.

23 noyabr tarixində keçiriləcək növbəti hərraca 18 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili sahəsi, 54 nəqliyyat vasitəsi çıxarılıb.

Qeyd edək ki, xidmətin rəsmi saytından (emlak.gov.az) və ya özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

 

Daha çox xəbərlər