Bu gün bir qrup qazimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirmək istəyiblər. Daha doğrusu, Birinci Qarabağ Müharibəsinin veteranları binanın önünə toplaşaraq narazılıqlarını dilə gətiriblər.
Onların dediklərinə görə, müavinət və pensiyalarını ala bilmirlər.
Təbii ki, olay yerinə dərhal İnternetdəki “televiziya” adlanan kanalların, Facebook-dakı səhifələrin nümayəndələri, “frilans jurnalistlər” az deyildilər.
Onlar qaziləri danışdırır, “problemlərinizdən bəhs edin, çəkinməyin, bərkdən danışın” deyirdilər.

Sosial şəbəkələrdə, xüsusilə də YouTube videoservisində fasiləsiz, sürəkli olaraq Azərbaycanı – hakimiyyəti yox, məhz ölkəni, dövləti və xalqı – hədəf seçən, müstəqillikləri maliyyələşdikləri mənbələrin istəyinin çərçivələrindən kənara çıxmayaq “İnternet televiziya”larının indi, spontan olaraq mövzuya maraqları nədir? Onlar nə üçün belə davranırlar? Və ən nəhayət, Azərbaycanda “qazilərin müavinət, təqaüd və ödəniş almamaları” kimi problem varmı?
Bugünkü olaydan bəhs edən “müstəqil”lərin total əksəriyyəti ABŞ-ın nəzarətində olan, bu və digər formada, əksər hallarda üstüörtülü və yayındırıcı şəkildə Vaşinqtondan maliyyələşən informasiya vasitələridir.
Məntiqlə sual yaranır: əgər belədirsə, yəni kollektiv Qərb müharibə veteranları, qazilərlə bağlı Azərbaycandakı situasiyadan narazıdırsa, deməli, həmin Qərbdə, xüsusilə də ABŞ-da vəziyyət normaldır.
Axı yenə də məntiqə görə, problemləri boğazından aşan dövlət problemlərdən bəhs etməməlidir, deyilmi?
Kapitan Amerikanın sonu
Statistikaya görə, ABŞ-da hər gün təqribən 20 müharibə veteranı intihar edir.
Onlardan biri də “Kapitan Amerika” kimi tanınan “yaşıl beret”, xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş master-serjant Endryu Markesano idi.
“Savaşdan qayıdanda düşün, necə idik – gənc, uçmuş şaxtadan çıxmış mədənçilər təki inamsız və ümidsiz”, – Erix Mariya Remark “Üç yoldaş” əsərində Birinci Dünya Müharibəsindən dönmüş alman veteranları belə dəyərləndirmişdi.
Gerçəkdən də, istənilən silahlı əməliyyatdan, savaşdan dönən insanın emosional durumu adilikdən çox fərqlənir.
Psixoloji problemlər, stress, həlak olmuş dostları və yoldaşları barədə unuda bilmədiyi xatirələr, dinc həyatda çətin özünütəsdiq və özünüaxtarış problemləri – müharibədən qayıdan hər əsgər bu ağır yükün öhdəsindən gələ bilmir.
Keçmişdən daha güclü ola bilməyən amerikalı veteranlar da intihar edirlər.

Master-serjant, üç övlad atası Markesano kimi. O, evdə, xanımının gözü qarşısında həyatına son qoymuşdu.
Serjant, iki Purpur Ürək medalı almış Allen Tomas isə iki ahıl qonşusunu güllələyərək qətlə yetirəndən sonra intihar etmişdi.
Birləşmiş Ştatlarda vetaranların psixi sağlamlığı və dinc həyata adaptasiyası ilə məşğul olan xüsusi dövlət qurumu – Veteranlarla İş Nazirliyi (United States Department of Veterans Affairs, VA) var. Nazirlik rəhbərliyi və mənsubları uğurlu fəaliyyət göstərdiklərini desələr də, bunun tam əksidir.
Məsələn, VA intihar edən veteranların sayının azaldığını vurğulayır, lakin ekspertlərin dediklərinə görə, Birləşmiş Ştatlarda veteranlar arasında suisidlərin sayı ilə bağlı hesablama metodları dəyişdiyindən rəqəmlərdə “azalma” var.
Halbuki söhbət minlərlə veteranın həyatından gedir.
Əslində isə Birləşmiş Ştatlarda müharibə veteranları arasında intiharların sayında 50 faizlik artım var və “Military Times” bunu təsdiqləyir.
“Stars and Stripes” isə bildirir ki, müvafiq dövlət qurumlarında veteranlara və hərbi əməliyyatlarda həlak olmuş hərbçilərin ailə üzvlərinə göstərilən münasibət həddən artıq pisdir, yolverilməzdir: “Onlar dövlətin ayırdığı müavinət və ödənişləri, təqaüdlər illərlə ala bilmirlər. Təqaüd almaq istəyən veteranlar bürokratik əngəllərlə, məmurların laqeydliyi və bivecliyi ilə qarşılaşırlar. Ən ağır vəziyyətdə isə həlak olmuş hərbçilərin ailələridir”.

Lazımsız veteranlar Parisi maraqlandırmır
Fransada veteranların və həlak olmuş hərbçilərin ailə üzvlərinin problemləri ilə xüsusi dövlət qurumu – Veteranlar və Savaş Qurbanları Nazirliyi (Office national des anciens combattants et victimes de guerre, ONACVG) məşğul olur.
Daha doğrusu, olmalıdır.
Hazırda Fransada 540 minə yaxın müharibə veteranı var. Onların problemləri ilə məşğul olmalı ONACVG-ya dövlət büdcəsindən hər il 3 milyard avro ayrılır.
Fəqət, o milyardların az qismi bilavastə veteranlara çatır.
Fransadakı 100 departamentin istisnasız olaraq hamısında bu nazirliyin nümayəndələri olsa da, qurumun Parisdəki binasının önündə veteranların, habelə hərbi əməliyyatlarda həlak olmuş hərbçilərin ailə üzvlərinin piketləri, etiraz aksiyaları artıq adi hala çevrilib, rutinləşib.
Problemlərsə çoxdur. Məsələn, Fransadakı mövcud qanunvericliyə görə, müharibə veteranları təqaüdə 60 yaşda çıxmalı, ayda ən azı 3500 avro təqaüd almalıdırlar. Lakin veteranların hüquqları addımbaşı pozulur, onların çoxu 67 yaşda təqaüdə buraxılır, təqaüd məbləği də maksimum 2400 avro olur.

Əgər belədirsə…
Sadəcə, ABŞ və Fransada veteranlarla, habelə hərbi əməliyyatlarda həlak olmuş hərbçilərin ailə üzvləri ilə bağlı problemlərdən bəhs etdik. Kollektiv Qərbin əksər ölkələrində analoji situasiyadır.
O da aydın, çoxdan bəlirlənmiş və sübut edilmiş məsələdir ki, Azərbaycanda insan haqları, vətəndaş azadlıqları, indisə veteranların problemlərindən “bəhs edən” media strukturlarının necə, kimlər və hansı təşkilatlar tərəfindən, nə məqsədlə maliyyələşdirilməsi, himayədə saxlanması sirr deyil.
“Azərbaycanın halına yanan”ların çoxu da ABŞ və Fransada məskunlaşan, var qüvvələri ilə “siyasi mühacir” statusua yiyələnərək o statusdan bəhrələnməyə çalışanlardır.
Amma bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında nələr yaşandı?
Doğrudanmı bu “müstəqil media”nın dediyi və göstərdiyi kimi, “onlarla veteran saxlanıldı, onlarla kobud və aqressiv davranıldı?”
Elə həmin kadrlarda da görünür ki, polis əməkdaşları aksiya keçirməyə çalışanlarla normal davranır, “Zəhmət olmasa, qəbula! Buyurun, qəbula keçin” deyir.
Yəni vətəndaşlar nazirliyin qəbul xidmətinə yönləndirilir.
Hansı “həbs”dən bəhs olunur belədirsə?
Şikayət edənlərdən biri “ayda cəmi 130 manat alıram” deyir, digəri “pensiyamı artırmırlar” söyləyir, üçüncüsü “oğlum xaricdə oxumaq istəyir, problemimi həll etmirlər” buyurur.
Təbii, vətəndaşların problemləri həll olunmalıdır.
Fəqət, Azərbaycanda 130 manat məbləğində “veteran təqaüdü” yoxdur, heç bir dövlət qurumu təqaüdü artırılmasına fərdi və müstəqil şəkildə qərar vermir, xarici ölkələrdən birində oxumaq istəyən övladın xərclərinin isə atanın veteran təqaüdünün məbləği ilə məntiqi əlaqəsi yoxdur və s.
Veteranlar arasında əlilliyin qiymətləndirilməsi ilə bağlı şikayət edənlərə gəldikdə isə, ölkədə əlilliyin qiymətləndirilməsi elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında, vətəndaş-məmur (ekspert) təması olmadan həyata keçirilir. Göndərişin kimə aid olduğu və hansı tibb müəssisəsindən göndərildiyi bilinmədən həkim ekspertlər tərəfindən qərarlar qəbul edilir.

İlin əvvəlindən bəri 50 minə yaxın şəxsə əlillik təyinatı həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən təqribən iki dəfə çoxdur. Əlillik qrupu təyin olunduqdan sonra əlilliyə görə sosial təminat növləri üzrə ödənişlərin (əmək pensiyası və ya aylıq sosial müavinət, təqaüd) təyinatı da elektron sistem üzərindən, proaktiv şəkildə həyata keçirilir.
44 günlük Vətən Müharibəsində döyüşən və savaşda yaralanmış qazilərimizlə bağlı duruma gəldikdə isə Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə qazilərin əlilliyinin qiymətləndirilməsi işlər görülür. İlk əvvəl Komissiya üzvləri tərəfindən hərbi qulluqçuların əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri aparılır. Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə) təqdim olunur və tibb müəssisələri tərəfindən göndəriş (forma 88) elektron sistemə daxil edilir. Yekun mərhələ kimi əlilliyin qiymətləndirilməsi aparılır.
Savaş başa çatnadan bəri 2200 qaziyə ölkəmizin ərazi bütövlyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb və hazırda da bu işlər davam etdirilir. Əlillik təyinatından dərhal sonra onlara da proaktiv qaydada olmaqla e-sistem üzərindən onlara müvafiq sosial ödənişlər təyin edilib.
Əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə yönələn sosial ödənişlər (pensiya və müavinətlər, təqaüdlər) də mütamadi olaraq artırılır. Xüsusilə də son üç ildə həmin ödənişlərdə orta hesabla 2 dəfə artım baş verib.
Eyni zamanda, dövlət başçısının 2020-ci il dekabrın 30-da imzaladığı fərmanlarla Prezidentin aylıq təqaüdü müharibə, 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər üçün I dərəcə üzrə 250 manatdan 400, II dərəcə üzrə 230 manatdan 350, III dərəcə üzrə 210 manatdan 300 manata çatdırılıb. Milli Qəhrəmanlarımız üçün 1500 manatdan 1800, Böyük Vətən müharibəsi iştirakçıları üçün 150 manatdan 300 manata çatdırılıb. Eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2000 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis olunub.
Müharibə, 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər, habelə ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslər təqaüdlə yanaşı, əlilliyə görə aylıq müavinət və ya pensiya ilə də təmin edilirlər. Eləcə də bütün kateqorioyalardan olan I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün aylıq təqaüd ödənilir.
Bundan başqa, şəhid ailələri ilə bərabər, müharibə əlillərinin də mənzil və fərdi evlə təminatı həyata keçirilir. İndiyədək bu kateqoriyadan olanlara 11 mindən çox mənzil/fərdi ev verilib və dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan 3 min mənzil və fərdi evin (2018-ci ilə nisbətən 5 dəfə çox) 2021-ci ildə verilməsi işləri aparılır ki, artıq 1850-si verilib. Şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, Vətən Müharibəsi Qəhrəmanlarına, gözdən əlilliyi olan şəxslərə, dövlət uşaq müəssisələri məzunlarına da mənzillər təqdim edilir. Həmin kateqoriyalara verilən mənzilləri də nəzərə alsaq bu il Nazirlik tərəfindən verilən mənzillərin sayı 2200-ə çatır.
“Müstəqil telekanallar”da, yəni YouTube servisindəki kanallarda səslənən “200 min şəxsin əlilliyinin ləğv edildiyi, pensiyasının kəsildiyi” iddiası tamamən absurd olmaqla yanaşı, ictimai rəyi çaşdırmağa, süni ajiotaj yaratmağa yöənlib.
Əlilliyə görə sosial ödənişin kəsilməsi halı baş verməyib və hazırda da belə hal mövcud deyil. Həmin sosial ödənişlər əlillik müddəti ərzində verilir və əlillik müddəti bitdikdə həmin sosial ödənişin təyinat müddəti də bitmiş olur. Ona görə də əlilliyi olan şəxs əgər onun əlilliyi müddətlidirsə, əlillik müddətinin nə zaman bitdiyini bilməli və göndərişin həmin vaxtdan e-sistemə daxil edilməsi üçün lazımi tbbi sənədlərini vaxtlında toplamalıdır.
Prosedur sadədir: bəzən şəxs əlilliyinin təkrar qiymətləndirilməsi, yəni əlillik müddətinin uzadılması üçün müraciətin edilməsində, sənədlərin toplanmasında müəyyən gecikmələrə yol verir, göndəriş də əlilliyin bitdiyi vaxtdan sonra gec daxil olur. Belə hallar nəzərə alınaraq humanist yanaşma məqsədilə bu ilin iyul ayında əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericilikdə dəyişiklik edilib və beləliklə, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar təyin olunan əlillik məhz əvvəlki əlillik təyinatı müddəti bitdiyi tarixdən rəsmiləşir. Yəni ortada ötürülmüş müddət üçün də şəxs əlilliyə görə sosial ödənişlərini ala bilir.
Əlillik təyinatına haqqı çatan hər bir şəxsə əlillik dərəcəsi təyin edilir. Lakin sağlam ola-ola uzun illər hər ay əlilliyə görə sosial ödəniş almış, dövlətin güzəşt və imtiyazlarından bəhrələnmiş, bu il təkrar qiymətləndirmə, həmçinin əyani müayinə zamanı diaqnozunun təsdiqini tapmaması, sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas yaratmaması səbəbindən əlillik təyin edilməyənlər də olur. Həmin şəxslərin bundan dolayı narazılığı heç bir halda haqlı ola bilməz. Çünki əlillik statusunun buna haqqı çatmayan insanlara verilməsi qanunazidd olmaqla yanaşı, əlilliyi olan şəxslərin hüquqlarının da pozulmasına, onlara qarşı ədalətsiz yanaşmaya, haqqı çatmayanların əlillərin haqqına ortaq olmasına gətirib çıxarar. Ona görə də bu sahədə şəffaflıq, obyektiv və ədalətli yanaşma xüsusi diqqətdə saxlanır.
Bəzi hallarda bu və ya digər şəxs uzun illər ərzində əlilliyə görə sosial ödəniş aldığını, bu il isə onun əlillik müddətinin uzadılmadığı üçün sosial ödəniş ala bilmədiyindən, bunun onun maddi rifahına mənfi təsir etməsindən gileylənir. Qeyd edək ki, uzun illər ərzində əlillik statusu daşıyan şəxsin həmin dövrdə sağlamlığı qaydasına düşə bilər. Növbəti əlilliyin qiymətləndirilməsi zamanı onun sağlamlıq vəziyyətinin artıq əlillik təyinatına əsas vermədiyi (reabilitasiya olunduğu) müəyyən oluna və bu səbəbdən ona təkrar əlillik təyin edilməyə bilər. Yaxud əvvəlki dövrlərdə əsas olmadan əlillik təyin edilmiş şəxsə növbəti təkrar qiymətləndirmədə əlillik vəziyyətində olmadığı üçün əlilik təyin edilməyə bilər. Ona görə də uzun illər əlillik statusu daşımaq və əlilliyə görə sosial ödəniş almaq heç də təkrar qiymətləndirmə zamanı mütləq əlillik təyin edilməsini şərtləndirmir. Çünki əlilliyin qiymətləndirilməsi şəxsin hazırkı mövcud sağlamlıq vəziyyəti nəzərə alınaraq aparılır.

Eyni zamanda, hansısa şəxsin aztəminatlı olduğuna görə ona əlilik dərəcəsinin təyin edilməsinin zərurliyi tələbi də yanlışdır. Çünki əlillik müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır və əlillik dərəcələri də bu fiziki, psixi, əqli, hissiyyat pozuntuları olduqda təyin edilir. Aztəminatı ailələr üçün ünvanlı sosial yardım proqramı, yaxud aktiv məşğulluq proqramları vardır və hər bir aztəminatı ailə bu proqramlara müraciət edərək faydalana bilər.
Hər xəstəlik, xəsarət, yaralanma əlilik vəziyyəti yaratmır. Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də əlilliyin (I,II,III dərəcə əlilliklərin) və uşaqların sağlamlıq imkanları məhdudluğunun hansı xəstəlik və xəsarət hallarında təyin edildiyi aydın şəkildə göstərilib. Əliliyin qiymətləndirilməsi bu Əsasnamənin tələbləri əsasında aparılır. Anadangəlmə, xəstəlikdən, yaxud xəsarətdən yaranan əqli, fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması müşahidə olunduqda əlillik təyinatına dair qərar çıxarılır.
Və ən nəhayət – əli, yaxud ayağı amputasiya olunmuş şəxslərin guya təkrar müayinə edildiyi barədə bəzən əsassız fikirlər səslənir. Amputasiya olunan, məsələn, əli, ayağı və ya hər hansı bədən əzası olmayan şəxslərə əlillik müddətsiz (ömürlük) təyin olunur və heç zaman da müayinəyə çağırılmırlar.
… Azərbaycanda Vətən qazilər üçün, qazilər də Vətən üçündür.
Qaziləri çirkin siyasi oyunlara çəkmək, onlardan bəlli məqsədlər üçün istifadə etmək cəhdləri isə nəticə verən deyil.
