Siyasət 

Gənclər niyə məhz Yeni Azərbaycan Partiyasını seçirlər?

Yarandığı  gündən həm ölkənin daxilində baş verən siyasi proseslərdə, həm də beynəlxalq arenada  gündən-günə nüfuzunu  artıran Yeni Azərbaycan Partiyası (YAP) 29 illik fəaliyyəti dövründə  regionun ən güclü siyasi təşkilatı olduğunu təsdiqləyib. Yaradıcısı ulu öndər Heydər Əliyev olan  YAP  bu gün  Ümummilli Liderin hər baxımdan layiqli davamçısı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin sədrliyi ilə yüksək amal və ideyaları əlində  bayraq tutaraq ölkənin ictimai – siyasətində fəal iştirak edir.

Ümummilli Liderin “Dünənin, bu günün və gələcəyin partiyası” sıralarında cəmiyyətin  bütün təbəqələri   kimi ən dinamik toplum  olan gənclərin əksəriyyətini də  birləşdirir. 760 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyasının 40 faizini bu gün gənclər təşkil edir. Bu da təsadüfi bir göstərici deyil. Hakim partiyanın gənclərə olan diqqət və qayğısı, ölkədə aparılan uğurlu gənclər siyasəti onları YAP-ın ətrafında sıx birləşdirir.

Bu gün yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərimizin  Azərbaycanın siyasi-iqtisadi və eləcə də sosial-mədəni sahələrin inkişafına verdikləri böyük töhfələrin şahidiyik. Gəncliyin inkişafına daim dəstək göstərən YAP onların öz güclərinə, potensiallarına və istedadlarına olan güvənlərinin artırılmasına imkan yaradaraq bu sahədə çoxsaylı layihələr həyata keçirir. Buna görə də partiyaya yeni qoşulanların böyük əksəriyyətini  məhz gənclər təşkil edirlər. YAP-ın sıralarına qoşulan gənclər ulu öndər Heydər Əliyevin miras qoyduğu ənənələrə sadiqliklərini,  Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasətinə  inamlarını ifadə etməklə yanaşı, dövlətimizə xidmət etmək üçün böyük imkanlar əldə edirlər. Onların təklifləri daim dinlənilərək qiymətləndirilir və partiyanın fəaliyyətində mühüm yer tutur.

Ümummilli lider Heydər Əliyev gənclərin  dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri hesab edirdi. Bu baxımdan da müstəqilliyimizin ilk illərində-1994-cü ildə  Azərbaycan Gənclər və İdman Nazirliyinin yaradılması ilə Azərbaycanda gənclər siyasətinin icrasına başlanıldı.  Böhrandan yenicə çıxmağa başlayan və iqtisadiyyatı ağır vəziyyətdə olan bir ölkədə  ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində gənclər üçün yeni imkanlar yaradılırdı. 1995- ci il 26 iyun tarixində partiyanın  gənclik qolu olan YAP Gənclər Birliyinin əsası qoyuldu.  1997-ci ildə 2 fevral ölkəmizdə Gənclər Günü kimi təsis edildi. 1999-cu ildə isə Ulu Öndər tərəfindən dövlət gənclər siyasəti haqqında Fərman imzalandı.

Ulu Öndərin siyasi məktəbinin yetirməsi olan  Prezident İlham Əliyev 18 illik hakimiyyəti müddətində də gənclər siyasəti  Azərbaycanın ən prioritet məsələlərindən biri kimi qiymətləndirib. Ölkə başçısı Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində Dövlət proqramları qəbul edilir. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nı (2005-2009-cu illər) təsdiq etdi ki, bu da gənclərə dövlət qayğısının artırılmasını təmin edirdi.  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin təhsili üzrə Dövlət Proqramı” gənclərin təhsil səviyyəsinin yüksəldilməsinin parlaq ifadəsidir. 2017-ci il sentyabrın 15-də Prezident İlham Əliyevin Sərəncamı ilə növbəti “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq edildi.

YAP-ın dövlətin gənclər siyasətinə verdiyi ən böyük töhfələrdən biri də partiyanın tərkibində Gənclər Birliyinin fəaliyyətinin təmin edilməsidir.  Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov partiyanın gənclər qolunun fəaliyyət prinsipləri haqqında məlumat verərkən bildirib ki, YAP Gənclər Birliyinin fəaliyyətində əsas prioritet məqsəd və istiqamət   cənab Prezident  İlham Əliyevin onların qarşılarına qoyduğu məqsəd və hədəflərə nail olmaqdır: “YAP Gənclər Birliyi 25 ilə yaxın müddətdə bir çox istiqamətlərdə gənclərlə işin qurulmasında ölkə boyunca fəaliyyət göstərir. Qeyd etməliyəm ki, partiyamıza üzv olan şəxslərin 300 mindən çoxu gənclərdir və YAP Gənclər Birliyi bu gənclərin fəaliyyətlərinin qurulmasında, gənclər arasında partiya sıralarında kommunikasiyanın təmin olunmasında, onları maraqlandıran təşəbbüslərə cəlb edilmələrində, eyni zamanda, YAP-ın məqsəd və hədəflərinə nail olunmasında, gənclərin  işlərinin qurulmasında birbaşa olaraq fəaliyyət göstərir. Bu il Yeni Azərbaycan Partiyasının VII qurultayından sonra partiyada  bir sıra dəyişikliklər və yenilənmələr oldu. Bu yenilənmənin bir parçası olaraq da YAP Gənclər Birliyinin heyəti tamamilə yenidən təşkil edildi. Bundan sonra Gənclər Birliyinin qarşısına qoyulan məqsəd və hədəflər də daha da genişləndirildi.”

44 günlük Vətən müharibəsində cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun  misli görünməmiş bir Qələbə qazanaraq tarixi ədaləti bərpa etdiyini vurğulayan B. İslamov qeyd edib ki,  bu tarixi ədalət özlüyündə regionumuza  yeniliklər və yeni reallıqlar gətirdi:  “Bu reallıqların bir istiqaməti olaraq ölkəmizin müstəqilliyinin qorunması, gələcək inkişafının daha da sürətlənməsi, gənclərimizin birbaşa olaraq bu işin əsas aparıcı qüvvəsi olması üçün YAP Gənclər Birliyi də bir sıra istiqamətlərdə fəaliyyət göstərir. Partiyamızın Gənclər Birliyinin yenilənmiş heyəti ilə biz konkret müəyyənləşdirilmiş istiqamətlərdə komandamız vasitəsi ilə öz fəaliyyətlərimizi həyata keçirir, müxtəlif  layihələr icra edirik. Gənclərin düzgün maarifləndirilməsində, düzgün dəyərlərlə vətənpərvər, milli ruhda yetişmələrinin davam etdirilməsində, eyni zamanda, onların yenilikçi, müasir dövrün çağırışlarından agah olaraq  daha da inkişaf etmələri istiqamətində işlərimizi qururuq. Bundan sonrakı fəaliyyətimizdə də başlıca məqsədimiz son 18 ildə cənab Prezidentin rəhbərliyi dövründə formalaşdırılmış Azərbaycan gəncliyinin sahib olduğu dəyərləri özündən sonrakı gənclərə də ötürülməsi istiqamətində təbliğatların aparılmasıdır.”

Bütün  görülən işlərin  məntiqli nəticəsidir ki, bu gün  Azərbaycan gəncliyi dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və başqa sahələrdə fəal şəkildə təmsil olunaraq cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Buna görə  iqtidar partiyasının sıralarına qoşulan gənclər onlara olan diqqət və qayğını yüksək qiymətləndirirlər.

Daha çox xəbərlər