Dünya birliyi Azərbaycanın COVID-19-la mübarizə sahəsində təşəbbüslərini dəstəkləyir
2021-ci il sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videomüraciət formatında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha dünyada mövcud olan “peyvənd millətçiliyi”ni qınamışdı. Dövlət başçımız Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini elan etmişdi.
Noyabrın 18-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın 3-cü Komitəsində (İnsan hüquqları və humanitar) Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidentinin təşəbbüsü ilə Hərəkatın üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə layihəsi müzakirə olunub və səsvermə ilə qəbul edilib. Bu qətnaməyə BMT-yə üzv 126 dövlət həmmüəllif qismində qoşulub, 171 ölkə qətnamənin lehinə səs verib. Bu aspektdə heç bir ölkənin qətnamənin əleyhinə səs verməməsi də diqqət çəkir. Qətnaməyə münasibətdə bitərəf qalmış 7 ölkədən biri regionda ən az peyvəndləmə səviyyəsinə malik olan Ermənistandır. Bu, işğalçı Ermənistanın bütün məsələlərdə, hətta humanitar məsələlərdə də Azərbaycanın nailiyyətlərini qısqanclıqla qarşılamasının daha bir nümunəsidir. Qətnamə dekabr ayında artıq BMT Baş Assambleyasının plenar sessiyasında qəbul olunacaq.
Sözügedən qətnamə kifayət qədər müfəssəl məzmundadır. Qətnamədə digər məsələlərlə yanaşı, COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində həyata keçirilmiş bir sıra əhəmiyyətli qlobal təşəbbüslər, o cümlədən Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2020-ci ilin 3-4 dekabr tarixlərində keçirilmiş BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası alqışlanır. Qətnamədə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında COVID-19 əleyhinə peyvəndlərin bölgüsündə mövcud olan bərabərsizlikdən ciddi narahatlıq ifadə edilir və bunun Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına əngəl törədən başlıca faktorlardan biri olduğu vurğulanır. Eyni zamanda, COVID-19-a qarşı mübarizədə çoxtərəfliliyin, eləcə də beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanır.
Azərbaycan özünün Qoşulmama Hərəkatına sədrliyi dövrü üçün müfəssəl və ambisiyalı fəaliyyət planı qəbul etdi. Təəssüflər olsun ki, COVID-19 pandemiyası bütün dünyada ağır fəsadlar verdi, yeni reallıqlar və çətinliklər yaratdı. Ancaq yeni reallıqlara hər zaman çevik, adekvat reaksiya verən Azərbaycan regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verdi. Böhrandan az itki ilə çıxmaq üçün tədbirlər gördü, həmçinin təcrübəsini Hərəkata üzv dövlətlərlə və başqa ölkələrlə də bölüşdü.
Dünya ölkələrinin əksəriyyəti özünə qapandığı dövrdə Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən olub. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında Zirvə toplantısı təşkil edilib, 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilib. Prezidentin tapşırığı ilə Azərbaycanın Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunub.
Varlı və kasıb ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə davamlı olaraq Qoşulmama Hərəkatının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin gündəliyində olub. Azərbaycanın koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları edib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi ayırıb. Bu yaxınlarda isə Azərbaycan dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim edib.
Beləliklə, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini uğurla davam etdirir. BMT Baş Assambleyasının 3-cü Komitəsində qəbul olunan qətnamə beynəlxalq ictimaiyyətin Azərbaycan Prezidentinin COVID-19 pandemiyasına, “peyvənd millətçiliyi”nə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəklədiyini bir daha göstərir.

