Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinin ən möhtəşəm, güclü siyasi təşkilatı kimi özünü təsdiq edib
Yeni Azərbaycan Partiyası-29
21 noyabr 1992-ci il tarixindən bizləri 29 illik zaman ayırır. Zaman hadisələrin düzgün təhlilində və dəyərləndirilməsində zəngin mənbə rolunu oynayır. 29 il bundan öncə yaşananlar Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasını zərurətə çevirdi. Bu zərurəti şərtləndirən digər amil isə xalqın istəyi oldu.
Artıq illər keçir, hər dövrün, zamanın öz tələbi var. Əsas olan budur ki, Yeni Azərbaycan Partiyasının yaradılmasından çox az sonra YAP iqtidar partiyasına çevrildi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başladı. Ümummilli Lider partiyanın gələcəyinə daim böyük inamla yanaşıb. Onun «YAP dünənin, bu günün və gələcəyin partiyasıdır» fikri də bu inamdan və etimaddan irəli gəlirdi. Ulu öndər Heydər Əliyev bu inamını, həmçinin «Yeni Azərbaycan Partiyasının çox parlaq gələcəyi var. Yeni Azərbaycan Partiyası daim yaşayacaqdır. Mən əminəm ki, Yeni Azərbaycan Partiyasına yeni-yeni gənc üzvlər gələcəklər, bu partiyanın prinsiplərini günü-gündən yüksəklərə qaldıracaqlar və Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcəyinə xidmət edəcəkdir» fikirləri ilə ifadə edərək onu da əlavə etmişdir ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında yaşamaq, yaratmaq hüquqi əldə edibdir. Yeni Azərbaycan Partiyası daim yaşayacaq və Azərbaycan vətəndaşlarının istək və arzularını əks etdirən böyük bir təşkilat olacaqdır.»
Ümummilli Liderin böyük inamla səsləndirdiyi bu fikirlər hazırda reallıqda öz əksini tapıb. YAP yarandığı gündən xalqın partiyasına çevrilərək dövlətə, xalqa xidməti fəaliyyətinin əsasına çevirdi. Sözlə əməlinin birliyi, populizmdən uzaqlığı bu siyasi qüvvənin cəmiyyətdə nüfuzunun artmasında əhəmiyyətli rol oynadı. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qeyd etdiyi kimi, YAP nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatıdır.
Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi şərəfli yol Azərbaycanın müasir tarixinin ən önəmli hadisələri sırasındadır. Qeyd etdiyimiz kimi, YAP nəinki Azərbaycan tarixində, müasir dünyada ən uğurlu siyasi təşkilatlardan biridir. Bu fikrin təsdiqi YAP-ın yarandıqdan az sonra iqtidar partiyası kimi fəaliyyətə başlamasıdır. 29 il Yeni Azərbaycan Partiyasının həyatında Azərbaycan xalqına xidmət kimi səciyyələnir. Eyni zamanda, 29 ilin təcrübəsinə əsaslanaraq bu reallığı da böyük fəxr hissi ilə qeyd edirik ki, ötən müddət ərzində ölkəmiz qarşıya qoyulan bütün vəzifələri y üksək səviyyədə yerinə yetirib. Azərbaycanın siması dəyişib. Azərbaycanın bölgədə və dünyada yerini və rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirib. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik ölkə kimi qeyd edilir. Təbii ki, bu uğurlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasətin, eyni zamanda, bu xəttin son 18 ildə cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinin ən möhtəşəm, güclü siyasi təşkilatı kimi özünü təsdiq edib. Qeyd etdiyimiz kimi, bu gün partiyanın sıralarında 760 mindən artıq üzv birləşib. Yeni Azərbaycan Partiyasının sıralarında bu qədər insanın birləşməsi təbii ki, Heydər Əliyev ideyalarına sədaqətin, həmçinin cənab İlham Əliyevin siyasətinə inamın və bu siyasətin həyata keçirilməsində iştirak etmək istəyinin göstəricisidir.
Yeni Azərbaycan Partiyası ölkədəki siyasi ab-havanın ifadəsidir. Bu gün ölkədə hər hansı siyasi hadisə Yeni Azərbaycan Partiyasının iradəsindən kənarda mövcud ola bilməz. Yeni Azərbaycan Partiyasının fəaliyyəti, mövcudluğu Azərbaycanda sabitliyin təməl prinsiplərindəndir. Tutduğu yola sadiqliyinə əsaslanaraq bu fikri böyük inamla qeyd edirik ki, Yeni Azərbaycan Partiyasının şərəfli tarixi uzun illər davam edəcək. Bu tarixə yeni-yeni şanlı səhifələr yazılacaq. Azərbaycan xalqı uzun illər YAP-ın uğurlu fəaliyyətinin şahidi olacaq. Azərbaycan vətəndaşları 29 ilin uğurlarına əsaslaraq bu inamı da ifadə edirlər ki, YAP-ın fəaliyyəti Azərbaycanda sabitlik, əmin-amanlıq, tərəqqi, Azərbaycanın maraqlarının qətiyyətlə qorunması, müdafiəsi, ölkəmizin müasirləşməsi, yeniləşməsi, dünya birliyində özünə layiq yer tutması deməkdir.
Bütün bu uğurların təməlində ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı dayandı. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qurulan möhkəm təməl sonrakı davamlı inkişafın əsasına çevrildi. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası qarşıdakı illər üçün istiqamət oldu. 2003-cü ildə xalqın 76, 84 faiz səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bu fikirlər müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə xalqımız, dövlətimiz qarşısında işlərin, göstərdiyi misilsiz xidmətlərin aydın ifadəsidir: «Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanıb. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.»
Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı xaosdan, anarxiyadan, özbaşınalıqlardan, iqtisadi böhrandan xilas edib bugünkü reallıqlarına yol açan ulu öndər Heydər Əliyevin xidmətlərinin miqyası bu fikri böyük inamla və qətiyyətlə ifadə etməyimizə əsas yaradır- Bizim sözümüzün imzamız qədər qüvvəsi vardır.
YAP-ın yaranmasından və qısa müddətdən sonra iqtidar partiyasına çevrilməsindən ötən müddətdə Azərbaycan sabitlik diyarı kimi nüfuz qazandı. Bu sabitlik, eyni zamanda, onun əsas yaratdığı biznes imkanları Azərbaycana investisiya axınını sürətləndirdi. 1994-cü il sentyabrın 20-də imzalanan «Əsrin müqaviləsi» Azərbaycanın dünya miqyasında etibarlı tərəfdaş kimi tanınmasını şərtləndirdi. Məhz bu təmələ əsaslanaraq bu gün Azərbaycan çoxtərəfli əməkdaşlığın əsas iştirakçısı və təşəbbüsçüsü kimi çıxış edir.
1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf dövrü kimi yazıldı. Möhkəm təməl, xalqının, dövlətinin bu günü, gələcəyi üçün düşünən liderin olması böyük xoşbəxtlikdir. Azərbaycan xalqı bu xoşbəxtliyə layiq olduğunu həm yaşadığı gerçəklikləri ilə, həm də beynəlxalq qurumların hesabatlarında ən xoşbəxt ölkə imicini qazanması ilə yaşayır. Bu xoşbəxtliyi davamlı edən açar isə ulu öndər Heydər Əliyevin 2003-cü il prezident seçkiləri ərəfəsində xalqa müraciəti oldu. 1 oktyabr 2003-cü il müraciətində «Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var» söyləyən ulu öndər Heydər Əliyev bildirmişdir: «Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.»
Populizmə deyil, reallıqlara yüksək dəyər verən xalqımız Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurlar fonunda 2003-cü il 15 oktyabr prezident seçkilərində yüksək fəallıq nümayiş etdirib cənab İlham Əliyevi dəstəkləməklə növbəti dövr üçün uğurlarımızı şərtləndirdilər. Möhtərəm Prezidentimiz İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində ifadə etdiyi bu əminliyi bir daha yada salaq: «Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.»
Yenə də Prezident İlham Əliyevin mətbuata ilk müsahibəsini xatırlayaq. «Cənab Prezident, artıq Siz and içdiniz, indi ölkənin birinci şəxsisiniz və hansı hissləri keçirirsiniz» sualına cənab İlham Əliyevin cavabı ulu öndər Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində inkişaf edən Azərbaycanın gələcək inkişafının istiqaməti kimi dəyərləndirildi: «Gərək mən ümidləri doğruldam… Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Bütün bunlar haqqında düşünürdüm… Bu da təbii idi ki, keçmişdə gördüyüm işlər haqqında düşünürdüm. Həyatımın artıq növbəti və elə bil ki, sonuncu mərhələsi başlanır. Çünki bundan yuxarı vəzifə yoxdur. Bu, elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə duraraq, təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm. Əlbəttə, bu mənim çiyinlərimə əlavə məsuliyyət yükü qoyur.»
Ölkə Prezidenti İlham Əliyev bu məsuliyyəti uğurlu addımları ilə gerçəkləşdirdi, Azərbaycana biri-birindən əhəmiyyətli uğurlar qazandırdı. Son 18 ildə Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atıb. «Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik» söyləyən cənab İlham Əliyev bildirir ki, bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq.
«Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik.» 2003-cü ildə səsləndirilən proqram xarakterli bu fikirlər növbəti illərdə görüləcək işlərin aydın mənzərəsini yartdı. Dövlət başçısı İlham Əliyev bu reallıgı da qeyd etmişdir ki, hər şey iqtisadiyyat üzərində qurulub. Ölkənin iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək mümkündür. İqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə bizim üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Cənab İlham Əliyev «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürərək, bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini bildirdi. 2003-cü ildən ötən 18 ildə regionların, eyni zamanda, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 3 Dövlət Proqramının icrası başa çatıb, dördüncünün icrası davam edir. Hər bir sənəddə nəzərdə tutulan dövr ərzində görülən işlərin planı öz əksini tapır. Dövlət proqramlarının uğurlu icrasının nəticələri göz önündədir.
Göründüyü kimi, Azərbaycan sabitlik diyarına çevrilib, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşamaqla dünyanın diqqət mərkəzində dayanır. Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunmasında da iqtisadi uğurlar, sabitlik diyarı kimi nüfuz qazanması, eyni zamanda, demokratik inkişafı həlledici rol oynayır.
Əvvəldə də qeyd etdiyimiz kimi, məhz ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində 1994-cü ilin 20 sentyabrında «Əsrin müqaviləsi»nin imzalanması ilə beynəlxalq əməkdaşlığa açılan yol bu gün uğurla davam edir. «Əsrin müqaviləsi»nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 23 illiyində, yəni 2017-ci ilin sentyabrında Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması da bunun bariz nümunəsidir. Azərbaycan bu gün təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi nüfuz qazanıb və beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirib. Ölkə Prezidenti İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bu inamı da ifadə etmişdir: « Gələcəkdə Azərbaycan öz iqtisadi potensialını inkişaf etdirdikcə, Azərbaycanda yeni neft yataqları kəşf olunandan sonra, BTC neft kəməri istismara veriləndən sonra, əlbəttə, ölkəmizin imkanları daha da artacaqdır. Hər il Azərbaycana milyardlarla dollar vəsait daxil olacaqdır. Bu vəsaitlə Azərbaycanda bütün sahələrdə quruculuq işləri aparılacaq, sosial problemlərin həlli istiqamətində böyük işlər görüləcəkdir.»
Ulu öndər Heydər Əliyevin siyasi kursunun son 18 ildə uğurla davam etdirilməsi nəticəsində əldə olunan uğurların ümumiləşdirilmiş ifadəsi olaraq cənab İlham Əliyevin bu fikirlərini xatırlayaq: «Bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var. Artıq biz bu barədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır… Bunu dost görür sevinir, düşmən gəlib görəndə kefi pozulur. Biz bundan sonra da elə işləməliyik ki, xalqımız, dostlarımız sevinsin, düşmənin pis niyyəti gözündə qalsın. Əminəm ki, belə də olacaq, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir.»
Bu gün Azərbaycan Zəfəri ilə dünyaya səs saldı. Artıq tarixi Zəfərimizin birinci ildönümünü qeyd etdik. Ötən il sentyabrın 27-də xalqa müraciətində Ali Baş Komandan hər kəsi birliyə çağırdı və dövlət-xalq-ordu vəhdəti milli həmrəyliyin bəhrəsi oldu. Cənab İlham Əliyevin xalqa müraciətindəki mətinlik, qətiyyət onu göstərdi ki, qüdrətli Sərkərdə güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz Liderinə arxalanır və qələbə müjdəsini səbirsizliklə gözləyirdi. Vətən müharibəsi dövründə Azərbaycan bütün cəbhələrdə öndə idi. Cənab İlham Əliyev Ali Baş Komandan kimi hərbi fəaliyyətindən tutmuş informasiya cəbhəsində apardığı mübarizəyə qədər hamısından qalib çıxdı. Dünyanın aparıcı media orqanlarına verdiyi müsahibələrdə tutarlı, sərrast cavabları, dəmir məntiqə əsaslanan arqumentləri ilə Ermənistanın bu sahədə apardığı yalan, heç bir həqiqətə əsaslanmayan böhtan dolu təbliğatını alt-üst etdi. Təkcə Vətən müharibəsi dövründə 30-dan artıq xarici KİV-ə müsahibə verən dövlət başçısı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla ölkəmiz haqqında beynəlxalq aləmdə müsbət rəy formalaşdırmağı bacardı. Artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini, müharibənin başlama səbəblərini açıqladı, terrorun Ermənistan tərəfindən dövlət səviyyəsində dəstəkləndiyini sübut etdi. Qərəzli, təxribat xarakterli suallara verdiyi təmkinli, səbirli, həmçinin əsaslandırılmış cavablarla hər kəsə öz yerini göstərdi. Müzəffər Ali Baş Komandanın “Dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər bir addımı qəhrəmanlıq dastanına çevrildi. Sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən savaşı müddətində Azərbaycan Ordusu tərəfindən 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın yaşayış məntəqəsi azad edildi. Qələbənin əldə edilməsində müasir ordumuzla yanaşı, güclü iqtisadiyyatımız, milli həmrəylik, iqtidar-xalq birliyi mühüm rol oynadı. Prezidentin həyata keçirdiyi siyasət yalnız ölkə daxilində deyil, eyni zamanda, bütün dünyada yaşayan azərbaycanlıların sıx birliyini, həmrəyliyini təmin etdi.
İkinci Qarabağ müharibəsinin başa çatmasından 6 gün sonra – noyabrın 16-da Ali Baş Komandan qalib Sərkərdə kimi Qarabağa səfər etdi. Bu, tarixi hadisə oldu. Həmin gün cənab İlham Əliyev savaş dövründə Azərbaycanın qəhrəman oğullarının döyüşə-döyüşə Şuşaya qədər getdikləri cığırları “Zəfər yolu” adlandırdı və Füzulidən Şuşaya aparacaq yeni avtomobil yolunun təməlini qoydu.
Bu gün Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində müstəqil Azərbaycan daha möhtəşəm gələcəyə doğru inamla addımlayır. Dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünü möhtəşəm nailiyyətlər, böyük uğurlarla qeyd edən Azərbaycan yalnız müstəqilliyinin bərpasının deyil, ümumiyyətlə, tarixinin ən qüdrətli dövrünü yaşamaqla bərabər, həm də ən möhtəşəm Zəfərinə müəlliflik edir. Bu Zəfərin memarı, böyük nailiyyətlərin səbəbkarı isə cənab İlham Əliyevdir.
Azərbaycanın uğurlarında öz payı, rolu olan Yeni Azərbaycan Partiyası Zəfərin reallıqları fonunda VII qurultayını keçirdi. Qurultayda yeni qərarların qəbulu, yeni tərkibin formalaşması qarşıdakı dövr üçün görüləcək işlərin aydın mənzərəsini yaratdı. Daim yeniləşməyə, təkmilləşməyə maraqlı olan YAP ölkədə baş verən islahatlar prosesinin bütün sahələrdə öz əksini tapması üçün səylər göstərir. Bu, özünü partiyanın qəbul etdiyi qərarlarda, irəli sürdüyü təşəbbüslərdə aydın şəkildə nümayiş etdirir. 2019-cu ilin sonlarında Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Azərbaycan palamentinin buraxılmasını və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsünü qeyd etmək kifayətdir. Bu təşəbbüs yeni parlamentin formalaşmasına yol açdı. Partiyanın qurultaylarında qəbul olunan qərarların həm öz fəaliyyətində, həm də ölkəmizin həyatında müsbət dəyişikliklərə yol açdığını nəzərə alsaq VII qurultayın tarixi hadisə kimi dəyərləndirilməsi də özündə bir çox məqamları ehtiva etdi.
Şübhəsiz, 29 ilin uğurlarını, keçilən şərəfli yolu bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Amma əsas olan budur ki, Azərbaycan dövləti, hakim Yeni Azərbaycan Partiyası əldə edilən uğurlarla kifayətlənmir, daim irəli baxır. Buna əmin olmaq üçün partiyanın ölkədə keçirilən seçki proseslərinə hansı devizlərlə qatıldığını nəzərdə keçirmək kifayətdir. Vaxtilə «Yeni Azərbaycan uğrunda» devizini özünün əsas fəaliyyət proqramı elan edən Yeni Azərbaycan Partiyası bu gün Zəfərimizin diktə etdiyi vəzifələri uğurla həyata keçirmək üçün dəmir yumruq kimi birləşməyə çağırışlar edir.
Göründüyü kimi, tarixin bütün sınaqlarından şərəflə çıxan Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə uğurlarımıza bələdçilik etməklə dövrün, zamanın tələblərinə uyğun olaraq daim yeniləşməyə maraq göstərir, yeni-yeni hədəflərin reallığa çevrilməsi istiqamətində bütün qüvvə və bacarığını birləşdirir.

