Siyasət 

Ermənilər hansı “ərazi mübadiləsi”ndən danışırlar?

“Azərbaycanla mümkün ərazi mübadiləsi ilə bağlı suala cavab vermək üçün sərhədlərin demarkasiyası və delimitasiyası prosesini bütünlüklə, tam keçməliyik”.

ARANTV.AZ Ermənistan mediasına istinadən bildirir ki, Ermənistanda hakimiyyətdə olan “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat, ölkə parlamentinin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan dünən parlamentdə keçirilmiş brifinqdə deyib.

Jurnalistlər Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda verdiyi bəyanatlara aydınlıq gətirməyə çalışıblar. Məsələn, Paşinyan bəyan edib ki, mayın 12-dən sonra Ermənistan ərazisinin 41 kvadrat kilometri Azərbaycan ordusunun nəzarətinə keçi: “Birinci Qarabağ Müharibəsindən sonra təxminən eyni sahədə Azərbaycan ərazisi də bizim nəzarətimizdə idi”.

Erməni jurnalistlərin fikrincə, N.Paşinyan Azərbaycanla ərazi mübadiləsinin mümkünlüyünə işarə vurub.

Paşinyanın rəhbərlik etdiyi partiyanın və ümumiyyətlə, Ermənistan iqtidarının mənsubları Azərbaycanla sərhədlərin delimitasiyası ilə demarkasiyası zamanı “ərazi mübadiləsi”ni istisna etmirlər.

E.Ağacanyanın dediyinə görə, “hələ çox iş görülməlidir”: “Zənn edirəm ki, bizi necə ağır və böyük həcmli iş gözlədiyinin fərqindəsiniz. Fikrimcə, yaradılacaq komissiya uzun sürəcək işdən sonra ərazi mübadiləsi ilə bağlı suallara cavab verəcək. Hələliksə sərhədlərin delimitasiyas və demarkasiyası zamanı hansı xəritələrdən istifadə olunacağını, tərəflərin hansı məntiqlə hərəkət edəcəyini bilmirəm. Məncə, indiki mərhələdə ərazi mübadiləsindən danışmaq çox tezdir”.

Eduard Ağacanyanın açıqlamalarındakı məntiq və məzmun, əslində, yeni deyil.

Xatırladaq ki, Azərbaycanın Ermənistanla hələ də dəqiq təsbit edilməyən, delimitasiya və demarkasiya olunmayan sərhədinin ümumi uzunluğu 996 kilometrdir.

Anklavlara gəldikdə isə, Azərbaycan-Ermənistan sərhəd zonasının şimal hissəsində dörd anklav var – biri Ermənistana (Başkənd) və üçü isə Azərbaycana (Sofulu, Yuxarı Əskipara və Barxudarlı) məxsusdur. Müharibədən sonra dörd anklavın hamısı qarşı tərəflər tərəfindən işğal edildi.

Hazırda Qazax rayonunun 7 kəndi Ermənistanın işğalındadır.

Həmin kəndlər Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləridir.

Bundan başqa, Naxçıvanın Sədərək rayonuna aid Kərki kəndi də erməni işğalındadır.

“Ərazi mübadiləsi”nə gəldikdə isə, Nikol Paşinyanın komandasındakı fiqurlar istəklərini reallıq, illüziyalarını isə hadisələrin mümkün məcrası qismində təqdim edirlər.

Ermənistanla sadəcə, sərhədlərin demarkasiyası və delimitasiyası, habelə regional nəqliyyat marşrutlarının bərpası ilə bağlı danışıqlar aparıla bilər.

Hər hansı formada və ya formatda ərazi mübadiləsindən isə söhbət belə, gedə bilməz.

Daha çox xəbərlər