Gündəm 

Növbəti təhlükəli virus anonsu: “quş qripi” qayıdır, yoxsa…

AQTA: “Ölkəmizdə yüksək patogen quş qripi xəstəliyinin törədicisinə rast gəlinməyib”

Koronavirus pandemiyası bitməmiş “quş qripi” virusunun yayılması ilə bağlı xəbərlər verilir. Tanınmış türkiyəli həkim Ümit Savaşçı bildirib ki, koronavirusdan daha yoluxucu və ölümcül olan “quş qripi” 14 ölkəyə yayılıb. Xüsusilə quşçuluqla məşğul olanları xəbərdar edən həkim “Ev quşları saxlayanlar heyvan ölümü və ya öskürək, qızdırma, oynaq və əzələ ağrısı kimi əlamətləri müşahidə etsələr, dərhal müvafiq qurumlara məlumat verməlidir”, – deyə bildirib. O deyib ki, quş qripi koronovirusdan daha təhlükəlidir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) da bir çox ölkələrdə quş qripinin yayılması ilə bağlı ölkələri sayıq olmağa çağırıb. Təşkilat ölkələri “quş qripi” epidemiyalarına nəzarəti gücləndirməyə çağırıb, çünki virusun yayılması altı ay ərzində Avropa və Asiyanın 41 ölkəsində qeydə alınıb. Bu il mayın 1-dən Böyük Britaniya, Fransa, Polşa, Rusiya, İsrail, o cümlədən Afrika, Asiya və Avropanın bir sıra müxtəlif regionlarından 41 ölkədə quşlarda və quşlarda yüksək patogenli “quş qripi”nin (HPAI) yayılması təsdiqlənib. HPAI-ın alt tipləri H5N1, H5N3, H5N4, H5N5, H5N6 və H5N8 hal-hazırda bütün dünyada quşlar və quşçuluq populyasiyaları arasında dövr edir. OIE mövcud vəziyyətlə bağlı narahatlığını bildirir, qeyd edir ki, alt növlərdə görünməmiş genetik variasiya, epidemioloji cəhətdən mürəkkəb vəziyyət yaradır.

Təşkilat onu da açıqlayıb ki, oktyabr ayında təxminən 16,000 HPAI virusu yayılıb ki, bu da virusun sirkulyasiya riskinin artdığını göstərir. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, 2014-cü ildə Çində ilk insan yoluxmasından bu yana, H5N6 alt tipinə aid 51 insanda yoluxma halı qeydə alınıb.

Rotterdamdakı Erasmus Universiteti Tibb Mərkəzinin müqayisəli patoloji professoru Thijs Kuiken bildirib ki, H5N6 alt tipli “quş qripi” sayılan insan infeksiyalarının artması mütəxəssisləri narahat edir, əvvəlki dövrdə olan ştamm dəyişib və insanlarda daha yoluxucu ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatından isə bildirilib ki, əksər vaxtlarda heyvanlar ev quşları ilə təmasda olub, virusun insandan insana ötürülməsi ilə bağlı təsdiqlənmiş fakt yoxdur: “Buna görə də ”təcili olaraq tədqiqat aparılmalıdır və insanlar üçün nə dərəcədə riskli vəziyyətin olduğu müəyyən edilməlidir. Eləcə də insanlara təsir gücünün nə qədər artdığı araşdırılmalıdır”.

Bununla belə, bir çox ekspertlər hesab edirlər ki, yeni virus variantları süni olaraq yaradılır. Ona görə də bəşəriyyətin bununla mübarizə aparması çətin olacaq. Yada salaq ki, hələ bir neçə ay öncə xarici ekspertlər “quş qripi”nin yayılacağı və daha təhlükəli şəkildə yoluxuculuğa malik olacağı barədə proqnoz vermişdilər…

Həkim: Azərbaycanda dördüncü dalğa olmayacaq

Aydın Əliyev: “Bu cür xəbərlər insanları qorxu içində saxlamaq məqsədi daşıyır, panika yaratmaq lazım deyil”

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev isə “Yeni Müsavat”a  bu fikirlərlə razılaşmadığını bildirib: “Bu cür xəbərlər insanları qorxu içində saxlamaq məqsədi daşıyır. Pandemiya baş verirsə, buna uyğun addımlar atılır, əvvəlcədən belə çıxışlar etmək, insanlar arasında panika yaratmaq lazım deyil. Bu cür fikirləri əsaslandırılmış hesab etmirəm.  Hər zaman epidemioloqlar, virusoloqlar, radioloqlar, immunoloqlar tövsiyələr verirlər, bildirirlər ki, şəxsi gigiyena qaydası ilə bağlı, qida təhlükəsizliyi ilə bağlı, qaydalara əməl etmək lazımdır. Çindən gələn koronovirus necə başladı, necə yayıldı? Orada gigiyena qaydalarına əməl etməməkdən bu pandemiya geniş vüsət aldı. Düzdür, başqa versiyalar da var. Amma virus ilk dəfə Çində Uhandakı bazardan yayıldı, orada anti-sanitariya vəziyyəti hökm sürürdü. Oradan da hər zaman təhlükə, infeksiya yayılma ehtimalı var. Hər hansı pandemiyanın qarşısını almaq üçün ilk olaraq gigiyena qaydalarına nəzarət etmək lazımdır. Yoxsa populist bəyanatlar vermək, insanlar arasında panika yaratmaq düzgün deyil”.

AQTA-dan vətəndaşlara quş qripi ilə bağlı XƏBƏRDARLIQ | KONKRET

Bəs görəsən, Azərbaycanda “quş qripi”nin yayılma ehtimalı nə dərəcədə realdır? Virusun digər ölkələrdən ölkəmizə gəlməsinin qarşısını almaq olarmı? Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Yeni Müsavat” a bildirilib ki, AQTA tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir: “Belə ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində OIE-nın təlimatlarına əsasən, ayrı-ayrı vaxtlarda 52 ölkədən epizootik risk daşıyan quşçuluq məhsullarına məhdudiyyət tətbiq edilib, ölkə ərazisinə xəstəlik törədicisinin girişinin qarşısının alınması üçün sərhəd keçid məntəqələrində nəqliyyat vasitələrinin dezinfeksiya edilməsi üçün aidiyyəti üzrə müraciətlər olunub. Eyni zamanda ölkə ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə 2020-ci ilin payız və 2021-ci ilin yaz mövsümlərində epizootoloji monitorinqlər keçirilib. Monitorinqlər çərçivəsində çöl quşlarından 247 patoloji material, ev quşlarından 3229 qan nümunəsi götürülmüş və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında analizlərə cəlb edilib. Aparılan araşdırmalar nəticəsində  ölkəmizdə yüksək patogen quş qripi xəstəliyinin törədicisinə rast gəlinməyib”.

Qurumdan o da bildirilib ki, görülən tədbirlər çərçivəsində AQTA ölkə ərazisi üzrə yüksək patogen “quş qripi” ilə bağlı epizootik vəziyyəti qiymətləndirmək məqsədilə 15 noyabr tarixindən növbəti epizootoloji monitorinqlərə başlayıb: “Monitorinqlər çöl quşları arasında Şabran və Xızı rayonlarındakı Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarınının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, əraziylə yanaşı çöl quşlarına ümumi baxış keçirilməsi, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu sahədə çalışan əməkdaşları tərəfindən çöl quşlarının ovlanmasını əhatə edir.

AQTA sahibkarlara Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) tərəfindən dünyanın müxtəlif ölkələrində müəyyən olunmuş “quş qripi” xəstəliyi ilə bağlı məsələlərə daha diqqətli olmağa və məsuliyyətlə yanaşmağa, eyni zamanda ölkəmizə quşçuluq məhsulları idxal edərkən mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyi tövsiyə edir”.

Daha çox xəbərlər