Möhsün Pakayin: İranla Azərbaycan münasibətləri inkişaf etdirmək istəyindədir
Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin Tehrana səfəri hər iki tərəfin münasibətləri qoruyub saxlamaq və inkişaf etdirmək istəyində olduğunu göstərdi.
ARANTV.AZ xəbər verir ki, bu sözləri İranın Azərbaycan Respublikasındakı keçmiş səfiri Möhsün Pakayin yerli mətbuata açıqlamasında deyib.
İranın yeni hökumətinin xarici siyasətində qonşularla, o cümlədən Azərbaycanla əlaqələri inkişaf etdirməyin prioritet istiqamət olduğunu deyən sabiq səfir əlavə edib ki, İran ilə Azərbaycan beynəlxalq əhəmiyyət daşıyan iqtisadi layihələrin həyata keçməsi üçün birgə iş aparırlar: “Şahin Mustafayevin səfəri zamanı İran rəsmiləri ilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara dəmir yolunun çəkilişini müzakirə etməsi də təsadüfi xarakter daşımırdı. Bu layihə Fars körfəzi və Cənub-Şərqi Asiya ölkələri ilə Şimali Avropanı nəqliyyat baxımından birləşdirəcək. İran və Azərbaycan Asiya ilə Avropa arasında tranzit rolunu oynayacaq. Asiyadan Avropaya və əks istiqamətə daşınan yüklər İran ilə Azərbaycan ərazisindən tranzit olaraq keçəcək. Bu çox əhəmiyyətli layihədir. Yolun Qəzvin-Rəşt hissəsi istismara buraxılıb. Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir”.
M.Pakayin qeyd edib ki, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin davam etməsi hər iki ölkənin iqtisadi inkişafı üçün mühüm xarakter daşıyır.

