Əlilərin, «HƏP»lərin, vay-şivəni
Havadarlarının sifarişlərini yerinə yetirən AXCP-nın, Haqq Ədalət Partiyasının, «Milli Şura»nın qaragüruhçuları siyasi səhnənin texniki personajlarıdırlar
İllər dəyişir, zaman öz axarı ilə davam edir. Amma bataqlıq təfəkkürü ilə yaşayan radikal düşərgə təmsilçilərinin hadisələrə aydın, xoş niyyətlə baxmaq adətləri dəyişmir. Əməlləri kimi siyasətləri də qara rəngdən ibarət olan AXCP sədri Əli Kərimli, xarici ölkələrdə tur ataraq Azərbaycan haqqında qara fikirlərini sərgiləyən «Milli Şura»nın oyuncaq başçısı Cəmil Həsənli və onların əlaltıları üçün yaxşı fikir söyləmək cəhənnəm əzabından da betər işgəncədir. Radikallar dəstəsinə qoşulan Əli İnsanovun Haqq Ədalət Partiyası (HƏP) da qaragüruhçu əməllərini bu kontekstdə sərgiləyir.
Azərbaycanın 44 gün davam edən müharibədəki Zəfəri, torpaqlarımızın işğaldan azad edilməsi, əsl sahibini gözləyən Zəngəzur dəhlizinə marağın artması, ölkəmizin dünyada möhkəmlənən nüfuzu belə bu qəflət yuxusuna gedənləri oyatmır. Bütün Azərbaycan xalqı siyasi əqidəsindən , milliyyətindən asılı olmayaraq uğurlarımıza milli birlik kimi sevinsələr də, adətlərinə sadiq qalan bu nakəslər əksinə mənfur niyyətləri ilə bu həmrəyliyə xələl gətirməyə çalışırlar.
Belə yerdə deyiblər ki, Əlisi dəli, Vəlisi dəli bu qırılmışın hamısı dəli. «Bəyə xana yaradı, keçəl qıza yaramadı» misalına uyğun olaraq bütün uğurlarımıza qara pərdə arxasından baxan əlilər əlbir olaraq yenə də Azərbaycana xarici düşmənlərimizin gözü ilə baxır, onların dili ilə danışırlar. Azərbaycana olan xoş münasibəti özlərinin məhvi kimi anlayanların əqidəsi də amalı da varlanmaq, daha çox qrant sahibi olmaqdır.
Özləri lüks həyat keçirsələr də, bahalı maşınlarda gəzib, qorumaların əhatəsində dolansalar da yenə də «ah-vay» deməkdən usanmırlar. İqtidarda olduqları dövrdə xalqın başına açdıqları oyunları unudan, talan etdikləri dövlət əmlakından qazandıqlarını xarici ölkələrin banklarında gizlədən Əli Kərimli kimi adaşı Əli İnsanov da küncdə-bucaqda təxribat xarakterli əməllərini davam etdirir, respublikada aparılan islahatlara, işğaldan azad olunmuş ərazilərdə davam etdirilən bərpa-quruculuq işlərinə qara yaxmaqla məşğuldurlar. Amma həqiqət qarşısında acizliklərini hiss edən bu yaramazlar unudurlar ki, beş-üç nəfər özü kimi iqtidarsızları ətraflarına toplamaqla heç nəyə nail ola bilməyəcəklər. Ötən əsrin sonlarında xalqı aldadanlar, gəncləri mitinqlərə səsləyərək əvəzində xarici təşkilatlardan pul qoparanlara, meydan təfəkkürü ilə varlananlara inananlar yoxdur. İnsanlar bədniyyətli şarlatanlardan eşitdiklərinə deyil, gördüklərinə inanırlar.
1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin səbatsızlığı üzündən xaos içində qalan respublikada baş verən hadisələr, ölkədə yaranan dözülməz vəziyyət, özbaşınalıq yaxın tariximizin qara səhifəsidir. Əli Kərimli, o dövrdə iqtidarda olan digərləri Azərbaycan xalqını dərin böhrana sürüklədilər. Ölkəni xaos, anarxiya, özbaşınalıq bürüdü, dinlərarası, millətlərarası münasibətlərə böyük ziyan vuruldu. O illərdə düçar olduqları böhranlı günlərin şahidləri Xalq Cəbhəsinin iqtidarlıq dövrünü tariximizin qara ləkəsi, rüsvayçılıq dövrü adlandırırlar. Elə buna görə də Azərbaycan xalqı bu antimilli, satqın və qorxaq hakimiyyətə cəmi bir il dözə bildi, bir ildən sonra xilasları üçün ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət edərək ölkənin gələcəyini ona etibar etdilər. Xalq Cəbhəsi-Müsavat cütlüyünün xəyanətkar hakimiyyəti dövründə on minlərlə insan saatlarla çörək növbəsində dayanırdı. Küçələrdə silahla gəzən əli silahlı quldurlar insanlarda xof yaradırdılar. Özlərini demokrat adlandıran bu ünsürlərin sabatsızlığı səbəbindən insanlar ədalətsizliyə məruz qalırdılar. O dövrdə prezidentin kabinetinin qapısını ayaqları ilə açırdılar. Dövlətin xəzinəsi boş idi, Xalq Cəbhəsi-Müsavat ləl-cavahirat fondunu belə talamışdılar.
İndi Azərbaycanda xarici qonaqların belə etiraf etdikləri inkişafın, yüksəlişin, əmin-amanlığın, torpaqlarının azad edilməsinin sevincini yaşayan insanların yüksələn əhval-ruhiyyəsi təbii ki, qaragüruhçuları narahat edir. Özlərinin varlığını hiss etdirmək, xarici təşkilatlardan qrant qoparmaq üçün bu inkişafa ləkə salanlar ölkəmizdəki quruculuğa, yüksəlişə qısqanclıqla yanaşırlar. Buna görə də qaragüruhçu əlilərin, «HƏP»çilərin, «şura»çıların təxribat yolunu tutmaqdan başqa əlacları yoxdur.

