Azərbaycançılıq ideologiyası Azərbaycanın düşmənlərinin planlarını necə pozdu – faktlar
Tural İsmayılov: “Bugünkü qalib Azərbaycan məhz bu ideologiyanın dayaqları üzərində möhkəmlənib”
2021-ci ilin başa çatmasına sayılı günlər qalır. Bu il Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyan iki hadisənin-Azərbaycanın Dövlət müstəqilliyinin bərpasının 30-cu, işğaldakı torpaqlarının azad edilməsinin isə 1-ci ildönümü ilə əlamətdar il oldu. Həm dövlət müstəqilliymizin əldə olunması və möhkəmlənməsində, həm də işğaldakı ərazilərimizin azad olunmasında azərbaycançılıq ideologiayasının çox böyük rolu olduğu bəllidir. Müstəqilliyinin bərpasının 30-cu ilini yaşayan Azərbaycanın bu dövrü müxtəlif siyasi, iqtisadi, sosial hadisələrlə yadda qalıb. Ən əsası bu illər ərzində azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyər olub.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası Azərbaycanda yaşayan, onu vətən bilən bütün fərdləri birləşdirən ideologiyadır. Azərbaycançılıq milli məfkurədir. Azərbaycançılığın dövlətçiliyə tətbiqi ölkənin bütün istiqamətlərdə möhkəmlənməsinin təməlində dayanan mühüm faktordur. Heydər Əliyev konstitusiyamızda ilk dəfə bunu nəzərə aldı. Dünya azərbaycanlılarının qurultayında məşhur deyim olan “Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadəsini işlətdi və qeyd etdi ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır, hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.
Azərbaycançılıq ideologiyası böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal dəyərlər sistemidir. Eyni zamanda azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətinin bütün təbəqələrində qəbul edilən, mənimsənilən və həyat tərzinə çevrilən bir ideoloji xətdir. Azərbaycançılıq bizim həm dövlət, həm də milli ideologiyamızdır.
Təsadüfən deyilməyib ki, ideologiya vətən haqqında vahid elmi sistemdir. Ona görə də bizim bugünkü dövlətçiliyimizin atributları Azərbaycanın bayrağı, gerbi, himni, pulu və konstitusiyası məhz azərbaycançılığa əsaslanır.

Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov bu barədə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, inkişafında, bu gün ölkəmizin qlobal gücə çevrilməsi prosesində azərbaycançılıq ideologiyasının müstəsna təsiri olub və var: “SSRİ-nin süqutundan və Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ilk bir neçə ildə ölkəmizdə qarmaqarışıq vəziyyət, xaos hökm sürürdü, mərkəzdənqaçma meylləri baş qaldırmışdı. Ölkənin ağır durumdan xilası çoxları üçün mümkünsüz görünəndə məhz azərbaycançılıq ideologiyası bu təhlükəli vəziyyətdən çıxmaqda ölkənin, xalqın harayına çatdı. Bu ideologiyanın banisi Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə onun müəllifi olduğu azərbaycançılıq ideologiyası Azərbaycanda rəsmi status aldı. Məhz bu amil Azərbaycanın xilası oldu. Əldən getmək üzrə olan dövlət müstəqilliyimizi bu ideologiya qorudu, dirçəltdi. Xalqı bu ideologiya ətrafında birləşdirmək mümkün oldu. Azərbaycanın parçalanmasını, məhv olmasını gözləyən düşmənlərin planlarını, arzularını məhz azərbaycançılıq ideologiyası, bu ideologiyanın Heydər Əliyev tərəfindən böyük müdrikliklə həyata keçirilməsi pozdu. Azərbaycan inkişaf yoluna qədəm qoydu, xaos sabitliklə, mərkəzdənqaçma meylləri güclü Azərbaycan qurmaq, milli birlik ideyasının xalqın şüuruna hakim kəsilməsi ilə, ruh düşkünlüyü, gələcəyə inamla əvəz olundu”.
Ekspert qeyd etdi ki, azərbaycançılıq ideologiyasının təməl prinsipləri 1995-ci ildə müstəqil Azərbaycanın qəbul olunan Konstitusiyasının yaranmasında ciddi təsirə malik oldu. Ölkədə siyasi islahatlara başlanması prosesi bu ideologiyanı özünə meyar kimi seçdi. Ölkəmizin beynəlxalq birlik tərəfindən ciddi bir dövlət kimi qəbul olunmasında, gənclərin milli ruhda tərbiyələnməsində, çox vətənpərvər milli ruhda gənc nəslin yetişməsində azərbaycançılıq ideologiyasının son dərəcə böyük təsiri olub. Bu təsir bu gün də var: “Azərbaycanın bəxti həm də gətirdi ki, Heydər Əliyevdən sonrakı dövrdə onun müəllifi olduğu ideologiya Prezident İlham Əliyev tərəfindən çox böyük uzaqgörənliklə həyata keçirildi. Bugünkü qalib Azərbaycan məhz bu ideologiyanın dayaqları üzərində möhkəmlənib. Dövlət siyasətinin əsas ideoloji tezisinə çevrilən azərbaycançılıq fəlsəfəsi Azərbaycanda yaşayan çoxsaylı millətlərin vəhdət halında Azərbaycan dövlətinin inkişafı, ərazi bütövlüyü uğrunda ayağa qalxmasına gətirib çıxardı və nəticədə 30 ilə yaxın Ermənistanın işğalında olan torpaqlarımız azad edildi. Bütün bunların təməlində yenə də azərbaycançılıq ideologiyası, bu ideologiyanın dövlətin milli siyasətinə çevrilməsi durur.
44 günlük Vətən müharibəsi göstərdi ki, ölkədə xalq-iqtidar, xalq-ordu birliyinin kökündə də məhz elə azərbaycançılıq ideologiyası dayanır. Bu ideologiyanın təsiri nəticəsində həssas məsələlərdə xalq olaraq bir yumruq olmağı bacardıq və işğalçı ermənilərin başına endirdiyimiz “dəmir yumruq”la paralel həmin dövrdə Qarabağın işğaldan azad olunduğu 44 günlük savaş dönəmində cəmiyyətin içərisində də “Vahid Vətən”, “Vahid Dövlət” və “Vahid Azərbaycan” anlayışı ətrafında sıx birlik yarandı.
Azərbaycançılıq ideologiyası bundan sonra da uğurla inkişaf etdirilərək dövlət siyasətinin məhvərində olmağa davam edəcək, Azərbaycanda milli birliyin təməlində dayanmaq ən mühüm amillərdən biri olaraq qalacaq”.

