Peşə məktəblərinə qəbul üçün ərizə verənlərin sayı 30 faiz artıb
Azərbayanda peşə məktəblərinə qəbul üçün ərizə verənlərin sayı son dövrdə 30 faiz artıb.
ARANTV.AZ xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, peşə məktəblərinə qəbul 12 % artıb: “Hazırda peşə məktəblərində təhsil alanların sayı 26 500 nəfərdir. Sovet dövründə ali təhsil müəssisələrinə qəbul üçün plan yerlərinin sayı 15-16 min idisə, hazırda bu rəqəm 48 min civarındadır. Son 5 ildə əhalinin demoqrafik inkişafı ilə əlaqəli ərizə və qəbul arasındakı fərq 2 dəfədən aşağı düşüb. Universitetə qəbul üçün 90 minə yaxın şəxs ərizə verirsə, təxminən 48 mini qəbul olur”, – deyə E.Əmrullayev bildirib.
O vurğulayıb ki, məzunların ixtisas sahibi olması dövrün problemidir: “Hər il bu sahədə vəziyyət nisbətən yaxşılaşsa da, hələ də bu problemin həlli istiqamətində addımlar atılmalıdır. Azərbaycanda hər il doğulan 150-160 min uşaq məktəbi və ya hər hansı təhsil pilləsini bitirəndə əmək bazarına ixtisas sahibi olmadan daxil olur. 9-cu sinfi bitirir, əlində təhsil sənədi var, lakin heç bir ixtisası yoxdur, 11-ci sinfi bitirir və eyni problemlər qalır.”

