Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ötən il keçirilən Zəfər paradında səsləndirdiyi bu fikir bu gün reallıqda özünü nümayiş etdirir
«Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.» Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında çıxışını bu fikirlərlə bitirmişdir: «Hər kəs bilir ki, Ermənistan rəhbərliyi bir il bundan əvvəl demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən isə demişdim ki, “Qarabağ Azərbaycandır və nida”. Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı! Yaşasın Azərbaycan əsgəri!»
Azərbaycan ordusu 30 ilin nisgilinə son qoydu. 44 günlük müharibədə əldə olunan qələbə 10 noyabr üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Bu Bəyanat Azərbaycanın siyasi qələbəsinin, Ermənistanın məğlubiyyətinin təqdimatı idi. Dünya bir daha bu reallığın şahidi oldu ki, ermənilər nə qədər havadarlarına arxalanıb işğal altında saxladıqları torpaqlarımızda istehkamlar qursalar da, güclü hərbi texnika ilə təmin olunsalar da Azərbaycan Ordusu bütün bu istehkamları yarıb keçərək torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırdı. Ötən il dekabrın 10-da keçirilən hərbi paradda məhz bu byraqlarımız dalğalandı.
Ümummilli lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 18 ildə uğurlu davamının nəticələri göz önündədir. Azərbaycan dayanıqlı və davamlı inkişafı ilə dünyanın diqqətindədir. İqtisadi tərəqqi hər bir sahədə uğurlu addımların atılmasını şərtləndirdi. Azərbaycana hansı sahədən diqqət yetirsək böyük inkişafın, tərəqqinin, yeniliyin şahidi oluruq. İqtisadi tərəqqi ordu quruculuğu sahəsində mühüm addımların atılmasına yol açdı. İşğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyildi və bu gün də deyil.
Son 18 ilin mühüm uğurlarından biri kimi düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində məğrur, yenilməz xalq olmağımızla fəxr edirik. Azərbaycan xalqının başı uca, alnı açıqdır. 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz milli kimliyimizi, qürurumuzu özümüzə qaytardı. İşğal altında olan torpaqlarımız azad olunub, öz tarixi sahibinə qayıdıb. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nail olduğu möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin arzularının həyata vəsiqə almasının təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında Azərbaycanın uğurlarından bəhs edərkən daim bildirir ki, bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Bu gün Azərbaycan regionda inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üxvünə çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. İqtisadi müstəqillik Azərbaycanın siyasi müstəqilliyini şərtləndirdi. Dövlət başçısı İlham Əliyev 44 günlük müharibə dövründə xalqa müraciətlərində, eyni zamanda, 10 noyabr Zəfər tariximiz münasibətilə xalqa təbrikində və çıxışlarında qələbəmizdə iqtisadi və siyasi müstəqilliyin rolunu xüsusi qeyd edir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, ən əsası bu gün tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycan Ordusunun döyüş meydanında qələbəsinə yol açdı. Azərbaycan dünyaya sübut etdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur və onların icrası üçün vahid mexanizm olmalıdır. Bu qələbə dünyanın yeni xarici siyasətinin formalaşmasında, yeni reallıqların yaradılmasında əhəmiyyətli rol oynadı.
Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir. Vəsiyyətini də yeri gəlmişkən Sizdən öyrənmək istərdik. Vəsiyyətini hazırda həqiqətən yerinə yetirirsiniz. Sizi də, Azərbaycan xalqını da Türkiyə xalqı adından təbrik edirik. Atanızın vəsiyyəti barədə nə söyləmək istəyirsiniz” sualını belə cavablandırmışdır: “Bilirsiniz, mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir.»
Dövlətimizin başçısı bu məqamı xüsusi qeyd etmişdir ki, əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir. Biz buna nail olmaq üçün böyük səy göstərdik – siyasi, iqtisadi, diplomatik, hərbi. Bizim ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir: «Mənə verilən məlumata görə, inkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Mən əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq. Ona görə atamın yoluna sadiq qalaraq bu şərəfli missiyanı icra edirik. İnşallah, sona qədər başa çatdıracağıq.”»
Dövlətimizin başçısı, Ali Baş Komandan bu missiyanı da şərəflə yerinə yetirdi. Cənab İlham Əliyev daim bildirirdi ki, mən nəyi nə zaman etmək lazım olduğunu bilirəm. Ölkə Prezidenti bütün təzyiqlərə baxmayaraq qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilmədi, işalçı Ermənistanın baş nazirinin irəli sürdüyü 7 şərtə cavab olaraq yalnız bir şərti qoydu ki, o da torpaqlarımızdan çıxmaları idi. 300-ə qədər yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildikdən sonra diz çökən Ermənistan çıxılmaz vəziyyətdə qaldı. Ya tamamilə məhv olmalı idi, ya da Bəyanata imza atıb məğlubiyyətini etiraf etməli idi. Noyabrın 10-da imzalanan Bəyanat Azərbaycanın 30 ilə yaxın dövrdə gözlədiyi anın dünyaya təqdimatı oldu.
Qeyd etdiyimiz müsahibədə dövlətimizin başçısı İlham Əliyevin «Azərbaycan çox güclü bir ordu yaratdı. Birinci Qarabağ müharibəsində hava qüvvələri belə yox idi, ancaq indi artıq güclü bir hava qüvvələri, güclü bir ordu var. Təbii ki, “TB2” silahlı pilotsuz uçuş aparatları da bölgədə böyük bir güc oldu. Türkiyədən satın aldınız və hazırda istifadə edirsiniz. Silahlı pilotsuz uçuş aparatları müharibənin gedişini necə dəyişdirdi» sualına cavabı da maraqlı və diqqətçəkən oldu. Cənab İlham Əliyev bildirmişdir ki, çox dəyişdirdi. Ermənistan 30 il ərzində işğal edilmiş o bölgələrdə bütün təmas xətti boyunca çox güclü istehkam qurmuşdu: «Çox böyük mühəndis-istehkam işləri görmüşdü. Bəzi yerlərdə onların dörd müdafiə xətti var. Böyük xəndəklər qazıldı, digər mühəndislik işləri görüldü. Çox böyük beton plitələri vardır, sığınacaqlar vardır, bunkerlər vardır. Bir də bölgənin relyefi elədir ki, o, təbii istehkamdır. Çünki o dağlıq ərazidir və biz aşağıdan yuxarı gedirik. Hər bir ordu üçün bu, böyük çətinlikdir. Çətin bir iş və çox riskli bir işdir. Ona görə bizim bu istiqamətdə gördüyümüz işlər, əlbəttə ki, böyük qəhrəmanlıq tələb edirdi və biz düşmənin texnikasını dəqiq məhv etmək üçün mütləq pilotsuz uçuş aparatlarına möhtac idik. Çox şadıq ki, qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi bu gözəl SİHA-ları və İHA-ları istehsal etməyə başlamışdır. Azərbaycan Türkiyənin xaricində ilk ölkələrdəndir ki, bu SİHA-ları ala bildi. Mən artıq bunu söyləmişəm, yalnız Türkiyə istehsalı olan SİHA-larla bir milyard dollar dəyərində olan erməni hərbi texnikası məhv edildi. Qalan bir milyardı da bizim hərbi vasitələrlə məhv edildi. Yəni, bu, müharibənin gedişatını çox dəyişdirdi.»
Bu Qələbə gözlənilən idi. Hər kəs Dağlıq Qarabağ münaqişəsinin həllində hərb yolu seçiləcəyi təqdirdə Ermənistanın sarsıdıcı məğlubiyyətə uğrayacağına əmin idi. Çünki dövlətimizin başçısı İlham Əliyev möhkəm təmələ əsaslanaraq elə bir ordu yaradıb ki, onun qarşısında Ermənistanın duruş gətirməsi tamamilə mümkünsüz idi. Bu illər ərzində möhtərəm Prezident ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlara sadiqlik nümayiş etdirməklə, Ermənistanın bu prosesdəki imitasiyasını böyük səbirlə izləməklə yanaşı, ordu quruculuğu məsələlərini xüsusi diqqət mərkəzində saxladı. 18 ildə ordu quruculuğu İlham Əliyevin inkişaf siyasətinin xüsusi prioritetlərindən birini təşkil edib. Bu məqsədlə inkişaf etmiş hərbi sənaye kompleksinə malik olan dövlətlərdən müasir silah və texnikalar alınaraq ordumuzun maddi-texniki bazası daha da möhkəmləndirilib. “Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim Prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir”» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, bu sahə daim diqqət mərkəzində olacaq.
Noyabrın 8-də, 28 illik həsrətdən sonra Qarabağın ürəyi Şuşanın rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsində Azərbaycanın ən mühüm qələbələrindən biri oldu. Müharibədə asan qələbə olmur. Bu qələbəni 3 minə yaxın şəhidin qanı ilə, hərbçilərimizin şücaətləri ilə qazandıq. Şuşanın işğaldan azad olunduğu günün Zəfər Günü, İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixinin Anım günü kimi təsis edilməsi təsadüfi deyil. Xalqımız Qələbəyə gedən yolu hər zaman xatırlamalı, bu Qələbəni bizə yaşadan şəhidlərimizi heç zaman unutmamalıdırlar.
Ötən il dekabrın 10-da Vətən müharibəsində Qələbəyə həsr olunmuş hərbi parad keçirildi. Xalqımız bu paradı böyük ruh yüksəkliyi ilə gözləyirdi. Qalib ölkənin xalqı olaraq Müzəffər Ordumuzun Azadlıq meydanında izləmək qürurverici idi. Azadlıq Meydanında keçirilən hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu.
Həmin paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenə də Prezident İlham Əliyevin yanında olması dünyaya növbəti mesaj oldu. Dost, qardaş Türkiyənin Prezidenti bu fikri böyük qürur hissi ilə qeyd edir ki, azərbaycanlı qardaşlarımızın mübarizəsi nəticəsində artıq bu gün Qarabağ səmalarını köhnə bir bez parçası deyil, ay və ulduz bəzəyir. Azərbaycan bayrağı Qarabağda qürurla dalğalanır.
Xalq-Prezident-Ordu birliyi sayəsində əldə olunan Zəfərimiz Azərbaycanın qarşısında daha böyük imkanlar yaradır. Əsas olan budur ki, biz məğrur, öz tarixinə sahib çıxan, bir qarış belə torpağını düşmənə verməyən, mübarizəsindən geri dönməyən xalq olduğumuzu nümayiş etdirdik. Bu qürur qarşıdakı dövr üçün stimulverici amil rolunu oynayır. Son bir ilin uğurları bunu deməyə əsas verir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza qalib ölkənin qalib Prezidenti kimi səfər etməsi böyük qürurdur. 30 il işğal altında qalan, amma heç zaman əyilməyən, qürurunu sındırmayan torpaqlarımız bu gəlişdən sevincli, toy-büsatlı olur. Ali Baş Komandanın qeyd etdiyi kimi, biz bu torpaqlardayıq və əbədi olacağıq.

