Əsas səhifə 

Növbəti Zəfər bayramımız Zəngəzur dəhlizinin açılacağı gün olacaq

İlham Əliyevin vurğuladığı kimi, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq: «İstəməsə, zorla həll edəcəyik»

Ötən il dekabrın 10-da paytaxtımızda «Dəmir yumruq» adlı Zəfər paradının keçirilməsi ilə «Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» çağırışını reallaşdıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi missiyasını şərəflə yerinə yetirdi. Vətən müharibəsini Zəfərlə başa çatdıran, insanlara Qələbə sevinci yaşadan Azərbaycanın Silahlı Qüvvələri «xalq-ordu» birliyinin qüdrətini göstərdi. Bu Qələbə xalqımızın mübarizlik ruhunun, vətənpərvərliyinin, azadlıq uğrunda mübarizə aparmaq əzminin nümunəsi, Türkiyə-Azərbaycan həmrəyliyinin nümayişi idi.

Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var idi. Azərbaycan xalqının 30 illik yurd həsrətinə son qoyan İkinci Qarabağ müharibəsinin təntənəsi olan paradda ən müasir hərbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş qüdrətli Azərbaycan Silahlı Qüvvələri ilə birgə düşmənin döyüş meydanlarında qoyub qaçdığı, Milli Ordumuz tərəfindən darmadağın edilmiş, qənimət götürülmüş sınıq-salxaq hərbi texnikalarının nümayişi Ermənistana hərbi və mənəvi zərbə oldu. İşğal altında saxladıqları ərazilərdə möhkəmləndirdikləri istehkamlar, səngərlər, cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika Ermənistanı biabırçı məğlubiyyətdən xilas edə bilmədi. Azərbaycanın XXI əsrin tələblərinə uyğun apardığı döyüş əməliyyatlarında düşmənin fərarilərdən ibarət ordusu ilk günlərdən səngərləri tərk edərək təslim oldular, texnikaları metal parçasına döndü. Ermənistanın «güclü ordu» mifi darmadağın edildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərbi Qənimətlər Parkında «məskunlaşaraq» erməni rəzilliyini təsdiqlədi. Zəfər paradında hərbi qənimət kimi götürülən dağıdılmış erməni tanklarının, texnikasının nümayişi faşist, Ermənistanın havadarlarına mesaj idi. Ermənistana ən böyük siyasi, hərbi , diplomatik zərbə isə işğalçı dövlətin Bakıda Qənimətlər Parkının tezliklə bağlanması, erməni əsilli şəxslərin dərhal qaytarılması ilə bağlı vəsatətlərinin Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən rədd edilməsidir.

Zəfər paradının digər önəmi mərasimin dostluq və qardaşlığın rəmzi kimi tarixə yazılması, tribunada Prezident, Ali Baş Komandan İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın çiyin-çiyinə dayanması, qardaş ölkəni təmsil edən rəsmi şəxslərin iştirakı, hərbçilərinin Azadlıq meydanında nümunəvi keçidi oldu. Bütün dünya bir daha Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının sarsılmazlığını gördü. «Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, regionda modern silahlarla təchiz edilmiş Müdafiə Nazirliyini, Dövlət Sərhəd Xidmətini, Daxili İşlər Nazirliyini təmsil edən qoşunlarımız vəzifələrini layiqincə icra etdilər. Zəfər paradı Milli Ordumuzun gücünün, qüdrətinin nümayişi idi. Xalqımız əmin oldu ki, ən müasir döyüş texnikasına və təcrübəsinə malik ordumuz nəinki istənilən təxribatın qarşısını almağa, düşmənin bütün mövqelərini anında məhv etməyə qadirdir. Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, hərbi birləşmə və tədris müəssisələrinin şəxsi heyətlərinin iştirak etdiyi Zəfər paradında ölkə ictimaiyyəti bir daha dövlətimizin müdafiə qüdrətinin , ordumuzun döyüş və qələbə əzminin şahidi oldu.

Zəfər paradında qətiyyətli sərkərdə, Ali Baş Komandan kimi qürurla çıxış edən, «Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir» söyləyən dövlət başçımız onu da vurğuladı ki, Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır və xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb və yaşayacaqdır.
BMT Təhlükəsizlik Şurasının, bu təşkilatın Baş Assambleyasının kağız üzərində qalan qətnamələrini, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin və digər qurumların qəbul etdikləri bəyanatlarda yer alan Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı müddəaları öz gücünə yerinə yetirən Azərbaycanın haqq işini dəstəkləyənlərin sayı çoxaldı. Münaqişənin sülh yolu ilə həlli üçün yaranan hüquqi zəmindən istifadə etməklə müharibə variantının da istisna edilmədiyini dəfələrlə bəyan edən Azərbaycan Ermənistanın 30 illik işğalına 44 gündə son qoydu, işğalçını dəstəkləyənlərə ədalət dərsi verdi.

«Biz bu illər ərzində güc toplayırdıq, həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində iqtisadiyyatımızı gücləndirirdik, biz ordumuzu gücləndirirdik» söyləyən Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin «Qarabağ Ermənistandır» sayıqlamasının üstündən əbədi xətt çəkdi. Hər anı şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılan 44 gündə məğlub Ermənistana qalibə layiq dərs verdi. İlk hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda, Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi, Azərbaycan bayraqları qaldırıldı. Şanlı müharibəmizə Şuşa şəhərində yekun vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi isə tarixi nailiyyətimiz oldu. İşğal altına düşmüş ilk şəhərimiz Şuşa erməni əsarətindən qurtaran son şəhərimiz olsa da, mədəniyyət paytaxtımızın sahiblərinə qaytarılması ilə ermənilərin yaratdıqları mif dağıldı.

«Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, biz müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanmışıq. Halbuki bir çoxları, xüsusilə bu məsələ ilə məşğul olan vasitəçilər dəfələrlə demişdilər ki, münaqişənin hərbi həlli yoxdur. Amma biz sübut etdik ki, münaqişənin hərbi həlli var» sözləri ilə də Ermənistana siyasi və hərbi müstəvidə qalib gəldiyini qürurla bəyan etdi. Döyüş meydanında, informasiya cəbhəsində, diplomatiyada Ermənistanı məğlub edən Azərbaycan tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. «Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq» söyləyən Prezident İlham Əliyevin xalqa hər müraciəti Azərbaycanın varlığının əbədiyyət rəmzi idi.
Zəfər paradında iştirakı ilə sevincimizə şərik olduğunu «Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin «Bir millət, iki dövlət»” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik» sözlərilə təsdiqləyən, Zəfərimizlə birgə qürur duyduğunu bildirən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğuladı ki, bu günə qədər siyasi və hərbi sahələrdə hiss edilən mübarizəmiz bundan sonra çox fərqli cəbhələrdə davam edəcəkdir. Bir milyon qaçqın və məcburi köçkünün doğma ocağına qayıtması üçün işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərində türkiyəli mütəxəssislərin iştirakını qardaş yardımı adlandıran Rəcəb Tayyib Ərdoğan Böyük Qayıdışın sürətləndirilməsi üçün qardaşlıq yardımını heç vaxt əsirgəməcəyini də bildirdi.
Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış xarıbülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır: «Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür» söyləyən Rəcəb Tayyib Ərdoğan qardaşlıq duyğularını ifadə etdi.

Qarşıdakı Zəfər günümüz isə bütün türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi gün olacaq. O gün yaxındadır və mütləq olacaq!

Daha çox xəbərlər