Gündəm 

Ağdam Sənaye Parkı: “Beş biznes plana baxılır”

“İşğaldan azad olunduqdan sonra Ağdam şəhərində ilk elektrik enerjisi və su təchizatı sistemi Ağdam Sənaye Parkının ərazisində quraşdırılıb. Mobilizasiya şəhərciyində konteyner tipli səkkiz ədəd yataqxana (40 nəfərlik), tibb məntəqəsi, iki ofis, ərzaq və təsərrüfat marketləri, aptek, yeməkxana, camaşırxana, idman meydançası və iki ədəd sanitar qovşaq inşa olunub”.

arantv.az-ın məlumatına əsasən, bunu keçirdiyi brifinqdə İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifələrini icra edən Elşad Nuriyev deyib.

Onun sözlərinə görə, konteynerlərin ətrafına 480 metr uzunluğunda hasar inşa edilib:

“Mobilizasiya şəhərciyinə asfalt yol çəkilib, kiçik park salınıb və abadlıq işləri tamamlanıb. Sənaye Parkının işıqlandırılmasında günəş enerjisi ilə qidalanan panellərdən istifadə edilir. Bundan başqa sənaye parkının ərazisində Kapital Bankın bankomatı (ATM) quraşdırılıb və yaxın günlərdə ödəniş terminallarının qoyulması planlaşdırılır”.

E.Nuriyev qeyd edib ki, hazırda Ağdam Sənaye Parkında müxtəlif çeşidli sintetik xalça istehsalı, uniforma, xüsusi və fərdi geyimlərin istehsalı, polimer məhsulların istehsalı, günəş enerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam örtüklərinin istehsalı, prefabrik dəmir-beton məmulatlarının istehsalı üzrə ümumi beş potensial layihəyə baxılır:

“Bu layihələr üzrə 1 100 nəfərdən çox şəxsə yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bizə təqdim edilən biznes planlarına baxılır və rezidentlik statusu veriləndən sonra onlar fəaliyyətə başlaya biləcək”.

Daha çox xəbərlər