Mümkünsüzü mümkün edən Ümummilli Lider -Heydər Əliyev
Ulu öndərin əziz xatirəsi yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd olunur
Bu gün, 12 dekabr tarixi, bütün həyatını milli dövlətçiliyimizin yaradılmasına, intişar tapmasına həsr edən ümummilli lider Heydər Əliyevin həyatla cismani vidalaşdığı gündür. 90-cı illərdə yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycan özünün təbəddülatlar dövrünü yaşayırdı. Hər yeri bürüyən xaos, siyasi böhran, fəlakət həddinə çatmış sosial-iqtisadi vəziyyət ölkəni tamamilə parçalanmaq, bir dövlət kimi məhv olmaq dilemması ilə üz-üzə qoymuşdu. Nəhayət, tarixin yaratdığı növbəti bir şansı əldən vermək istəməyən Azərbaycan xalqı təcrübəli, qətiyyətli siyasi lider kimi böyük siyasət adamı Heydər Əliyevə müraciət etdi. Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda 1969-1982-ci illəri xarakterizə etmək olduqca vacibdir. Böyük öndərin 1969-cu ildən respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başladı. Onun rəhbərliyi ilə qısa zaman ərzində iri sənaye müəssisələri inşa edildi, təsərrüfat, elm və təhsil sahələrində ciddi islahatlar aparıldı. Vaxtilə, keçmiş SSRİ məkanında hər hansı bir inkişaf göstəriciləri ilə tanınmayan Azərbaycan, çox keşmədi ki, bütün meyarlar üzrə böyük nailiyyətlər əldə etdi.
Zaman keçdi və nəhayət 90-cı illərdə ölkəni bürüyən xaosdan cana yığılan milyonlarla insanın ona olan ümidlərini yüksək qiymətləndirən Heydər Əliyev 1993-cü ildə Bakıya döndü və siyasi hakimiyyətinin tamamilə fərqli, yeni bir dövrü başlandı. Ölkədə anarxiya, xaos baş alıb gedir, torpaqlarımız mənfur Ermənistan tərəfindən işğala məruz qalırdı. Məhz bu böyük insanın siyasi əzmi, dövlətçilik təcrübəsi sayəsində 1994-cü ilin qışında Azərbaycan Ordusu cəbhədə ilk uğurlu əməliyyatlarına imza atdı. Tam əminliklə demək olar ki, 2016-cı ilin aprel döyüşlərində və 44 günlk Vətən Müharibəsində qazanılan tarixi qələbə ordu quruculuğunda Heydər Əliyev strategiyasının məntiqi sonluğu idi. Təsadüfi deyil ki, böyük dövlət adamı ömrünün son günlərində Azərbaycan xalqına müraciətində İlham Əliyevin şəxsiyyətini xarakterizə edərkən demişdir: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək”.
Ümumiyyətlə, ümummilli liderin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi xalqımız üçün tükənməz bir sərvətdir. Məhz onun uzaqgörənliyi, müdrikliyi, qətiyyəti və dəmir iradəsi sayəsində Azərbaycan bügünki inkişaf və tərəqqi dövrünü yaşayır. Bütövlükdə onun şəxsiyyətini xarakterizə edən böyük elm adamlarının qənaətincə Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Siyasi analitiklər Heydər Əliyevin bütün zamanlarda sərgilədiyi siyasi əzmin və cəsarətin bir insan iradəsinə necə sığışdığını izah etməkdə belə çətinlik çəkiblər. Bu mənada, yaxın keçmişə nəzər salsaq, 1990-cı ilin yanvarında SSRİ rəhbərliyinin Bakıda qanlı faciə törətməsini ifşa edən Ulu Öndər o ağır günlərdə millətimizə tək və köməksiz olmadığını hiss etdirdi. Olduqca bu ağır dönəmdə böyük təzyiq və hətta fiziki məhv edilə biləcəyini belə gözə alan böyük dövlət adamı, bununla da Azərbaycana olan tükənməz sevgisini sərgiləmiş oldu. Nəticə etibarilə, Naxçıvanda rəhbərliyi dövründə üç rəngli milli bayrağımız ilk dəfə dövlət bayrağı kimi qəbul olundu və 20 yanvar faciəsinə siyasi qiymət verildi. Bütün bunlar onu deməyə əsas verir ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədi yaşayacaqdır. Ümummilli liderin digər böyük uğurlarından biri də daxili və xarici qüvvələrin Azərbaycanda bir neçə dəfə dövlət çevrilişi, sui-qəsd və təxribat törətmək kimi cəhdlərinin qarşısının alınması ilə bağlıdır. Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. SSRİ-dən miras qalmış totalitar rejimə xas olan qanunlar sivil və demokratik cəmiyyət quruculuğuna təminat vermirdi. Hüquq sisteminə müstəsna əhəmiyyət verən ümummilli lider Heydər Əliyev qısa müddətdə bu sahədə də böyük uğurlara imza atdı. Eyni zamanda, senzuranın aradan qaldırılması, yüzlərlə mətbuat orqanının sərbəst nəşr olunması, radio və televiziya kanallarının yayımlanması demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verdi. İnsan haqlarının qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşuldu. Daha sonra Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəza növü ləğv edildi, əfv və amnistiya institutları yaradıldı. Bir sözlə 1993-2003-cü illər ərzində Heydər Əliyev “siyasət mümkün olanı etmək deyil, mümkünsüzü bacarmaq sənətidir” məşhur kəlamda deyildiyi kimi xalıqı üçün mümkünsüz görünən bütün çətinliklərin öhdəsindən uğurla gəldi. Böyük siyasətdə böyük zirvələr fəth etmiş Ulu Öndər haqqında məşhur simaların heyranlıqla söylədikləri bu gün də danışılır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “türk dünyasının tanınan və sevilən lideri”, ABŞ-ın sabiq Prezidenti Corc Buşun “şəksiz lider”, Rusiya Prezidenti Vladimir Putinin “siyasi nəhəng”, Fransanın sabiq Prezidenti Jak Şirakın “qeyri-adi şəxsiyyət” adlandırdıqları Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi qürur və iftixarla xatırlanır. Heydər Əliyev ideal ailə başçısı kimi də xalqımıza və millətimizə hər daim nümunə və örnək olmuşdur. O öz ailəsinə göstərdiyi qayğı və diqqətlə daim seçilib, milli dəyərlərimizin qarantı kimi ailənin müqəddəsliyinə böyük önəm vermişdir.
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilmiş, qarşıya qoyulan əsas məqsəd və hədəflərə demək olar ki, nail olunmuşdur. Onun ən böyük arzusu, illərdən bəri işğalda olan torpaqlarımız özü qədər güvəndiyi müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş, Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün də Ümummilli Liderin əziz xatirəsi hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş şəkildə qeyd olunur.
Şeyda Əzizova
“AranMedia” qəzetinin baş redaktoru

