Fizika müəllimi qətl törədib?
Prokurorluq Yevlaxda 8 ay əvvəl baş verən qətl barədə məlumat yayıb.
ARANTV.AZ xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Göygöl rayon Polis şöbəsinin İstintaq bölməsində istintaq olunan iş üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Hüseynov Elnur Rasim oğlunun 14.04.2021-ci il tarixdə Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızının yanaraq ölməsi faktına görə Yevlax rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə həmin hadisədə iştirakının olub-olmaması istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İctimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, 1968-ci il təvəllüdlü Səidə Hüseynova bu il aprelin 14-də rayonunun Aşağı Bucaq kəndində özünə məxsus cücə sexində baş verən yanğın zamanı çoxsaylı yanıq xəsarətləri alaraq hadisə yerində həlak olub.
Hadisə ilə bağlı aparılan ilkin araşdırmadan sonra yanğının ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilib.
Mərhumun bacısı Rahilə Əhmədova isə yanğın baş verən gündən hadisənin qəsdən, tamah niyyəti ilə xüsusi amansızlıqla törədildiyini iddia etmişdi.
Hadisə mərhum Səidə Hüseynovanın bacısı qızının əri Çaykənd kənd sakini Elnur Hüseynov tərəfindən qəsdən törətdiyi barədə əsaslı şübhələr müəyyən edilib.
Əvvəllər kənd məktəbində Fizika müəllimi işləmiş E. Hüseynov bundan əvvəl də tamah məqsədi ilə müxtəlif hadisələr törədib. Ehtimala görə, Elnur Hüseynov sözügedən hadisəni törətmək üçün əvvəlcədən xüsusi plan hazırlayıb. Günlərlə S. Hüseynovanı izləyib mərhumun sexdə tək olduğu gün planını həyata keçirib.
Məlumata görə, E. Hüseynov şübhəli şəxs kimi saxlanıldıqdan sonra etiraf edib ki, həmin gün gecə sexə daxil olaraq əvvəlcə küt alətlə Səidə Hüseynovanın başından vuraraq yerə yıxıb. Sonradan isə onu bıçaqlayaraq qətlə yetirib. Mərhuma məxsus pul və qızıl-zinət əşyalarını götürdükdən sonra isə izi itirmək məqsədi ilə sexi yandıraraq ərazidən uzaqlaşıb.
Elnur Hüseynovun bundan əvvəl də oğurluq etdiyi yerlərdə izi itirmək üçün yanğın törədirmiş.

