Azərbaycan azad edilmiş ərazilərdə bərpa işlərində iştirak üçün 900-dən çox müraciət alıb
Azərbaycan azad edilmiş ərazilərdə bərpa işlərində iştirak üçün 921 müraciət alıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu zamanı deyib.
Nazir əlavə edib ki, Azərbaycan ərazilərinin azad edilməsi təkcə biznes üçün deyil, bütün regionun inkişafı üçün yeni reallıqlar yaradıb.
“Biz Qarabağda “ağıllı” texnologiyalar əsasında irimiqyaslı layihələr reallaşdırırıq. Bu gün bizə bərpa işləri ilə bağlı 921 müraciət daxil olub. Burada çoxlu sayda türk və gürcü şirkətləri var və müraciətlər daxil olmaqda davam edir”, – deyə o bildirib.
M.Cabbarov bildirib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasını gözləyir.
“Bu, Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşməsinə xidmət edəcək, eləcə də Türkiyə, Rusiya, İran və digər ölkələrə alternativ marşrutlar təklif edəcək. Həmçinin digər perspektiv maşrutlar yaradılır”, – M.Cabbarov deyib.

