Siyasət 

Yeni Qanun kimləri narahat edir? – Reket jurnalistikanın çəmbəri daralır

Bir müddət əvvəl Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişaf üçün məqsədli qərarlardan biri oldu. Yeni qanun layihəsi media qurumları və jurnalistlər üçün yeni imkanlar açır.

Belə ki, bu qanun layihəsi xəbər oğurluğunun qarşısının alınması, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafına təşviq edəcəkdir ki, bu da rəqabət mühitinin formalaşmasına səbəb olacaq. 800-ə yaxın media eksperti və bu sahədə ixtisaslaşmış kadrlarla müzakirə nəticəsində hazırlanan Qanunda nəzərdə tutulan müddəalar eyni zamanda informasiya mühitinin şəffaflığına, daxili informasiya məkanının təhlükəsizliyinə, milli məhsul istehsalının stimullaşdırılmasına, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaqdır. Bu qanun layihəsi xüsusən də jurnalist etikasına, jurnalist peşəsinə xələl gətirən, reketçiliklə məşğul olan şəxslər üçün çox böyük bir sədd rolunu oynaya bilər.

Bu gün Milli Məclisin növbəti plenar iclasının gündəliyinə daxil edilən 17 məsələdən biri də məhz “Media haqqında” qanununun layihəsidir (birinci oxunuş). Bu məqamda birinci oxunuşu olacaq Qanun layihəsi artıq bəzi şəxsləri ciddi narahat etməyə başlayıb.

Lakin bir neçə adını jurnalist qoyan şəxslərin elə bu saatlarda Milli Məclisin binası qarşısında sözügedən qanun layihəsinə etirazını əks etdirən kadrları bəzi məqamları indidən qənşərə çıxartmağı bacardı. Maraqlısı orasındadır ki, qanun layihəsinin qəbul olunacağından narahatlığını açıq ifadə edən həmin 2, 3 şəxs nəyə etiraz etdiklərini heç özləri də bilmirlər. Kamerasını onlara tuşlayan şəxslərin təkrar-təkrar “Qanun layihəsində hansı bənd, hansı müddəa sizi qane etmir, orada yer alan hansı qərardan narazısınız?” sualından hər dəfəsində yayınmağa çalışan bu reket jurnalistlər özlərini gülünc obyektinə çevirməkdən başqa heç nə ilə yadda qalmadılar.

Azərbaycan mediası bu gülünc aksiyada sadəcə “yeni sima”, “yeni ad” eşitmiş oldu. Özlərini uzun illərin jurnalistləri adlandıran bu adların aksiyanı işıqlandıran reportyorlar tərəfindən təəccüblə qarşılanması, onları tanımamaları fəaliyyət aspektlərini bir daha bütün ictimaiyyətə car çəkmiş oldu. Belə ki, reket jurnalistikanın fəaliyyət çevrəsini və manevr imkanlarını kifayət qədər daraldacağı artıq ilk müddəalarından anlaşılan bu yeni Qanun layihəsi, görünür kimlərinsə jurnalist adı altında qara işlərlə məşğul olmasını, şantaj, hədə-qorxu ilə pul yığmaq fürsətini əlindən alacaq.

Qanuna etiraz olaraq “Biz Azərbaycan mediasından ötrü, media azadlığından ötrü savaşırıq” deyən şəxsə reportyorun ünvanladığı “Azad mətbuatın inkişafı üçün saytınızda hər hansı bir materiallarınız gedibmi?” sualına gülüşlə reaksiya verməsi fikrimcə elə bu aksiyanın ümumi görüntüsüdür.

Daha çox xəbərlər