Zəngəzur dəhlizi regionun simasını dəyişdirəcək layihədir
Azərbaycan Alyansın dəyərli tərəfdaşıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun mənzil-qərargahına 2004-cü ildən bu günə qədər yeddidəfə işgüzar səfərlərdə olması əməkdaşlığın dinamizmini göstərir.Azərbaycanın 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramında iştirakı böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı xidməti beynəlxalq təşkilatlar tərəfindən yüksək qiyməyləndirilir. Azərbaycan Əfqanıstandakı sülhməramlı missiyasına 2002-ci ildə başladı və cari ilin avqustun sonunda onu bitirdi. Azərbaycan hərbçiləri Kabul hava limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyəsində müstəsna rol oynayıb vəƏfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında idi. NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir. Alyansın 4 ölkəsi, o cümlədən Türkiyə Azərbaycandan qaz idxal edir və gələcəkdə bu ölkələrin coğrafiyası genişlənə bilər. Azərbaycan enerji təchizatı sahəsində etibarlı tərəfdaşdır.
Azərbaycanın səyləri regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Sülh razılaşması üzərində iş aparılmalı və düşmənçiliyə son qoyulmalıdır.
Azərbaycanın mülki vətəndaşları minalardan əziyyət çəkir və bu günə qədər 200-ə yaxın insan mina partlaması nəticəsində həlak olub və ya yaralanıb. Bu xüsusda Avropa İttifaqı və üzv dövlətlər tərəfindən Azərbaycana mina probleminin aradan qaldırılması üçün texniki və maliyyə yardımının göstərilməsi vacibdir.
Zəngəzur dəhlizi ilə bağlı kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapıb. Bu səbəbdən bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir. Üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda Azərbaycan Laçın dəhlizində eynisində israr edəcəkdir.
Zəngəzur dəhlizi təkcə Naxçıvan Muxtar Respublikasına çıxış əldə etmək deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Ermənistan həm də Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Regional nəqliyyat əlaqələrinin inteqrasiyası dövlətlər üçün yeni imkanlar qazandıracaqdır.
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının aparat rəhbəri

