Azərbaycan Ermənistanla sülh danışıqlarına hazırdır, amma…
Dekabrın 14-də Prezident İlham Əliyev Belçikanın Brüssel şəhərində İspaniyanın “El Pais” qəzetinə müsahibə verib.
Dövlət başçısı müsahibə zamanı bildirib ki, Ermənistan qisas almaq cəhdlərindən vaz keçmir: “İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu. Məğlubiyyət onların otuz ildir davam edən “yenilməz ordu”, “əsgər və komandirlərin cəsarəti” haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq bizim 44 günlük müharibədə geri almadığımız əraziləri geri qaytarmağa razılıq bildirdilər. Buna görə də Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür. Onlar dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər.”
Azərbaycanın 44 günlük Birinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbə regionda yeni reallıq yaradıb. Tarixi Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun böyük qəhrəmanlığını, Azərbaycan xalqının iradəsini, vətənpərvərliyini, böyüklüyünü bütün dünyaya çatdırmış oldu.
Dinc şəkildə ədalətə və beynəlxalq normalara uymayan Ermənistan Azərbaycanın hərbi gücü ilə buna məcbur edildi. Azərbaycan Prezidenti eyni vaxtda həm diplomatik, həm hərb arenasında, həm də informasiya müharibəsi meydanında bütün qüvvələri vahid hədəfə yönəltməyin uğurlu nümunəsini yaratdı. 44 gün ərzində 30 illik təcavüz, işğal və etnik təmizləmə siyasətinin qanunsuz nəticələrini ləğv etmək Azərbaycan tarixinin həqiqətən şanlı səhifəsidir. Prezident İlham Əliyev haqqımızı, ədaləti dünyaya böyük məharətlə çatdıraraq böyük nəticələri əldə etdi. Azərbaycanın ədalətli mövqeyni dəstəkləyən ölkələrin sayı daha da artdı. Azərbaycan dövləti Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində qalib gəldiyi Vətən müharibəsindən daha da güclənərək çıxdı.
Prezident İlham Əliyev müsahibə zamanı həmçinin bildirib ki, Ermənistanın ərazisinə Azərbaycanın hər hansı bir səbəb olmadan müdaxilə etməsi ilə bağlı rəsmi İrəvanın iddiaları əsassızdır: “Azərbaycan və Ermənistan arasında dövlət sərhədi təyin olunmayıb. Buna səbəb 1990-cı illərin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin işğalının baş verməsidir. Ötən ilin noyabrında İkinci Qarabağ müharibəsi bitəndə ərazidə iqlim şəraiti əlverişsiz idi. Qar əriməyə cari ilin may ayında başladı və dərhal Azərbaycan Ordusu dövlət sərhədinə tərəf hərəkət etməyə başladı. Sərhədin haradan keçməsi ilə bağlı olan anlayışımıza əsasən, ordumuz dövlət sərhədində mövqe tutdu.
Belə ki, hər zamanki kimi rəsmi İrəvan Azərbaycana qarşı əsassız iddialar irəli sürməkdə davam edir. Azərbaycan Ordusu hazırda hər zamanki kimi öz suveren ərazisindədir. Sözsüz ki, işğalçı Ermənistan belə əssassız iddialar irəli sürməklə yenə də beynəlxalq ictimaiyyəti aldatmağa yönəlik addımlar atır. Bütün bunlar isə ondan xəbər verir ki, Ermənistanda hələ də revanşizm hissi ilə alışıb-yanan qüvvələr var. Ancaq onların bütün bu cəhdləri məhvə məhkumdur. Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, görsək ki, erməni faşizmi baş qaldırır onların başını bir daha əzəcəyik.
Ermənistanın Azərbaycanla sülh sazişini imzalamağa hazır olmaması, təxribatlar törətməsi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin atəş açması rəsmi İrəvanın regionda sabitliyi yenidən pozmağa cəhdi kimi də dəyərləndirlə bilər.
Dövlət başçısı İlham Əliyev qeyd edib ki, bütün təhdid yarada biləcək cəhdlərin qarşısı alınacaqdır: “Azərbaycan sülhün tərəfdarıdır. Ona görə də Azərbaycan rəsmi İrəvanın manevrlərini, yenidən qruplaşmalarını və təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün cəhdlərini izləyir. Bütün təhlükələr dərhal aradan qaldıracaqdır.”
Müharibədən sonra Ermənistan tərəfdə yenidən revanşist qüvvələrin baş qaldırması bir daha təsdiqləyir ki, ermənilər hələ bu müharibədən nəticə çıxarmayıblar. İqtisadi çöküş yaşayan, müharibənin fəsadlarını aradan qaldıra bilməyən bu ölkənin absurd fikirləri həqiqətən gülünc doğurur.
Dövlət başçısı da dəfələrlə vurğulayıb ki, biz müharibə istəmirik. Amma revanşistlər unutmamalıdırlar ki, dəmir yumruq yerindədir. Bu gün Azərbaycan bütün istiqamətlər üzrə inkişafını davam etdirən, hərbi qüdrətini daha da gücləndirən qabaqcıl ölkələrdən biridir. Bu baxımdan ermənilərin revanşist fikirləri sadəcə xəyal olaraq qalacaq. Ermənistan təkcə döyüş meydanında deyil, bütün istiqamətlərdə məğlub oldu. Ermənistanın yeganə çıxış yolu Azərbaycanın sülh çağırışlarına müsbət cavab verməkdir. Əks halda Ermənistanın mövcudluğu sual altında qalacaq.

