Gündəm 

Füzulidə 8 aya hava limanı tikən Azərbaycan…

Hərbi ekspert: “Mina təmizlənməsi sahəsində də rekorda imza atacağıq”

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu günlərdə jurnalistlərə açıqlamasında deyib ki, hazırda azad edilmiş ərazilərdə minaaxtaran mütəxəssislərin sayının artırılması prosesi də davam etdirilir. Həmçinin minaaxtaran robotların alınması ilə bağlı işlər aparılır. Onu da qeyd edib ki, ərazi yaşıllıq olanda mina axtarışı çətinləşir, payız-qış mövsümündə isə əksinə, otlar quruyur və işlər sürətlənir.

“Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqliyi 20 faizdən azdır”. Bunu isə srağagün baş nazirin müavini Şahin Mustafayev deyib. “Qarabağın bərpası, ”yaşıl” texnologiyalar əsasında infrastrukturun yaradılması üzrə işlər davam edir. İşlər çoxlu sayda minaların olması ilə əlaqədar ləngiyir. Minalardan təmizlənmə prosesi fəal şəkildə davam edir”, – nazir müavini qeyd edib.

Bu arada ANAMA ilə Britaniyanın MAG şirkəti ilə anlaşma memorandumu imzalayıb.

Göründüyü kimi, hökumət bütün mümkün, hətta qeyri-mümkün vasitələrdən istifadə edir, böyük xərclər çəkir ki, mina təmizlənməsi işi on illərlə çəkməsin, torpaqlar daha tez məskunlaşdırılsın. Heç şübhəsiz, bu, Azərbaycan dövləti üçün bir milli məsələ, imic məsələsidir. Hərçənd bəzi pessimistlər buna şübhə ilə baxır. Bunu həm də onunla əsaslandırırlar ki, Azərbaycan dünyada ərazisində ən çox mina basdırılmış 3 ölkədən biri sayılır.

Bəs Füzulidə 8 aya hava limanı tikməklə dost-düşmənləri təəccübləndirən Azərbaycan mina təmizlənməsində də rekorda imza ata bilərmi? Qış aylarında sürət necə olacaq?

Şair Ramaldanov: “Bu gün əsgər anaları təmkin nümayiş etdirir, deyirlər ki,  təki Vətən sağ olsun!”

 Şair Ramaldanov

“Yeni Müsavat”a danışan hərbi ekspert Şair Ramaldanov bildirib ki, Azərbaycan dövləti bu işə həqiqətən də xüsusi diqqət ayırır: “Minaları təmizləmək üçün xüsusi mütəxəssis və texnika lazım gəlir. Azərbaycan Türkiyə və Çexiyada istehsal olunan məsafədən idarə edilən texnikalar alıb. Həmin texnikalar hazırda da ərazidə minaların təmizlənməsi işində istifadə edilir. Digər tərəfdən, bu sahə üzrə müxtəlif kurslara cəlb edilən heyət var. Həmin mütəxəssislər də minalanmış sahələrin təmizlənməsi işinə cəlb olunublar. Əlbəttə ki, Müdafiə Nazirliyinin də müvafiq qurumları bu prosesdə iştirak edirlər. Hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən alay yaradılır və bu alay minalı sahələrin təmizlənməsi işinə baxır. Demək istəyirəm ki, getdikcə bu sahəyə insanların və texnikanın cəlb edilməsi genişlənir. Həm Füzuli Hava Limanının ərazisi, həm də çəkilən yolların keçdiyi yerlər qısa müddətdə minalardan təmizləndi. Yəni birinci növbədə mina sahələri məhz infrastrukturun inkişafı perspektivinə bağlıdır. Əsas istiqamətlər əvvəlcədən planlı şəkildə nəzərdə tutulur, təmizlənir. Sonra isə bu, davam etdirilir. Düşünürəm ki, mina təmizlənməsi sahəsində də Azərbaycan rekord vuracaq”.

Ekspert bildirib ki, hava şəraiti mina sahələrinin təmizlənməsi işinə mənfi təsir edir: “İsti hava ilə qış havasını bir tutmaq olmaz. Qarlı, şaxtalı, yağışlı havada mina sahələrinin təmizlənməsi işi məhdudlaşır. Tam dayandırılmır, lakin sürət azalır. Ümumiyyətlə, mina sahələrinin təmizlənməsi mina istehsalından qat-qat bahadır. Əgər mina istehsalı 30-100 dollar arası ola bilərsə, mina sahələrinin təmizlənməsi 300-1000 dollardır. Bütün bunlara baxmayaraq Azərbaycan marağındadır ki, mina sahələri maksimum qaydada təmizlənsin. Çətinlik yaradan səbəblərdən biri də budur ki, Birinci Qarabağ savaşı zamanı hər iki tərəfdən binalar yerləşdirilib. Mina sahələrinin demək olar ki, qeydiyyatı aparılmayıb və pərakəndə şəkildə olub. Biz minalı ərazinin təmizlənməsindən danışırıqsa, bütün azad edilən əraziləri nəzərdə tuturuq. Doğrudur, bununla bağlı müəyyən təhlillər aparılır. Orada müəyyən hesablamalar mövcuddur. Düşmən müharibə zamanı geri çəkilən zaman da pərakəndə şəkildə mina basdırıb. Mütəxəssislər bunları qeydiyyata almayıblar. Ona görə də xəritələr haqqında danışan zaman lazım olan informasiyaları 20-25 faiz kimi qiymətləndiririk. Bu da o deməkdir ki, yalnız xəritədən istifadə etmək insanları təhlükəyə atmaq deməkdir. Biz minalı sahələri özümüz tapıb, özümüz də təmizləyirik. Buna görə də düşünürəm ki, proses bir qədər zaman aparacaq. Hazırda da insanlar arasında  maarifləndirmə işləri gedir, ərazidə işarələr qoyulur. Bu, çox vacib haldır”.

Daha çox xəbərlər