Gündəm 

Bakı Krım tatarlarını Rusiya əsirliyindən qurtarsa… – Zelenskinin Əliyevdən xahişinə fərqli mövqelər

Ukrayna Prezidenti Vladimir Zelenski azərbaycanlı həmkarı İlham Əliyevdən Krım və Donbasda əsir düşən ukraynalıların azad edilməsi prosesində iştirakı xahiş edib. “Yeni Müsavat” bildirir ki, Brüsseldə görüşən prezidentlərin söhbəti əsnasında Zelenski Əliyevin yardımını istəyib. Görünür ki, o, Azərbaycan Prezidentinin Rusiya lideri Vladimir Putinlə bu haqda danışacağına ümid edib.

“Rusiyada qanunsuz saxlanılan Ukrayna vətəndaşlarının, ilk növbədə Krım tatarlarının azad edilməsi məsələsi mənim əsas prioritetlərimdən biridir”, – deyə Zelenski Əliyevdən kömək istəyib. Bəllidir ki, Əliyevin Putinlə şəxsi münasibətləri kifayət qədər yüksək səviyyədədir. Və bunu Zelenski də bilir. O zaman İ.Əliyev onun istəyini Rusiya liderinə çatdıra bilərmi və çatdırarsa, nəticə necə olar?

Hər halda Ukrayna lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan da eyni xahişi etmişdi. Amma Ukrayna Azərbaycana müraciət edirsə, bu o deməkdir ki, Qərb artıq Avrasiyaya diktə edə bilmir. Zelenski Baydendən də Donbasda əsir saxlanılan 450 ukraynalının azad edilməsinə yardım etməsini xahiş edib.

Bildirilib ki, Zelenski ukraynalı girovların adının qeyd olunduğu siyahını Ağ Ev administrasiyasına təqdim edib. Lakin Azərbaycana və Türkiyəyə müraciətin səbəbi Türk dünyasının güclənməsi ilə bağlıdır. Sözsüz ki, Ukrayna da anlayır ki, slavyan ittifaqı olmadığı halda, bu ittifaqa kömək edə biləcək türk alyansı var. Bu baxımdan Kiyev Türk alyansından öz maraqlarına uyğun şəkildə istifadə etməyə çalışır.

Ümumiyyətlə, Ukrayna Azərbaycanla oxşar problemlərlə qarşılaşıb. Dünyanın bir çox yerlərində münaqişə ocaqları var və bütün ölkələr öz ərazilərinin suverenliyini təmin etmək istəyirlər. Bu kimi məsələlərdə Azərbaycan – Ukrayna münasibətlərində müttəfiqlik mövqeyi sərgilənə bilər. Lakin qonşu Rusiyanın maraqlarına zidd olmamaq şərti ilə…

Bəs Bakı bu prosesdə müsbət rol oynaya bilərmi? Kreml bizim xahişimizi necə qarşılayacaq? Hər halda bir var, Putinə onunla soyuq münasibəti olan Bayden ağız açsın, bir də var, yaxşı dostluq əlaqələrində olduğu Əliyev…

Ümumiyyətlə, bu günə kimi bir neçə dəfə əsirlərin dəyişdirilməsi prosesi baş verib. Lakin 450 əsir hələ də Rusiyadadır. Moskvanın Bakıdan erməni əsirlərin İrəvana qaytarılması üçün etdiyi xahişləri Azərbaycanın nəzərə alması, sülhməramlıların keçmiş komandanı Rüstəm Muradovun onları Ermənistana təhvil verməsi Moskvanın yaddaşından silinmiş deyil. Bu mənada Kreml indi ukraynalı əsirlər üçün bizim xahişimizi nəzərə ala bilər. Görəsən Qərbi eşitməyən Moskva Bakıya pozitiv cavab verəcəkmi?

Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı

Asim Mollazadə: “Baydenə, Ərdoğana da müraciət edib, Azərbaycan da səsini ucalda bilər, amma…”

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, Türkiyə Prezidenti də bu istiqamətdə müəyyən addımlar atıb:  “Azərbaycan da səsini ucalda bilər. Amma nəticə olacağına inanmıram. Hazırda vəziyyət elədir ki, repressiv addımlarla Krım hərəkatı məhv edilməkdədir. Ona görə Rusiya-Ukrayna gərginliyi davam edir, gedişat vəziyyətin ağır olduğunu göstərir. Bu baxımdan yaxın müddətdə hansısa dəyişiklik gözləmirəm”.

Deputat qeyd etdi ki, Zelenski Baydenə, Avropa Birliyinə, dünya ölkələrinə də çağırışlar edib: “Heç bir nəticəsi olmayıb. Çünki nə vaxtında yaradılan format davam etdirilmir, nə refrezirator rolu daşıyan Minsk Qrupu kimi bir format bir iş görür, əksinə, vəziyyəti dondurmaqdadır. Ona görə Rusiya-Ukrayna arasında bu proses hələ davam edəcək”.

Ramil Məmmədli: “Orta hesabla erməni silahlı qüvvələrinin əsgər itkisi 10  min nəfərdən çoxdur” - Azinforum.az İnformasiya Portalı

Ramil Məmmədli: “Təyyarə skandalında Moskva-Ankara arasında Bakının hansı rolu oynadığını yaxşı xatırlayırıq”

Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, hər bir hadisədə şəxsi münasibətlər və xarakter xüsusi rol oynayır: “Nəzərə alsaq ki, Donbasda gedən proseslərdə birbaşa Putinin tapşırıqları icra olunur, belə olan təqdirdə onun istəklərini müzakirə etmək lazımdır. Rusiya lideri hər zaman bildirir ki, onun üçün şəxsi münasibətlər əsas yer tutur. Bu baxımdan Putinin Azərbaycanın dövlət başçısı ilə olan şəxsi əlaqələri rol oynaya bilər. Bundan başqa, 2014-cü ildə Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra Moskva-Ankara arasında gərginliyin azaldılmasında Bakının hansı rolu oynadığını yaxşı xatırlayırıq. Ona görə Prezident İlham Əliyevin ukraynalı əsirlərin azad edilməsində vasitəçiliyi gözləniləndir. Güman edirəm ki, Putin Rusiya dövlətinin maraqları nəzərə alınmaqla konstruktiv addım ata bilər. Hər halda Azərbaycan Prezidentinin nüfuzu, onun Rusiya ilə xoş münasibəti müsbət nəticə verə bilər. Bu, həm də Azərbaycanın bölgədə nüfuzunun daha da yüksəlməsinə səbəb olacaq”.

Asif Nərimanlı: “Ermənilərin bir hədəfi də əsgərimizi əsir götürmək olub” -  JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı: “Əliyev buna nail olarsa, Azərbaycanın bölgədə rolunu gücləndirə bilər”

Siyasi təhlilçi Asif Nərimanlının sözlərinə görə, Kiyev Bakının Moskva ilə bunu müzakirə etmək imkanının olduğunu anlayır: “Əliyev buna nail olarsa, Azərbaycanın bölgədə rolu güclənə bilər. Və bu, Bakı və Ankaranın Rusiya-Ukrayna məsələsində vasitəçi ola bilməsi üçün də qapı açar”.

Daha çox xəbərlər